'AYAN' MMC ilə kimsə BACARA BİLMİR? - AQTA hara baxır?

Gündəm / Foto
25-08-2023, 10:12 708

Azərbaycanda fəaliyyət göstərən və qida-ərzaq istehsal edən şirkətlərin millətimizin gələcəyinə, sağlamlığına, genefonduna vurduğu zərbə o qədər dəhşətli oldu ki, cənab Prezident bu məqsədlə ayrıca bir dövlət qurumu yaratmalı oldu: Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyi ( AQTA, sədri Qoşqar Təhməzli ). Amma neçə ildir fəaliyyət göstərməsinə baxmayaraq AQTA bu sahədə ciddi dönüş yarada bilmədi, əksinə özü rüşvət və korrupsiya məkanına çevrildi.
Millətimizin sağlamlığına zərbə vuran şirkətlərdən biri də “Ayan” Məhdud Məsuliyyətli Cəmiyyətidir (MMC). Məlumat üçün bildirək ki, MMC 2005-ci ildə yaradılıb. Dövlətimizin sahibkarlara yaratdığı münbit şəraitdən istifadə edərək milyonlar qazanan bəzi şirkətlər insanlarımızın sağlamlığına çox ağır zərbələr vururlar. Belə ki, “Ayan” MMC ilk fəaliyyət dövründə ölkənin istehlak bazarına “Beloçka” tumları ilə girməyə başaldı. Və yaxşı da qazandı. Amma bu tumlar haradan gəlirdi, Krasnodarda yaşayan ermənilərlə iş birliyi və s. məsələlər şirkətin üzərinə qara kölgə salırdı. Bütün bunlar azmış kimi “Beloçka” tumlarında qorxulu bağırsaq çöplərinin olması, tumlardan müxtəlif zərərli əşyaların çıxması, kiflənmiş tumların müştəriləri zəhərləməsi və s. şirkətin nüfuzuna böyük zərbə vurdu.
Bəli, “Ayan” MMC istehsal etdiyi tumların vasitəsilə istehlakçıların hüquqlarını pozurdu. Və istər-istəməz şirkətin nüfuzu aşağı düşürdü. Belə olanda “Ayan” şirkətinin rəhbərliyi ölkə bazarına başqa bir məhsulla girmək qərarına gəldi. Və “Qızıl Quyu” limonadları istehsal etməyə başaldı. Əlbəttə istilərin bir neçə ay çəkdiyi ölkəmizdə insanların sərinləşdirici sulara olan tələbatı böyükdür. Amma... Əmması odur ki, bəzi işbazların sexləri keyfiyyətsiz su istehsal edərək vətəndaşları aldadır.
Təəssüf ki, tərkibində kimyəvi qatqılar olan bəzi sular və limonadlar insanların sağlamlığına ciddi ziyan vurur. Mediada yayılan xəbərlərdən bəlli olur ki, “Qızıl Quyu” limonadlarının tərkibi keyfiyyətli deyil. «Yeyinti məhsulları haqqında” Qanuna görə, məhsulun tam tərkibi onun üzərində göstərilməlidir. Suyun saxlanma müddəti, buraxılma tarixi etiketdə yazılmalıdır. «Qızıl Quyu» limonadlarının istehsalı zamanı isə qanunun tələblərinə əməl olunmur. Deyilənə görə, bu limonadların hazırlandığı sexlərdə anti-sanitariya şəraiti baş alıb gedir və standartlara riayət edilmir. Onu da bildirək ki, spirtsiz içkilər 0-20 dərəcə temperaturda saxlanmalıdır. Meyvə şirələri və ekstraktları 0-10 dərəcə, şəkər əlavə edilmiş şirələr 0-20 dərəcə, şərbət, mors və quru konsentratlar 12-20 dərəcə temperaturda saxlanıla bilər. Qazlı içkilərin saxlanma müddəti 30 gündən 6 aya, diabetiklər üçün içkilər və süni mineral sular 15 günə, bütün növ düşes limonadları 20 günə, təbii mineral sular 4 aydan 1 ilə, meyvə-giləmeyvə şirələri 1 ilə, qazlı içki konsentratları 2 ilə, meyvə nektarları ən çoxu 9 aya, feyxoa nektarı ən çoxu 6 aya qədər saxlanıla bilər.
Məlumata görə isə, «Qızıl Quyu» limonadları nəzərdə tutulan vaxtdan daha çox saxlanılır və dükanlara paylanır. Həmçinin limonadların orqonoleptiki, fiziki-kimyəvi göstəriciləri normalara cavab vermir. Müvafiq qurumların nümayəndələri MMC-nin fəaliyyətini yoxlasa, neqativ halların olub-olmadığı üzə çıxar.
Fikir verdinizmi, ölkəmizdə istehsal edilən suların çoxu normalara cavab vermir. Amma “Qızıl Quyu”nun reklamında deyirlər ki, guya, içkiyə qatılan su Şahdağdan termostat çənlərlə zavoda gətirilir. İnanan daşa dönsün... Şirkətin saytında armud, gilənar, tərxun, qızılgül, zirinc, üzüm, feyxoa və s. məhsullardan sərinləşdirici içkilər hazırlanır. Adama deyərlər ki, bu qədər məhsul haradandır...? Hamısı meyvələrin tozudur, su qarışdırıb satırsınız....
Biz “Ayan” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri Bayramov Elman Halay oğlunun başqa əməlləri barədə yazmırıq. Hətta Elman Bayramovun Ramiz Mehdiyevin Krasnodardakı qohumları ilə əlaqələri və s. başqa bir yazının mövzusudur. Bizi izləyin.
Gündəlik Bakı