İcbari tibbi sığortanın tətbiqində yanlışlar var - ETİRAZ
Gündəm / Sosial
19-03-2022, 11:13
192
İcbari tibbi sığortayla bağlı müştərək maliyyələşmənin tətbiqi təxirə salınıb.
Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliyi təsdiq edib.
Qanuna müvafiq olaraq, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunanın ödədiyi müştərək maliyyələşmə məbləğinin tətbiqi proseduru daha 1 il təxirə salınıb.
“Tibbi sığorta haqqında” qanunda nəzərdə tutulan sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunanın ödədiyi müştərək maliyyələşmə məbləğinə aid hissələrdə qanunun 15-28.3 və 15-28.4-cü maddələri gələn ilin 1 yanvar tarixindən etibarən qüvvəyə minəcək.
Beləliklə, 2023-cü il yanvarın 1-dən ilkin tibbi-sanitariya yardımına müraciət etmədən, birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə müştərək maliyyələşmə məbləği ödəməli olacaq. Həmçinin sığortaolunanın icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciətləri də müştərək ödəmələrə daxildir.
Əvvəl bunun 2022-ci il 1 yanvardan qüvvəyə minməsi nəzərdə tutulub.
Tereqqi.az-ın məlumatına görə, Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla "Şərq"ə açıqlamasında bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilə bağlı müəyyən yanlışlar var:
"Belə problemlər ilk növbədə səhiyyənin maliyyələşdirilməsinə, əmək haqlarının bölgüsünə, həkimlərin məvacibinə bağlı məsələlərdir. Müştərək maliyyələşmənin tətbiqi məsələsinə aydınlıq gətirilməlidir.
Ümumiyyətlə, vətəndaş icbari tibbi sığorta fəaliyyətinə cəlb edilmiş tibbi müəssisələrə müraciət etdikdə icbari tibbi sığorta paketi, qanunu çərçivəsində tibbi xidmətdən istifadə edir.
İcbari tibbi sığorta paketinə daxil edilməmiş, o prosesə cəlb olunmamış xəstəxanalara müraciət edən şəxslər ödənişləri özü etməlidir.
Yox əgər tibbi sığorta subyektləri tibb müəssisələrinə göndəriş verirsə, müayinələr icbari tibbi sığorta qanununa uyğun olaraq maliyyələşmə aparılmalıdır. Dünyanın hər yerində bu proses eyni tətbiq edilir".