Şirəliyev vəzifədə deyil, amma ŞİRƏLİ TENDERLƏRİ UDUR... - İLGİNC FAKTLAR

Gündəm / Aktual
17-05-2022, 13:17 291


İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi imtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələrinin satın alınması üzrə tenderin qalibini açıqlayıb.

DİA.AZ xəbər verir ki, 12 768 309 manatlıq tenderin qalibi Zeytun Pharmaceuticals QSC olub.

Xatırladaq ki, Zeytun Pharmaceuticals QSC bundan əvvəl də İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı ilə dərman vasitələrinin alınması üzrə 1 839 133 manatlıq tenderini qazanıb.

DİA.AZ bildirir ki, bu da sözügedən QSC-nin İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyindən QAZANDIĞI MİLYONLUQ TENDERLƏRİN sonuncusu deyil və dəfələrlə "Zeytun Pharmaceuticals" milyonluq tenderlərin sifarişini alıb. Və təkcə İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyindən deyil... ayrı-ayrı digər dövlət qurumlarından da.

Onu da qeyd edək ki, qeyri-rəsmi olaraq "Zeytun Pharmaceuticals"ın keçmiş səhiyyə naziri Oqtay Şirəliyevə aid olduğu deyilir. Rəsmi sənədlərdə isə...

DİA.AZ xəbər verir ki, bu cür iri məbləğli tenderləri qazanmaq 2014-cü ildə fəaliyyətə başlayan və qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğlu olan “Zeytun Pharmaceuticals” şirkəti üçün artıq çoxdan adi hala çevrilib. Nə işdirsə, dövlət qurumlarının böyük əksəriyyəti dava-dərmanı və tibbi ləvazimatları məhz bu şirkətdən almağa üstünlük verirlər.

Onu da xatırladaq ki, həmin bu “Zeytun Pharmaceuticals” MMC-nin adı bir neçə il əvvəl rəsmi qaydada ölkəyə keyfiyyətsiz dərman preparatları gətirən şirkətlərin sırasına salınmışdı. Belə ki, 2018-ci ildə Bakı Baş Gömrük İdarəsi tərəfindən qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən digər amillərin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatı və qida əlavələrinin müsadirə edilərək zərərsizləşdirildiyinə dair yayılan rəsmi məlumatda bir neçə şirkətlə yanaşı, “Zeytun Pharmaceuticals” MMC-nin də adı keçirdi.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...