Ağcabədi Mədəniyyət İdarəsinin SAXTAKAR RƏİSİ... - İTTİHAM VAR...
Gündəm / Mədəniyyət
30-10-2023, 08:33
3 435
Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin keçmiş direktoru Sevda Malışova deyir ki, saxtakarlıq nəticəsində işdən çıxarılıb. Onun sözlərinə görə, əmək müqaviləsini də saxtalaşdırıblar, əmək kitabçasını da qaralayıblar. Məqsəd isə nə olursa olsun, onu işdən çıxarmaq olub…
“O müqaviləni gözümün qabağında cırıb atdı…”
Sevda Malışova saxtakarlığa görə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənovu ittiham edir.
Rəsmi sənədlərə görə, Sevda Malışova 2021-ci il oktyabrın 21-də əmək müqaviləsinin müddəti başa çatdığına görə işdən azad edilib. İddia olunub ki, yaş həddi ilə əlaqədar Mədəniyyət Nazirliyi müqaviləni uzatmağa razılıq verməyib.
Daha doğrusu, müqavilə müddəti sentyabrda bitib. Regional idarə özü müqaviləni 1 aylıq uzadıb, bu müddətdə nazirliyə sorğu göndərib. Lakin nazirlikdən “yox” cavabı gəldiyinə görə oktyabrda işdən çıxarılıb.
Sevda Malışova
Sevda Malışova isə bildirir ki, yalandır, onun müqaviləsi 2022-ci ilin aprelində başa çatırdı. Çünki 2021-ci ilin sentyabrında onunla bağlanmış müqavilənin müddəti 2022-ci il aprelin 17-nə qədər idi:
“Məni işdən azad eləyəndə həmin müqaviləni gözümün qarşısında cırıb atdı…”.
“Əməkdar mədəniyyət işçisiyəm, belə saxtakarlıqla üzləşmək mənə zərbədir”
Lakin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bərdə Regional Ərazi Şöbəsi də sorğuya cavab məktubunda Sevda Malışova ilə müqavilə müddətinin 2022-ci ilin aprelində başa çatdığını təsdiqləyib.
Keçmiş direktor deyir ki, bu məsələni ört-basdır eləməkdən ötrü əmək kitabçasını da qaralayıblar.
Sevda Malışova Ağcabədi Regional Mədəniyyət İdarəsinə məxsus əmr kitabına müdaxilə və pozuntular, 1 aylıq müqavilənin saxta olması və s. iddiaların araşdırılması, bu hallar təsdiqini tapdığı halda, həmin əməllərə yol verən şəxslər haqqında xüsusi qərardad çıxarılması tələbiylə məhkəməyə üz tutub. Xocavənd Rayon Məhkəməsində qaldırdığı iddia ərizəsində, o, həmçinin mənəvi ziyana görə 100 min manat təzminat tutulub, Heydər Əliyev Fonduna və “Yaşat” Fonduna yönəldilməsini istəyib.
“7 ay müddəti olan əmək müqaviləsini saxtakarlıqla yox eləmək çox ciddi saxtakarlıqdır, qanun pozuntusudur. Regional Mədəniyyət İdarəsinin rəisinin mənimlə bağlı əmri ləğv olunmalıdır. Mən 24 ildən çox qüsursuz işləmişəm. Mədəniyyət nazirinin əmrilə 2015-ci ildə “Fəxri mədəniyyət işçisi” adı almışam. 2018-ci ildə Prezidentin fərmanıyla “Əməkdar mədəniyyət işçisi” fəxri adıyla təltif olunmuşam. İndi belə bir saxtakarlıqla üzləşmək çox böyük zərbədir”, – Sevda Malışovanın sözləridir.
Regional Mədəniyyət İdarəsi: “Yaş həddinə görə nazirlik müqaviləni uzatmağa razılıq verməyib”
Cavabdeh tərəf – Ağcabədi Regional Mədəniyyət İdarəsi keçmiş direktorun iddiasına etiraz edib. Etirazında göstərib ki, Sevda Malışovanın işdən çıxarılmasının səbəbi onun müqavilə müddətinin bitməsi olub:
“Onun işlədiyi müəssisə dövlət büdcəsindən maliyyələşir. Müqaviləsinə xitam verilərkən o, artıq dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə çatmışdı. Qanunvericilik burada müqavilə müddətinin uzadılmasını müəyyən edilən şərtlərlə ehtiva edir. Yəni burada sonrakı gedişat yuxarı orqan olan Mədəniyyət Nazirliyinin razılığından asılıdır. Məhkəməyə təqdim olunan sənədlərdən də göründüyü kimi, nazirlik buna razılıq verməyib. İddiaçının müqaviləsinin 1 ay uzadılmasına səbəb isə nazirlikdən rəsmi cavab məktubunun gözlənilməsi olub”.
Xocavənd Rayon Məhkəməsi Sevda Malışovanın iddiasını təmin eləməyib. Apelyasiya instansiyası da bu qərarı qüvvədə saxlayıb. Amma Ali Məhkəmə işi geri qaytarıb. Hesab edib ki, sabiq direktorun dediyi kimi, əmək müqaviləsi və əmək kitabçasına müdaxilə halları açıq-aşkar ortada olduğu halda, aşağı instansiya məhkəmələri buna qiymət verməyib. İş Şirvan Apelyasiya Məhkəməsinə göndərilib ki, yenidən araşdırma aparılsın.
Təkrar araşdırma zamanı Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov da məhkəmədə dindirilib. O iddia edib ki, Sevda Malışovanın Uşaq İncəsənət Məktəbində işlədiyi dövrdə yeyintiyə yol verməsilə əlaqədar prokurorluqda cinayət işi başlanıb. Onun sözlərinə görə, Sevda Malışovanın şikayəti təmin oluna bilməz.
Ekspertiza da saxtalaşdırmanı təsdiqləyib
Məhkəmə araşdırmaları zamanı ekspertiza təyin olunub və ekspertlər də rəy verib ki, “Əmək kitabçası”nda əvvəl “17 aprel 2022-ci” yazısı olub. Sonradan ağardıcı boya çəkilib və üstündən başqa yazı yazılıb.
Məhkəmədə əmək müqaviləsinin 2021-ci ilin oktyabrında yox, 2022-ci ilin aprelində bitməsi, əmək kitabçasına müdaxilə edilib, tarixin saxtalaşdırılması kimi hallar təsdiqlənib. Şirvan Apelyasiya Məhkəməsində Samir Mayılovun sədrlik etdiyi hakimlər kollegiyası qərarında da bunları yazıb, amma Sevda Malışovanın şikayətini təmin etməyib. Heç saxtakarlığa yol verən şəxslərin əməllərinə də məhkəmə münasibət bildirməyib. Bu üzdən qərardan narazı qalan 68 yaşlı Sevda Malışova yenidən Ali Məhkəməyə şikayət eləmək niyyətindədir:
“Açıq-aşkar ortada saxtakarlıq faktları var, məhkəmə buna münasibət bildirmir, bu, nə deməkdir? Təsdiqləyir ki, bu hallar olub, amma şikayəti təmin eləmir. Çox ədalətsiz qərardır”.
Sevda Malışovanın vəkili Bəxtiyar Hacıyev də hesab edir ki, bu qərarda yazılanlarla nümayəndəsi olduğu şəxsin təqsirsizlik prezumpsiyası hüququ pozulub. Vəkil deyir ki, Şirvan Apelyasiya Məhkəməsi Sevda Malışovanın əmək hüquqlarının pozulması məsələsinə baxırdı. O məsələdə də haqlı olduğu təsdiqlənsə də, tamam başqa bir məsələdən sui-istifadə edib, əleyhinə qərar verildi:
“Əvvəla, prokurorluqdakı cinayət işi fakt üzrədir. İkincisi, həmin məsələnin bu işə aidiyyəti yoxdur. Burada Sevda xanımın əmək müqaviləsinə xitam verilməsi məsələsinin qanuni olub-olmaması araşdırılırdı. Sevda xanım təqsirləndirilən şəxs deyil, haqqında qanuni qüvvəyə minmiş ittiham hökmü yoxdur. Hansı əsasla ona istinad edib, əleyhinə qərar çıxardı, anlamaq olmur…”.
Sevda Malışova Ali Məhkəmənin sədri İnam Kərimovun qəbuluna gedəcəyini, Şivan Apelyasiya Məhkəməsinin hakimlərinin belə bir qərar çıxarmaları haqda onu məlumatlandıracağını deyir. O, həmçinin Prezidentin hüquq-mühafizə orqanlarıyla iş üzrə köməkçisi Fuad Ələsgərovun da qəbuluna yazılıb.
Sənədləri saxtalaşdırmaqda ittiham olunan Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənovun atası Şamil Həsənov 1994-2005-ci illərdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı olub. //meydanTV//