Deputatın obyekti XALQA QƏNİM KƏSİLİB - TOTAL NARAZILIQ

Gündəm / Seçilmişlər
20-05-2022, 10:39 106


“Suvarma mövsümü gəlib çatıb, yenə ağaclarımıza baxa-baxa qalmışıq. Gözümüzün önündə hər gün bir neçə ağac quruyur, çıxarıb atırıq. Şəxsən mənim bağda 100-dən çox ağacım vardı. Bağdan hər il azı 3500-4000 manat mənfəət götürürdüm. İndi vur-tut 30 ağac qalıb, onları da suvara bilmirəm, çoxu quruyub”.

Ziyafət Əliyev Lənkəranın Aşağı Təngivan kənd sakinidir. 30 ildən çoxdur ki, meyvəçiliklə məşğul olur. Ancaq son 5-6 ildə bir şirkətin meyvə bağlarını viran qoyması səbəbindən təsərrüfatı məhv olub. Tək Ziyafət Əliyev yox, Yuxarı və Aşağı Təngivan kəndindəki xeyli ailə feyxoa bağlarından əlini üzüb.

Təngivan yaxınlığındakı hektarlarla ərazidə 1990-cı ildən başlayaraq kəndlilər əvvəlcə çəltik əkib. 1999-cu ildən artıq pay torpaqlarına çevrilərək mülkiyyətlərinə verilmiş həmin sahələrdə kəndlilər birləşərək feyxoa bağları salıb. Ziyafət Əliyev deyir, ilk vaxtlarda bağlar kustar yolla qazılmış su quyusundan su çəkməklə bağları suvararmışlar. Sonralar birləşib su mühərriki alıblar, mühərrik vasitəsilə bağlara su vurmağa başlayıblar. Aşağı və Yuxarı təngivanlılar öz ağlarını beləcə, növbəli şəkildə suvarır, mövsümdə meyvələri yığıb satmaqla güzəranlarını qururlarmış. Bir neçə il əvvəl “Kaspi Yıldız” MMC tərəfindən qum-çınqıl hasilatı məqsədilə yaxınlıqdakı çayın dibi və sahili qazılmağa, sonralar bu qazıntının sonralar bağlara tərəf uzanmağa davam etməsi (Meydan TV bu barədə bir neçə dəfə yazıb) səbəbindən meyvə təsərrüfatları da məhv olmağa başlayıb:

“Çayı qazanda Yuxarı təngivanlıların öz pay torpaqlarına (meyvə bağlarına) olan körpüsünü dağıtdılar, ona görə də Yuxarı təngivanlılar ümumiyyətlə, meyvə bağlarına gəlib-gedə bilmirlər. Onların bağlarından artıq əsər-əlamət qalmayıb. Biz – yəni Aşağı təngivanlılar da uzun müddətdir ki, bağlarına əziyyətlə gəlib-gedirik. Keçiblər pay torpaqlarımıza, qaza-qaza gedirlər. Qonşunun bar verən 150 feyxoa ağacını kəsib atdılar kənara, yerini də qazıb torpağını daşıdılar, şikayət etmədiyi yer qalmadı, nəticəsi olmadı. O boyda təsərrüfatdan cəmi 9 ya 10 təsərrüfat qalıb burda…”

Ziyafət Əliyev ailəsini feyxoadan əldə etdiyi qazancla dolandırırmış. Deyir, bu bağdan daha çox qazanc götürənlər varmış:

“Ən az ağac məndə olub. Məsələn, bacımın 300-ə, qardaşımın 200-ə yaxın ağacı vardı. Qonşum var, hansı ki, 400-dən çox ağacı olub. Onlar daha çox mənfəət itirib. Təsəvvür edin ki, illərlə bağ saxlayırsız, o bağ sizin yeganə dolanışıq yerinizdir, yeganə təsərrüfatınızdır və bir gün kimsə gəlib hər-şeyi alt-üst edir. Və söhbət bir nəfərin yox, onlarla kəndlinin təsərrüfatından gedir. Təngivanda yaşamaq üçün səbəb qalmayıb. İllərdir ki, yazılır, çəkilir, göstərilir, ancaq elə bil daha da qəddarlaşırlar. Yolları dağıdıblar, heyvandarlığı, meyvəçiliyi məhv ediblər. Məsələn, mən heyvanlarıma yemi bu ərazidən daşıyırdım, indi burda ot da bitmir. Kəndlilər yem tapa bilmədiklərinə görə heyvanlarını dəyər-dəyməzinə satmalı olur və bütün bunlara bir son verən yoxdur”.

Kənd sakini Şirvan Nəzərov da bağ təsərrüfatının məhv olmasından danışır. Deyir, illərlə ailəsinin dolanışıq yeri olan feyxoa təsərrüfatı susuzluqdan məhv olub:

“Bütün aidiyyəti qurumlara yazmışıq, prezidentə, vitse-prezidentə yazmışıq. Ekologiya və Təbii Sərvətlər Nazirlriyindən gəlib baxıblar, bizə məktub göndəriblər ki, şirkət qanunsuz işlərlə məşğul olur. Ancaq nə faydası? Sahibkar öz işindədir. O, bağlarımızı, örüşlərimizi yox, birbaşa həyatımızı məhv edir. Kəndlinin təsərrüfatını dağıtdın, ya həyatını, eyni şeydir. Tələb edirik ki, ölkə başçısı bu məsələyə diqqət ayırsın, bizi və təsərrüfatlarımızı bu yırtıcıların əlindən xilas etsin. Bağlarımızı susuzluqdan yandırıblar, örüş yerlərimizi qazıb, torpağını daşıyıblar, heyvanlarımız acından ölməsin deyə, dəyər-dəyməzinə satmaq məcburiyyətində qalmışıq, biz nə edək, necə yaşayaq? Bir sahibkarın daha çox pul qazanması üçün bizi daha hansı faciələr gözləyir?”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Kaspi Yıldız” MMC-ni qanunsuz qum-çınqıl hasilatına və ekologiyanı çirkləndirdiyinə görə dəfələrlə məhkəməyə verib. Məhkəmə MMC-ni bir neçə dəfə cərimələsə də, şirkət öz fəaliyyətindədir.

“Kaspi Yıldız” MMC Lerikin 78 saylı dairəsindən deputat seçilmiş İqbal Məmmədova məxsusdur. O, bu şirkəti 1996-cı ildə təsis edib. Bu il “Kapitalbank” həm ona, həm qardaşı Çingiz Məmmədova, həm də şirkətə qarşı məhkəmə iddiası qaldırmışdı. Şirkətin dövlət büdcəsinə də 9 milyon manat civarında vergi borcu var. İqbal Məmmədovun Lerikdə fəaliyyət göstərən iri quşçuluq təsərrüfatı da var. Hansı ki, çayı çirkləndirən səbəblərdən biri də həmin təsərrüfatda quş kəsimləri zamanı tullantıların çaya buraxılması idi. Piran kəndinin sakinlərinin uzunmüddətli şikayətlərindən sonra təsərrüfatdakı quş kəsimi sexləri bağlanıb.

Bu məsələylə bağlı Meydan TV bir neçə dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, Lənkəranın və Lerikin icra hakimiyyətləriylə əlaqə saxlayıb. Hər dəfə nazirlikdən şirkətin fəaliyyətinin qanunsuz, icra hakimiyyətlərindənsə qanuni olduğunu bildiriblər. //Meydan TV//