Elçin Allahverdiyevin "Sahra Baku” restoranı müştərilərinə kiflənmə əlamətləri müəyyən olunan qida məhsulları satırmış - FOTOLAR

Gündəm / Sosial
28-02-2024, 17:59 163

Nərimanov rayonunda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb.

Mediada yayılmış məlumatın yerində araşdırılması məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3, mənzil 15 ünvanında fəaliyyət göstərən “Sahra Baku” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, baxış zamanı ictimai iaşə müəssisəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən olunub.

Belə ki, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, həmçinin üzərində etiket məlumatları qeyd olunmayan, kiflənmə əlamətləri müəyyən olunan məhsulların satışının həyata keçirildiyi aşkar edilib.

Həmin məhsullar satışdan kənarlaşdırılıb, sınaq məqsədi ilə məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.("Azərbaycan Reallığı")