LİLLİ `ARAZ`... - İTTİHAM VAR!
Gündəm / Cəmiyyət
2-02-2023, 09:56
159
Məlumdur ki, tam əksəriyyət gündəlik həyatda istehlakçı olur və hər kəs müəyyən tələbatını ödəmək üçün mal alır, bəzi xidmət növlərindən faydalanır və digər addımlarını atır. Bir sözlə, bu cür gedişlə hər kəsin istehlakçı kimi hüquqları var. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qəbul olunmuş Qanun, Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir. Bu Qanunda qeyd olunub ki, şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs istehlakçı adlanır. Eyni zamanda bu anlayışa əsasən, hər kəs gündəlik şəxsi tələbatını ödəməyə çalışdıqda istehlakçı olur. İstehlakçı sayılmaq üçün mal, iş və xidmətlərdən faydalanmağın məqsədi şəxsi tələbatın ödənilməsi olmalıdır. O halda sual oluna bilər ki, görəsən hal-hazırda bu Qanundan irəli gələn tələblərə lazımi səviyyədə əməl olunurmu? Əsla yox! Adicə bir faktı qeyd edək ki, 27 yanvar 2023-cü il tarixdə, saat təqribən 14:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində, hansı ki, “Kapital Bank”a məxsus filialın yaxınlığında fəaliyyət göstərən «Araz» supermarketlər şəbəkəsinin mağazasında əməkdaşımız və onun ailə üzvləri olmazın oyuna düçar olurlar. Qeyd edək ki, əməkdaşımız həmin vaxt ailə üzvləri ilə birlikdə olur və onlar həmin mağazadan 69 manat 52 qəpik dəyərində bazarlıq edirlər və az sonra əməkdaşımız əmək haqqı kartını kassada işləyən oğlana təqdim edir. Yəni, əməkdaşımızda nəğd pul olmur və o, istəyir ki, mağazaya ödəməli olduqları 69 manat 52 qəpik pul əmək haqqı kartından çıxarılsın. Bəli, əslində bu belə də olur və kartını ödəmə aparatına yaxınlaşdıran əməkdaşımıza, çox keçmir ki, qeyd olunan məbləğ pulun çıxılması haqda “SMS” də gəlir. Buna baxmayaraq, “Araz” supermarketlər şəbəkəsinin bu mağazasına məxsus kassada çalışan əməkdaş nə qədər çalışsa da, ödəmə aparatından çeki çıxara bilmir. O halda anlaşılmazlıq yaranır və çox keçmir ki, mağazanın Xəyal adlı əməkdaşı məsələyə müdaxilə edir. Bu müdaxilədən sonra da, problemi aradan qaldırmaq mümkün olmur. Elə ki, əməkdaşımız ailə üzvləri ilə birlikdə aldıqları ərzaq məhsullarını götürüb mağazadan bayıra çıxmaq istəyirlər, o halda mağazanın əməkdaşları onların qarşısını kəsirlər və bir növ ailə üzvlərini girov saxlayırlar. Hətta, mağazada çalışanlar əməkdaşımıza və onun ailə üzvlərinə “Siz ərzaq məhsullarını geri qaytarın, pulunuz üç gündən sonra kartınıza qaytarılacaq” deyirlər. Çox çəkçevirdən sonra əməkdaşımız və mağazanın bir nəfər işçisi yaxınlıqda fəaliyyət göstərən “Kapital Bank”ın filialına getməli olurlar. Bu filialda aparılan araşdırmalar zamanı bəlli olur ki, əməkdaşımızın əməkhaqqı kartından 69 manat 52 qəpik məbləğində pul tutulub. Hətta, bankda çalışan şəxs “Araz” supermarketlər şəbəkəsinin əməkdaşına “müştəridə heç bir günah yoxdur” da deyir. Qeyd edək ki, bu problemin araşdırılması dörd saat davam edir və əməkdaşımız həmin vaxt ərzində ailə üzvləri ilə birlikdə getgəllə, olmazın haqsızlıqlarla üz-üzə qalırlar. Bu problemlə bağlı “Qaynar xətt”ə məlumat verdikdə, onlar da “müştəridə heç bir günah yoxdur” deyə cavab verirlər.
Bu yöndə apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, mağazanın kassasında çalışan işçi (cavan oğlan) bu işdə naşı olduğundan, müştərilər belə bir problemlə üz-üzə qalırlar. Digər tərəfdən, mağazanın rəhbər şəxsləri kassada istifadə olunan ödəmə aparatında bu cür problemin olması haqda məlumatlı olsalar da, onlar mağazanın giriş qapısına “ödəmə aparatında problemlər yaşanır, ona görə də ödəmə nəğd şəklində həyata keçirilir” deyə elan yazıb asmırlar. Əgər belə bir elan yazılıb asılarsa, o halda müştəri irəli sürülən tələblər haqda məlumatlı olar və nəğd pulu olmadığı halda mağazadan bazarlıq etməz. Bütün bunlar da onu sübut edir ki, Bakıxanov qəsəbəsi ərazisində, hansı ki, “Kapital Bank”a məxsus filialın yaxınlığında fəaliyyət göstərən «Araz» supermarketlər şəbəkəsinin buradakı mağazasında müştərilərə lazımi səviyyədə xidmət göstərilmir. Çünki, əməkdaşımızın ailəlikcə üz-üzə qaldığı xoşagəlməz durum, məhz bizi belə qənaətə gəlməyə vadar edir. Hətta əməkdaşımızın bildirdiyinə görə, həmin gün təkcə onlar deyil, bir neçə müştəri də oxşar olaylarla üz-üzə qalmalı olurlar. Məsələnin təəccüf və təəccüb doğuran tərəfi o oldur ki, «Araz» supermarketlər şəbəkəsinin bu mağazasında günahın hansı tərəfdə olduğu bəlli olur, amma əməkdaşımızı dörd saat ailə üzvləri ilə birlikdə getgələ salan mağaza əməkdaşları, o cümlədən Xəyal adlı şəxs qarşı tərəfdən üzr istəmək əvəzinə, “yəqin ki, “Araz”ın kimə aidolduğunu yaxşı bilirsiniz” deməklə kifayətlənir. Bütün bunlar onu göstərir ki, «Araz» supermarketlər şəbəkəsinin bu mağazasında əsl dərəbəylikdir və bu mağaza müştəri narazılığı yaradan bir ünvandır. Ona görə də düşünürük ki, «Araz» supermarketlər şəbəkəsinin rəhbərliyi bu mağazadakı ab-havanı qaydaya salmaq, müştəri narazılığını aradan qaldırmaq üçün, çox yaxın vaxtlarda lazımi addımını atacaq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. //deryaz.az//