Prezident və xanımı Ağdamda açılışlar etdi - Foto

Gündəm / Siyasət
14-02-2022, 10:39 192
Prezident və xanımı Ağdamda açılışlar etdi - Foto

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonunda səfərdə olublar.

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Ağdam şəhərində yeni inşa olunmuş “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak ediblər.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, işğaldan azad edilən Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” ASC tərəfindən “Xındırıstan” yarımstansiyasından 35 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilib. Demək olar ki, xətt tam minalanmış ərazidən keçib. Bəzi yerlərdə minalar arasından bir neçə metr enində cığır açılaraq bu çətin vəzifə icra edilib. Ən əsası isə Ağcabədidən Xındırıstana, oradan da “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına qədər ümumilikdə 63 kilometr məsafədə 110 kilovoltluq xəttin üzərində ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi üçün 24 damarlı fiberoptik kabel çəkilib. Bununla da Ağdama təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürmə qabiliyyətli sürətli internet xətti gətirilib.

Məlumat verildi ki, Ağdam rayon mərkəzində yaradılan böyük və müasir enerji kompleksinin bir hissəsində 110 kilovoltluq açıq və 35, 10 kilovoltluq qapalı paylayıcı qurğuların yerləşdirildiyi inzibati bina da daxil olmaqla, yeni 110/35/10 kilovoltluq “Ağdam-1” yarımstansiyası tikilib. “Ağdam-1” yarımstansiyası tam rəqəmsallaşdırılaraq avtomatlaşdırılıb. Yarımstansiyada aktivlərin, proseslərin, resursların idarə edilməsi, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, sistemin monitorinq və analizinin, problemlərin tez həllinin proqram təminatı vasitəsilə avtomatik həyata keçirilməsi təmin olunub.

Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradılıb. Rəqəmsal İdarəetmə Mərkəzinin binası Operativ Qərargahın şəhərsalma işçi qrupu tərəfindən təsdiq edilmiş müasir üslubda hazırlanmış memarlıq layihəsi əsasında inşa olunub.

Dövlətimizin başçısı Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzində “Ağdam-1” elektrik yarımstansiyasının açılışını etdi.

Bildirildi ki, Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə regiondakı bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin monitorinqi, önləyici analizlər, açılıb-qoşulmalar, tənzimlənmələr və başqa əməliyyatlar avtomatik şəkildə həyata keçirilir. Ölkə üzrə 2500 kilometr məsafədə çəkilən optik kabel şəbəkəsi üzərindən qurulan yeni sistem vasitəsilə nəinki Qarabağın, bütövlükdə Azərbaycanın enerji sistemi əhatə olunur. Rəqəmsal İdarəetmə Mərkəzindən obyektlərin monitorinqi aparılmaqla, parametrlərdə düzəlişlər edilməsi imkanı yaradılıb. Bu da serverlərin, o cümlədən digər şəbəkə aktivlərinin istismarı üzrə məlumat axınına nəzarət və onun idarə olunmasını mümkün edir. Yeni tətbiq olunan elektron texniki pasportlaşma nəticəsində Mərkəzdən “Azərenerji” ASC-nin struktur tərkibinə daxil olan istənilən müəssisənin nəzdindəki avadanlığın texniki göstəricilərinə və formullarına nəzarət etmək mümkündür.

Həmçinin Qarabağ üzrə Operativ Qərargaha təqdim edilən və ali rəhbərlik tərəfindən təsdiqlənmiş memarlıq layihələri, xətlərin keçdiyi yerlər, icazələr sənədləşdirilərək elektron qaydada sistemləşdirilib. Satınalmalar prosesinin rəqəmsallaşdırılması balans və qalıq dəyərlərinin dəqiq uçotunun aparılmasına, materialların naviqasiyalı hərəkətinin izlənməsinə, israfçılığın aradan qaldırılmasına və səmərəliliyin artırılmasına imkan verib. Nəticədə avadanlığın təmiri, daşınması, qəzaların aradan qaldırılması xərcləri, ehtiyat hissələrinin alınması və başqa sahələrdə səmərəlilik orta hesabla 30 faiz yüksələrək böyük həcmdə maliyyə vəsaitinə qənaət edilib.

Qarabağ Rəqəmsal İdarəetmə Mərkəzinin ərazisində elektrik avadanlığının təmiri sahəsi, xüsusi təyinatlı maşın və mexanizmlər üçün qaraj, anbar binası və mühəndis yataqxanası da daxil olmaqla, digər xüsusi təyinatlı binalar tikilib.

"Ağdam-1" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin ətrafındakı 2,5 hektarlıq ərazidə yaşıllıq zolağı və meyvə bağı salınıb, xüsusi suvarma sistemi qurulub.

Dövlətimizin başçısına məlumat verildi ki, Ağdam rayonunun Əsgərana yaxın Şelli kəndi istiqamətində yeni 110/35/10 kilovoltluq “Ağdam-2” yarımstansiyası da inşa edilib. Bir neçə ay ərzində minalardan təmizlənmiş ərazidə dördüncü sənaye inqilabının yaratdığı texnoloji yeniliklərə uyğun olaraq süni intellektə adaptasiya edilən enerjisistem şəbəkəsi konsepsiyası çərçivəsində müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış yarımstansiya tikilib. Burada 110 kilovoltluq açıq paylayıcı qurğu yaradılıb, açarların, ayırıcıların və digər texniki avadanlığın açılıb-qoşulması, o cümlədən aktivlərin, proseslərin, resursların idarə edilməsi, qüsurların təcili aradan qaldırılması və başqa əməliyyatların proqram təminatı vasitəsilə avtomatik həyata keçirilməsi təmin edilib. Yarımstansiyanın yeni tikilən İdarəetmə Mərkəzi isə 35 və 10 kilovoltluq rəqəmsal qapalı paylayıcı qurğular yerləşdirilməklə yanaşı, əks-qəza avtomatikası, mikroprosessor tipli rele mühafizəsi, avtomatika və idarəetmə panelləri, sabit və dəyişən cərəyan qurğuları ilə təmin edilib. Yarımstansiyada müasir tələblərə cavab verən micro-SCADA sistemi yaradılıb və “Azərenerji”nin mərkəzi SCADA sistemi ilə sinxronlaşdırılıb.

Prezident İlham Əliyev "Ağdam-2" yarımstansiyasını məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sistemi vasitəsilə işə saldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam Sənaye Parkında iki müəssisənin təməlinin qoyulması mərasimində iştirak ediblər.

İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifəsini icra edən Elşad Nuriyev dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verdi.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin tətbiqi - sənaye zonalarının (sənaye parkları və məhəllələri) yaradılması xüsusi önəm kəsb edir. Sənaye zonaları sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm amilə çevrilir.

Qeyri-neft sektorunun inkişafına mühüm töhfə verən sənaye parklarında sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Hazırda Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları fəaliyyət göstərir. Dövlətimizin başçısının 2021-ci il 28 may tarixli Fərmanına əsasən Ağdam, 4 oktyabr tarixli Fərmanı ilə Araz Vadisi İqtisadi Zonası sənaye parklarının yaradılması nəticəsində ölkəmizdə sənaye parklarının sayı 7-yə çatıb.

Regionların, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafında sənaye məhəllələri də əhəmiyyətli rol oynayır. Hazırda ölkəmizdə 5 sənaye məhəlləsi – Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri fəaliyyət göstərir.

Sənaye zonaları üzrə indiyədək 90 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i istehsal fəaliyyətinə başlayıb. Sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə olunur. 2021-ci ildə 2,4 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 15,5 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə xüsusi çəkisi 30,8 faiz (959,3 milyon manatlıq ixrac) təşkil edib. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 35-dən çox ölkəsinə ixrac edilir.

Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, regionda mövcud yeni reallıqlar və əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. azad edilmiş ərazilərimizə investor marağını da artırır. Ağdamın Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir.

Məlumat verildi ki, Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.

Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. İlk olaraq Parkın ərazisinin minalardan və hərbi sursatlardan təmizlənməsi işlərinə başlanılıb və artıq 190 hektar ərazinin 74 hektardan çoxu mina və hərbi sursatlardan təmizlənib, qalan ərazilərdə isə hazırda təmizləmə işləri aparılır. Rezidentlər fəaliyyətə başlayanadək Sənaye Parkında bütün lazımi şərait yaradılacaq. İşçilərin rahatlığının təmin edilməsi məqsədilə artıq Sənaye Parkında mobil tipli şəhərcik salınıb. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri görülüb. Parkın ərazisində bankomat quraşdırılıb.

Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb. Əraziyə 10 kilovoltluq elektrik xətti çəkilib və 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb. Belə ki, işğaldan azad olunduqdan sonra Ağdam şəhərində ilk elektrik enerjisi və su təchizatı sistemi Ağdam Sənaye Parkının ərazisində quraşdırılıb. Sənaye Parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.

Qeyd olundu ki, Ağdam Sənaye Parkının 74 hektar ərazisində topoqrafik planlama və mühəndis-geoloji tədqiqat işləri yekunlaşdırılıb. Topoqrafik planlama zamanı Parkın ərazisində dağılmış tikililərin geometrik ölçüləri müəyyən edilib və ərazidən daşınması nəzərdə tutulan tullantıların həcmi dəqiqləşdirilib. Geoloji-tədqiqat işləri zamanı isə Parkın ərazisində süxurların tərkibi və litoloji təsviri, fiziki və mexaniki xüsusiyyətləri müəyyənləşdirilib.

Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti bu Parkın rezidenti kimi qeydiyyata alınıb. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır. Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı, beton istehsalı, ağır texnikaya texniki xidmətin göstərilməsi və bununla əlaqədar olaraq bəzi metal ehtiyat hissələrinin bərpası və istehsalı, ortopedik matras və yumşaq mebellərin (divan və kresloların), kanalizasiya və içməli su borularının istehsalı və s. təqdim olunan layihələr üzrə əsas fəaliyyət istiqamətləridir.

Ağdam Sənaye Parkının rezidenti “Smartpoint” MMC burada reallaşdıracağı layihə çərçivəsində alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların istehsalını təşkil edəcək. Layihənin investisiya dəyəri 9,1 milyon manatdır. Layihə çərçivəsində yaradılacaq müəssisədə Türkiyə və İtaliya texnologiyalarından istifadə ediləcək. Müəssisədə ildə 21 min işıq dirəyi və 40 meqavat gücündə digər qurğuların istehsal olunması nəzərdə tutulur. “Smartpoint” MMC Sənaye Parkının rezidentləri üçün nəzərdə tutulan bütün güzəştlərdən (tam infrastruktur təminatı və vergi azadolmaları) faydalanacaq. Sənaye Parkının 1,3 hektar ərazisində inşa ediləcək müəssisədə 80 daimi iş yeri yaradılacaq. Yaxın vaxtlarda müəssisənin layihələndirmə işlərinə başlanacaq. Müəssisənin tikintisinə başlandıqdan sonrakı 6 ay müddətində istismara verilməsi nəzərdə tutulur. İstehsal edilən məhsulların daxili bazarda satılması ilə yanaşı, Gürcüstan, Qazaxıstan və Özbəkistana da ixrac olunması planlaşdırılır.

Digər rezident -“Dadaş-N” MMC Sənaye Parkında həyata keçirəcəyi layihə çərçivəsində müxtəlif çeşidli sintetik xalçalar istehsal edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində yaradılacaq müəssisədə il ərzində 700 min kvadratmetr xalça istehsal ediləcək. Məhsul istehsalında polipropilen, polietilen və poliakril kimi yerli xammaldan istifadə olunacaq. İstehsal prosesində Belçika və Çin texnologiyaları tətbiq ediləcək. “Dadaş-N” MMC də Sənaye Parkının rezidentləri üçün nəzərdə tutulan bütün güzəştlərdən yararlanacaq. Sənaye Parkının 2 hektar ərazisində inşa ediləcək müəssisədə 60 daimi iş yeri yaradılacaq. Müəssisənin tikintisinə başlandıqdan 24 ay müddətinə istismara verilməsi nəzərdə tutulur. İstehsal edilən məhsulların daxili bazarda satılmaqla yanaşı, MDB ölkələrinə ixrac olunması planlaşdırılır.

Dövlətimizin başçısı hər iki müəssisənin təməlini qoydu.

Beləliklə, yeni yaradılan sənaye zonaları, həmçinin Ağdam Sənaye Parkında yaradılan müəssisələr yerli istehsalın inkişafına təkan verməklə, bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişinə, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək.

***

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində inşa olunacaq “Park Forest Otel Ağdam” mehmanxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər.

“PMD Projects” MMC-nin İdarə Heyətinin sədri Nəriman Topçibaşev dövlətimizin başçısına və xanımına layihə barədə məlumat verdi.

Bildirildi ki, 2,16 hektar ərazidə inşa ediləcək “Park Forest Otel Ağdam” mehmanxanası 110 nömrədən ibarət olacaq. Mehmanxananın ərazisində əsas bina ilə yanaşı, konfrans mərkəzi, açıq havada üzgüçülük hovuzu, uşaq oyun meydançası, gəzinti yolları və istirahət zonaları yaradılacaq. Tikinti işlərinin 2024-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub.

Prezident İlham Əliyev otelin təməlini qoydu.

Qeyd edək ki, son illər Azərbaycanda turizmin inkişafı istiqamətində böyük işlər görülsə də, ölkəmizin ən böyük turizm potensialına malik Qarabağ bölgəsi işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan bu diyar Müzəffər Ali Baş Komandanın qətiyyəti və Ordumuzun rəşadəti sayəsində artıq düşmən tapdağından azad edilib. Qarabağın işğaldan azad olunmasından qısa müddət ötməsinə baxmayaraq, bu tarixi torpaqlarımızın dirçəldilməsi prosesi sürətlə davam etdirilir. Bu prosesdə diqqət yetirilən əsas sahələrdən biri də işğaldan azad olunmuş ərazilərimizdə turizmin inkişaf etdirilməsidir.

Strateji mövqeyinə görə Qarabağın giriş qapısı hesab edilən Ağdam rayonunda ən müasir standartlara cavab verən mehmanxananın inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin turizm potensialının inkişafına mühüm töhfə verəcək. Bu, həm də işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti göstəricisidir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdamda yeni yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və “PMD Projects” MMC-nin İdarə Heyətinin sədri Nəriman Topçibaşev dövlətimizin başçısına və xanımına inşa olunacaq kompleks barədə məlumat verdilər.

Qeyd olundu ki, ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binası inşa ediləcək. Mənzillərin ümumi yaşayış sahəsi 21 min 921 kvadratmetr olacaq. Kompleksin tikintisinin 2023-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub.

Prezident İlham Əliyev yaşayış kompleksinin təməlini qoydu.

Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdırmaq üçün tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ifadə etdiyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” ifadəsi Ağdam rayonunda yeni yaşayış kompleksinin təməlinin qoyulması ilə bir daha təsdiqini tapır. Otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan ağdamlılar üçün bu yaşayış kompleksinin təməlinin qoyulması onları bu arzularına daha da yaxınlaşdırır. Bu mərasim, eləcə də növbəti mərhələdə 0,86 hektar ərazidə daha 4 yaşayış binasının inşası ilə bağlı layihələndirmə işləri aparılması ağdamlılarda bu arzularının da olduqca qısa müddətdə reallaşdırılacağına qəti inam yaradır.

***

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olublar.

İşğaldan azad olunan ərazilərdə Heydər Əliyev Fondunun layihələrinin koordinatoru Sabiq Abdullayev dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid Ağdamın işğal altında olduğu müddətdə şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan yeganə tikilidir.

Cümə məscidinin bərpa-restavrasiyasına Heydər Əliyev Fondu tərəfindən başlanılıb. Layihənin icrası üçün Avstriyanın “Brugger&KO Restauratoren GmbH” şirkəti ilə müqavilə imzalanıb.

Bildirildi ki, ilk addımda örtük və sement birləşmələri tamamilə çıxarılacaq. Tarixi kərpiclərin zədələnməməsi və kompozitin divardan qopmaması üçün işlər əl ilə aparılacaq. Bərpa prosesinin ikinci mərhələsində fasadlar biogen böyümədən təmizlənəcək, zədələnmiş və ya qırılmış kərpiclər bərpa ediləcək, karxana daşı hörgüsü əhəng əsaslı birləşmiş məhlul ilə yenidən işarələnəcək.

Məscidin bişmiş kərpicdən hörülmüş iki minarəsinə spiralvari pilləkənlə qalxmaq mümkündür. Birinci mərhələdə qırıq birləşmələr, kafel başları və mövcud rəng nümunələri çıxarılacaq, ikinci mərhələdə minarələrin kərpic hörgülərinin biogen artımının qarşısı alınacaq, üçüncü mərhələdə isə kərpic başları bərpa olunacaq. Daha sonra rəng nümunələri və yazı zolaqları tarixi xüsusiyyətlərə uyğun olaraq mineral rəngli materialla bərpa ediləcək.

Tarixi görüntülərdən də göründüyü kimi, məscid əvvəlcə taxta dam örtüyü ilə örtülüb, kərpic günbəzlər damın altında havadan və küləkdən qorunub. İlkin mərhələdə damın bütün landşaftı son biogen artımından azad ediləcək, qübbələr üzərində qırılan hörgü birləşmələri və gips örtükləri çıxarılacaq.

Konservasiya zamanı çatışmayan, zəifləmiş və ya qeyri-sabit hörgü və tonoz konstruksiyaları yenilənəcək və ya birləşdiriləcək.

Namaz zalında birinci mərhələdə əsas kərpicdən başqa bütün gips çıxarılacaq və sonrakı iş mərhələləri üçün hazırlanacaq. Bütün otaqlarda əhəng əsasında yeni, üçqatlı suvaq sistemi tətbiq ediləcək, son qatda ilk versiyaya (ağ rəngli) uyğun mineral boya tətbiq olunacaq.

Məscidin mehrabı hazırda qəzalı vəziyyətdədir. Müvafiq olaraq, məscidin bərpası zamanı təxminən 2 metr hündürlüyə qədər torpaq sahəsində duzsuzlaşdırma tədbirləri həyata keçiriləcək.

Bərpa işləri bütövlükdə tarixi görünüşə uyğun olaraq həyata keçiriləcək.

Görülən işlərlə tanışlıqdan sonra dövlətimizin başçısı çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi bizə imkan verəcək ki, qısa müddət ərzində Ağdamı yenidən quraq, yaradaq. Bu gün Ağdamın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atılmışdır, bir neçə təməlqoyma mərasimi keçirilmişdir. Hesab edirəm ki, qısa müddət ərzində görülmüş işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq.

Bu gün Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Sənaye parkının təməl daşını mən keçən dəfə Ağdamda qoymuşdum, Müstəqillik Günündə qoymuşdum. Bu gün isə artıq ilk müəssisələrin təməli qoyuldu. Artıq 5 rezident vardır və onlar işə başlayırlar. Beləliklə, 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır. Bu, çox önəmli hadisədir. Ona görə ki, Ağdam şəhərinin gələcək inkişafı ilə bağlı planlarımızda, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Çünki burada yaşayacaq ağdamlılar işlə təmin olunmalıdırlar. İş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaq. Əminəm ki, yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaqdır. Azərbaycan iş adamlarına da mən bu gün burada – Ağdam Cümə məscidinin önündə çağırış edirəm ki, gəlsinlər həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə qoysunlar, vəsait qoysunlar. Çünki bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik. Əlbəttə, dövlət öz tərəfindən lazımi addımları atır və atacaq. Ağdam şəhərinin Baş planı hazırlanıb, Baş plan əsasında işlər görülür. Əlbəttə ki, özəl sektorun nümayəndələri bu işlərdə fəal olmalıdırlar.

Bu gün, eyni zamanda, iki yarımstansiyanın açılışı olmuşdur. Beləliklə, azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Bu gün Ağdamda mehmanxananın təməli qoyuldu. Müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Buraya böyük sayda gələcək qonaqlara indi şərait yaradılır. Əlbəttə ki, bu gün qeyd etdiyimiz hadisələrdən biri də yaşayış kompleksinin təməl daşının qoyulmasıdır. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma - iki ilə inşa ediləcək, bəlkə də ondan da tez və beləliklə, Ağdamın hərtərəfli inkişafı təmin olunacaq.

Bu gün, eyni zamanda, Ağdam Mərkəzi Şəhər Xəstəxanasının təməli qoyulur. Əlbəttə ki, 210 çarpayılıq xəstəxana ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq.

Keçən dəfə Ağdamda olarkən mən burada 1 nömrəli məktəbin təməlini qoydum. O məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Yəni, bir daha demək istəyirəm, kompleks tədbirlər görülür – elektrik enerjisi ilə təchizat, Ağdama qaz xətlərinin çəkilişi layihəsi indi işlənilir, içməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi builki İnvestisiya Proqramında vardır, yaşayış binaları, mehmanxana, iş yerləri. Yəni, bu, hərtərəfli inkişaf deməkdir. Elə bu gün açılışında və təməlqoyma mərasimində iştirak etdiyim obyektlərdə biz bu genişmiqyaslı işləri görə bilərik.

Bununla yanaşı, Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Hesab edirəm ki, avtomobil yolu təqribən bir ilə hazır olacaq. Mənim göstərişimlə Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq.

Bu işlər bir daha onu göstərir ki, biz vaxt itirmədən, tarixi Zəfərdən sonra vaxt itirmədən bu işlərə start vermişik, siyasi iradə ortaya qoymuşuq, bütün maliyyə və texniki imkanlarımızı, kadr potensialımızı səfərbər etmişik. Bütün bu işləri biz özümüz görürük, öz vəsaitimiz hesabına, büdcəmiz hesabına, heç kimdən yardım istəmədən, heç bir kredit almadan. Bunu Azərbaycan vətəndaşları edir. Əlbəttə ki, müxtəlif xarici şirkətlər artıq bu işlərdə fəal iştirak edirlər. Bu şirkətlərin sayı artmaqdadır. Mən çox şadam ki, həm yerli şirkətlər, həm xarici şirkətlər azad edilmiş torpaqlarda işləməyə can atırlar, maraq göstərirlər və biz bunu alqışlayırıq.

Qarşımızda böyük işlər vardır. Bu işləri maksimum səmərə ilə və keyfiyyətlə aparmaq üçün əlbəttə ki, düşünülmüş addımlar planı olmalıdır. Bütün şəhərlər Baş plan əsasında yenidən qurulacaq. Ağdamın, Füzulinin Baş planları təsdiq edilib. Ağdam və Füzuli rayonlarının ictimaiyyəti bu Baş planlarla tanış olub və öz müsbət rəyini verib. Hazırda yerli və xarici şirkətlər tərəfindən digər şəhərlərin Baş planları işlənilir. Onlar hazır olan kimi biz artıq praktiki işlərə başlayacağıq.

Görülmüş bütün bu işlərlə yanaşı, əlbəttə ki, biz tarixi, dini abidələrimizi də bərpa edirik. Mənə bu gün verilən məlumata görə, Ağdam Cümə məscidinin bərpa işlərinə başlanılır. Artıq bütün tədqiqatlar aparılıb və mart ayından başlayaraq məscidin həm daxilində, həm çöl hissəsində təmir-bərpa işlərinə start veriləcək. Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Bütün bu istiqamətlər üzrə işlər gedir. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlamışdır.

Bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Bu, bizim borcumuzdur. Bunu biz edirik. Vətən qarşısında bu borcu şərəflə yerinə yetiririk. Necə ki, Vətən müharibəsində Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi, düşməni doğma torpaqlarımızdan qovdu. Beləliklə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Mən müharibədən sonra Ağdama 3-cü dəfədir ki, səfər edirəm. Hər dəfə buraya gələndə ürəyim ağrıyır. Çünki Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə bu yarıdağılmış məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Bu məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir ediblər. Ağdam şəhərində, Ağdam rayonunda bu yarıdağılmış məsciddən başqa bir dənə də bina ayaq üstə deyil. Bütün binalar, bütün kəndlərdəki evlər, ictimai binalar ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür. Biz bundan sonra da xarici vətəndaşları buraya dəvət edəcəyik. Onlar gələcəklər və erməni vəhşiliyi nədir onu görəcəklər.

Artıq Ağdama və Şuşaya avtobus marşrutları təşkil edilib. Ağdamlılar, şuşalılar və digər bölgələrdən olan vətəndaşlar gəlirlər, tanış olurlar və öz gözləri ilə görürlər ki, bizim xalqımız hansı bəla ilə üz-üzə idi. Otuz il ərzində məqsədyönlü şəkildə bütün şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, qəbiristanlıqlarımız ermənilər tərəfindən dağıdılıb. İmarət ermənilər tərəfindən dağıdılıb, təhqir edilib. İndi bəziləri gələcək barışıq haqqında danışırlar. Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Mən də onu demişəm. Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır. Heç kim bu vəhşiliyi unutmamalıdır.

Əminəm ki, bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!

***

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görüləcək işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, 6 hektardan çox ərazidə inşa olunacaq bu tibb müəssisəsində qəbul, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar cərrahiyyəsi, oftalmologiya, LOR, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri və əməliyyat bloku fəaliyyət göstərəcək.

Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq.

Müalicə ocağı ən müasir tibbi avadanlıqla, həmçinin Regional Kardiocərrahiyyə Mərkəzi xidmətini təmin etmək üçün angioqrafiya cihazı ilə təchiz olunacaq. Binanın zirzəmi hissəsindən isə stasionar tibbi xidmət və sığınacaq kimi istifadə ediləcək, ehtiyac yaranarsa, dərhal hərbi hospital kimi fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev xəstəxananın təməlini qoydu.

Qeyd olundu ki, növbəti mərhələdə Ağdam rayonu üzrə daha bir neçə səhiyyə müəssisəsinin inşası nəzərdə tutulub. Belə ki, qarşıdakı dövrdə burada Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili Tibbi Yardım Stansiyası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin binası, çoxprofilli modul tipli xəstəxana, onkoloji, 50 çarpayılıq psixiatriya və 50 çarpayılıq vərəm əleyhinə xəstəxanalar, 20 çarpayılıq Narkoloji Dispanser, Regional Perinatal Mərkəz və QİÇS-lə Mübarizə Mərkəzi, 20 həkim məntəqəsi və ya kiçik həcmli Ailə Sağlamlıq Mərkəzi, Regional Tibb Kolleci də inşa olunacaq.