Naxçıvanın qapısını axırıncı KİM ÇIRPACAQ... - TƏHLÜKƏLİ MƏNZƏRƏ

Gündəm / Seçilmişlər
23-05-2022, 13:27 43


“Naxçıvanın Sədərək gömrük məntəqəsindən çəkilən görüntü təsadüfi deyil. Hər gün onlarla vətəndaşın üzləşdiyi haldır. Sadəcə bu dəfə kimsə özündə cəsarət tapıb bunu videoya çəkib ictimailəşdirib”. 

Tereqqi.azovqat.com-a istinadla xəbər verir ki, Naxçıvanlı iş adamı Məmməd Qurbanov redaksiyamıza ünvanladığı məktubda bu iddianı irəli sürür.

Qeyd edək ki, saytımızın Baş redaktoru Heydər Oğuz ötən gün Facebook səhifəsində Sədərək Gömrük Komitəsində baş vermis bir özbaşınalığın videosunu paylaşmışdı. Videoda bir vətəndaş Naxçıvan gömrükçüləri tərəfindən əmlakının məhv olunmasına etirazını bildirir və MR Ali Məclisinin sədri Vasif Talıbovu qanunları ayaq altına atıb tapdalayanları cəzalandırmağa çağırır. Heydər Oğuz isə Naxçıvan gömrük orqanlarında tez-tez baş verən bu kimi özbaşınalıqların Muxtar Respublikanın Gömrük Komitəsinin sədri Səhət Həbibbəylinin atası akademik-deputat İsa Həbibbəylinin “qızıl yumurtalayan qələminə” arxayınçılığından irəli gəldiyini bildirib.

Şəkildə: Atasının “qızıl yumurtalayan” qələminin sayəsində Naxçıvan MR Gömrük Komitəsində “Dəli Domrulluq” vəzifəsinə yüksələn Səhət Həbibbəyli

“Atasının mədhiyyəsi ilə Naxçıvan “kəndxudası”nı görən Səhət Həbibbəylinin Muxtar Respublikanı necə çapıb-talamasının sorağı indi Türkiyədən gəlir”, - yazan Heydər Oğuzun bu fikirləri ilə razılaşmayan iş adamı Məmməd Qurbanov “kiçik torpaq”dakı bütün özbaşınalıqların yeganə günahını Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovda görür: “Naxçıvan gömrüklərində özbaşınalığın həddinin aşmasının konkret səbəbləri var. Və bu səbəblərin birbaşa səbəbkarı Vasif Talıbov və ailə üzvləridir”.

Əvvəllər çətin də olsa, Muxtar Respublikanın iş adamları gömrüklə dil tapıb müəyyən dərəcədə iş görə bildiklərini deyən iş adamını iddiasına görə, Vasif Talıbovun Sovetabadlı yeznəsi (bacısının əri) Fəxrəddin (el arasında adına “Fəxi” deyirlər) Culfa gömrük məntəqəsində yüksək vəzifə gətiriləndən sonra hər şey dəyişdi.

“Məhz həmin “Fəxi” rəsmi, yaxud qeyri-rəsmi bir şirkət yaradıb, bütün idxalı Vasif Talıbovun himayəsi sayəsində özünün inhisarı altına aldı. Naxçıvanda nə qədər böyük, kiçik, yaxud orta sahibkar var idi, hamısına Vasif Talıbovun tapşırığı ilə süni əngəllər, təzyiqlər yaradıldı və onlar bizneslərindən uzaqlaşdırıldılar. Bununla da “Fəxi”nin idxal monopoliyasını genişləndi və gücləndirdi. Üzdə görünən bir-iki sahibkar qaldısa da, onları da faizə oturtdurdular”, - Məmməd Qurbanov bildirir. Onun fikrincə, əmlakı Sədərək gömrüyündə dağıdılan qadının üzünü Vasif Talıbova tutub imdad diləməsi bu mənada “quzunun qurddan mərhəmət umması”na bənzəyir və Krlovun məşhur təmsilini yada salır:

Şəkildə: Naxçıvanın sahibləri

“Fəxi” üçün gömrüklərdə nə dövlət rüsumu var, nə də onun mallarına baxış və yoxlama nəzarəti: “Onun komyonlarının gömrükdən keçişinə həmişə yaşıl işıq yandırılır. Bu da istər-istəməz Naxçıvanda rəqabət imkanlarını digər iş adamlarının əleyhinə pozur. Məhz bu siyasətin nəticədə hər kəs iflasa sürüklənərək yox oldu. Naxçıvan bir “Fəxi”yə, bir də Vasif Talıbovun övladlarının ümidinə qaldı”.

Məmməd Qurbanovun iddiasına inansaq, “Fəxi”nin Türkiyədən ərzaq, yaxud qeyri-ərzaq məhsullarının gətirilməsi əməliyyatlarını uzun illərdir Naxçıvanda yaşayan PKK-çı Abdulla Bahar həyata keçirir:

“Gömrük məntəqələrində vətəndaşlara ona görə az miqdarda olsa belə ərzaq buraxmırlar ki, “Fəxi”nin mallarının satışına təsir göstərməsin. Yaxud gətirilən mala elə rüsum tələb edirlər ki, həmin mal Naxçıvanda satılanda baha qiymətə başa gəlsin və sahibkarlar bir daha mal gətirməsin.

Onu da qeyd edim ki, Vasif Talıbovun oğlunun inhisarında olan “Cahan Holdinq” qaytarmamaq şərtləri ilə dövlətdən yüz milyonlarla, bəlkə də milyarddan artıq kredit götürülüb. Tikinti, məişət, içki, ərzaq və digər istehsalat müəssisələri qurub, satış və sair fəaliyyətlə məşğul olur. “Cahan Holdinq”ə Türkiyə, Rusiya və digər dövlətlərin istehsalı olan hər şey satılır. Gömrüklərdə ona görə sərt qadağalar tətbiq olunur ki, hamı məcbur qalıb ehtiyacı olan hər şeyi “Cahan Holdinq”dən baha qiymətə alsın”.

Məmməd Qurbanov qeyd edib ki, Naxçıvanda “Təbriz”, ” Qrant” otelləri, böyük ticarət mərkəzləri, super marketlər, iri iaşə obyektlərinin hamısı Vasif Talıbova, oğlanlarına və kürəkənlərinə məxsusdur: “Üzdə olan bəzi obyektlərin başqalarının adına rəsmiləşdirilsə də, pərdə arxasında onlara yenə Vasif Talıbovun ailəsi nəzarət edir”.

Şəkildə: İddia sahibi, Naxçıvandan didərgin salınmış iş adamı Məmməd Qurbanov

Məmməd Qurbanovun məktubunda irəli sürdüyü ən çarpıcı açıqlaması Naxçıvanda inhisarçılıq uğrunda mübarizədə baş verdiyini iddia etdiyi müdhiş cinayət hadisəsi ilə əlaqədardır və Azərbaycan hüquq mühafizə orqanları qarşısında bu faktı dərhal araşdırmaq məsuliyyəti yaradır:

“Təxminən iki-üç il öncə Naxçıvanda çox kiçik bizneslə məşğul olan birisi var idi, bildiyim qədəri ilə az miqdarda toyuq əti gətirib dükanlara paylayırdı. Onu da bir neçə bıçaq zərbəsi ilə öldürdülər, sonra da üstündə Prado maşını ilə keçdilər. Qanını da batırdılar”.

Məmməd Qurbanov onu da vurğulayıb ki, Vasif Talıbovun Naxçıvanda pomidor, göyərti biznesini belə öz monopoliyasına alması heç də çox qazanmaq niyyəti güdmür: “Niyyəti Naxçıvan xalqının əlindən hər şeyi almaq, insanları ağır vəziyyətə salıb ölkədən qaçırmaqdır. Və buna da kifayət qədər nail olub. Naxçıvana hər il dövlət büdcəsindən yüz milyonlarla dollar dotasiya ayrılır və bütün bu pulların hamısı Talıbovların cibinə gedir. Onların göyərti alverinə ehtiyacı yoxdur”.

P.S. İş adamı Məmməd Qurbanovun məktubunda irəli sürdüyü fikirlərin doğru olduğunu iddia etmir, əksinə biz də sizin kimi, oxuduqlarımıza inana bilmirik. Ümidvarıq ki, müvafiq dairələr bu dəhşətdoğurucu iddialara aydınlıq gətirəcək və biz də onu ictimailəşdirəcəyik.