"BU BAZARDAN İCARƏ HAQQINI HƏLƏ DƏ VƏLİYEV YIĞIR" - Ayda bir milyon manat

Gündəm / Bölgə
30-10-2023, 22:20 115

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin Gəncədə tikdirdiyi Grand Qafqaz Ticarət Kompleksi( Yeni bazar) hələ də onun özünə xidmət edir.

Məlumata görə, Elmar Vəliyevin oğlu Elmir Vəliyev ayda bir dəfə Gəncədə peyda olur və bu da sözügedən bazardan aylıq kirayə haqlarını yığmaq məqsədilə.

“Həmin bazar Gəncədə “Universam İsmayıl” kimi tanınan İsmayıl Hüseynovun (futbolçu Yunis Hüseynovun böyük qardaşı ) adına rəsmiləşdirilib, lakin onun həmin ticarət obyekti ilə yaxın-uzaqdan heç bir əlaqəsi yoxdur. Bazardakı bütün ticarət nöqtələri bilavasitə Elmar Vəliyevə xidmət edir. Bu bazar Elmar Vəliyev tərəfindən İsmayıl Hüseynovun adına rəsmiləşdirilən yeganə obyekt deyil. Onun adına Gəncədə Cavad Xan küçəsində otel də inşa olunub. Maraqlıdır ki, həmin obyektlərin tikintisi o vaxt Elmar Vəliyev tərəfindən İsmayıl Hüseynovun üzərinə qoyulub. Yəni, iş adamı külli miqdarda borc altına girərək həmin obyektləri inşa etdirib. Lakin obyektlərdən gəlirləri Vəliyevin özü götürür. Bir müddət əvvəl məhz üzərindəki böyük bank kreditlərinə görə İsmayıl Hüseynovun səhhətində ciddi problemlər yaranmışdı” - deyə, mənbə bildirib.

Məlumata görə, haqqında bəhs etdiyimiz bazarın idarəçiliyi məsələsi hələ də mübahisə predmeti olaraq qalır. Lakin, bu da Elmar Vəliyevə bazardan haqq toplamağa mane olmur: “Onun oğlu hər ay gəlib bazardan “arenda” haqqı yığır. Hər dəfə də ayrı- ayrı 200, 300 min dollarlıq maşınlarla gəlir. Halbuki, Elmar Vəliyevin özünün Gəncədə xeyli iş adamına, sahibkara və şirkətlərə külli miqdarda borcu var və bu borc o, icra başçısı olduğu dövrdə yığılıb. Sual olunur, Vəliyevin bu qədər pulu varsa, niyə bizim pulları vermir? O, kiçik yaşlı nəvəsinə də xaricdən bahalı maşın gətizdirib. Ümumiyyətlə, maraqlıdır bazardan yer haqları niyə hələ də Elmar Vəliyevə çatır? O, hansı stasusla bunu reallaşdıra bilir?... Bazar onun şəxsi mülküdürsə, onda icra başçısı işlədiyi dövrdə bu obyekti necə inşa etdirib? Axı qanunvericilik ona belə bir lüks tanımır”.

Qeyd edək ki, sözügedən bazar 2014-cü ildə inşa edilib. Rəsmən “Bazar Store” MMC-nin Grand Qafqaz Ticarət Kompleksi adlanan bu ticarət obyekti Gəncə şəhər Zərifə Əliyeva küçəsində yerləşir. Ümumi torpaq sahəsi 20,0 hektar, ümumi tikinti altı sahəsi 83 min 500 kv.metr olan kompleksin 16 hektardan az olmayan torpaq sahəsində 44 min 100 kv.metr olan 5 ədəd “modul” tipli konstruksiyasından istifadə olunmaqla, “Yaşıl market” topdan satış mərkəzi də inşa edilib.1-ci mərtəbədə 352 mağaza, ikimərtəbəli hissədə isə 1086 mağaza yerləşir.

Bundan əlavə, Kompleksdə hər biri 9000 kv. metr sahədə 176 mağaza sənaye mallarının satışı və “Gəncə Səbəti” Bazarı, 14000 kv. metr sahədə topdan və pərakəndə satışı, 6000 kv. metr sahədə elektrik, təsərrüfat, xalça və digər məişət avadanlıqlarının satışı mərkəzi, hər biri 2000 kv. metr sahədə supermarket, Logistik mərkəz, soyuducu anbar və sadə anbarlar yerləşdirilib. Bu qədər nəhəng ticarət kompleksindən söhbət gedir. Təxmini hesablamalara görə, anbarlar, topdan satış hissələri nəzərə alınmadan təkcə mağazalardan ayda 1 milyon manatdan çox kirayə haqqı yığılır.

İş adamları sual edirlər ki, təkcə Gəncə bazarından ay ərzində bu qədər pul toplayan adam niyə borclu olduğu insanları hələ də süründürür?...

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda yayılan məlumatlara görə, Elmar Vəliyev və oğlu Elmir Vəliyevin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şirkətlərinin külli miqdarda vergi borcu da yaranıb. Qeyd olunurdu ki, Vəliyevlərə məxsus bir neçə hüquqi şəxs uzun zamandır ki, vergi ödəməkdən yayınır.

Elmar Vəliyevin Gəncədə çalışarkən şəhərin abadlaşdırılması adı ilə yerli mağazalardan aldığı inşaat mallarına görə də xeyli borcunun olduğu deyilir. Buna baxmayaraq onun oğlu bu yaxınlarda özünə 157 min ABŞ dolları (270 min manata yaxın) olan yeni avtomobil alıb. Bu, “Land Rover”in yeni “Defender” kolleksiyasından olan avtomobilidir.

Xatırladaq ki, Elmar Vəliyev bir neçə il əvvəl Gəncədə sui-qəsdə məruz qalıb.


Missiya.az