Naxçıvan gömrüyündə rəsmən bazar açıblar - GİLEY

Gündəm / Ölkə
4-10-2022, 19:04 100


Türkiyədə oxuyan naxçıvanlı tələbələr Sədərək gömrük keçid məntəqəsindən bu ölkəyə buraxılsa da, Azərbaycanın digər bölgəsindən olan belə tələbələr geri qaytarılır. Bu haqda "Gündəlik Naxçıvan"a bir qrup tələbə və valideynləri məlumat verib.

Ankarada magistr təhsili alan, Saatlı rayon sakini Sevinc Babayeva deyir ki, gömrükdəki ayrıseçkiliyə etiraz etsə də, nəticəsi olmayıb:

"Naxçıvanlı tələbə yoldaşlarımdan eşitdim ki, Türkiyədə oxuyan tələbələri Sədərək gömrütündən buraxırlar. Sevincək bilet alıb, Naxçıvana uçdum. 

Gömrükdə öyrəndim ki, sən demə, yalnız Naxçıvandan olan tələbələr buraxılırmış. Etiraz etdim, xeyri olmadı. Axşama qədər gömrükdə gözlədim, 
müşahidə etdim ki, sərhədçilər pul alıb, istədikləri adamı buraxırlar. Çıxarıb telefonla çəkmək istədim, sərhəd xidməti və gömrük əməkdaşları tökülüb qoymadılar. Orda mənim kimi çoxlu tələbə gözləyirdi. Dedilər ki, yalnız naxçıvanlıları buraxırıq. Səs-küy saldım, dedilər get, Əlahiddə Sərhəd Diviziyasından icazə al.”

Şikayətçi tələbə bildirir ki, səhəri gün Əlahiddə Sərhəd Diviziyasına gedib. Orada saatlarla gözləsə də, nəticəsi olmayıb:
“Bəlkə alınar deyə, yenidən gömrüyə qayıtdım. Yenə də eyni şeylər təkrarlandı. Onu da öyrəndim ki, pulla yalnız yerli adamlar buraxılır. Naxçıvanlı olmayanları heç pulla da buraxmırlar. Mən isə tələbələr arasında qoyulan ayrıseçkiliyə etirazımı davam etdim. Bu zaman mülki geyimdə bir nəfər yaxınlaşıb dedi ki, “sən çox səs küy salırsan, təcili Naxçıvanı tərk etməsən sənin üçün pis olacaq.” Bundan sonra hava limanına qayıdıb bilet aldım və geriyə qayıtdım”.

Lerikdən olan şikayətçi Qasım Qurbanov deyir ki, övladı İstanbul Universitetinə qəbul olub. İmkansız olduqları üçün onu təyyarə ilə yola sala bilmir. O da eşidib ki, Naxçıvanda sərhəddən tələbələri Türkiyəyə buraxırlar. Sevincək oğlunu Naxçıvana göndərib ki, Türkiyəyə keçsin:
“Ucuz başa gəlsin deyə, onu Naxçıvana yola saldım. Gömrükdən zəng etdi ki, yalnız naxçıvanlı tələbələri Türkiyəyə buraxırlar. Orada tanışlarım var idi. Onlardan xahiş etdim ki, kömək etsinlər. Yenə də mümkün olmadı. İki gündən sonra oğlum geri qayıtdı. İndi məcburam ki, borc tapıb oğlumu Türkiyəyə təyyarə ilə yola salam.”

"Gündəlik Naxçıvan"