C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır

Gündəm / Siyasət
Bu gün, 15:24 16
C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfəri zamanı 8 oktyabr tarixində Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirak edib. Bu səfər Azərbaycanın son illərdə Mərkəzi Asiya ölkələri ilə sürətlə dərinləşən münasibətlərinin və regionda artan rolunun məntiqi davamı kimi qiymətləndirilə bilər.

2025-ci ilin noyabr ayında Özbəkistanın Daşkənd şəhərində keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan bu platformaya tamhüquqlu iştirakçı kimi qəbul edildi. Bu isə "C5" formatının (Mərkəzi Asiya əməkdaşlıq formatı) "C6"ya çevrilməsi, yəni artıq Azərbaycanı da əhatə edən daha geniş siyasi-iqtisadi və geosiyasi formata çevrilməsi deməkdir. Bununla Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlər yeni mərhələyə keçid etdi. Artıq Azərbaycan toplantılarda regional gündəmin formalaşdırılmasında qərarverən üzvə çevrildi.

2026-cı ilin 31 iyul tarixində Qırğızıstanın Çolpon-Ata şəhərində imzalanan Çolpon-Ata Bəyannaməsi isə bu prosesin siyasi-hüquqi əsaslarının möhkəmlənməsi demək idi. Bu sənəd sayəsində Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri ayrı-ayrı ikitərəfli əlaqələr yox, regional əməkdaşlıq kimi formalaşdı. Prezident bu görüşdə çıxış edərək Azərbaycanın fəal üzv olacağını bildirmişdi. Bu isə sübut edir ki, rəsmi Bakının məqsədi sadəcə toplantılarda iştirak etmək deyil, həm də regional gündəmin formalaşmasına öz siyasi və iqtisadi imkanları ilə töhfə vermək niyyətindədir.

2026-cı ilin 8 oktyabr tarixində Türkmənbaşıda keçirilən 8-ci Məşvərət Görüşündə Azərbaycan artıq tamhüquqlu iştirakçı kimi ilk dəfə toplantıda yer aldı. Burada diqqət çəkən məqam sadəcə iştirakçı sayının artması deyil. Əsas dəyişiklik Mərkəzi Asiyanın coğrafi sərhədlərindən kənarda yerləşən Azərbaycanın bu əməkdaşlıq platformasında yer almasıdır. Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycan bununla Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa istiqaməti ilə birləşdirən mühüm bəndə çevrilir. Bu baxımdan Azərbaycanın prosesə qoşulması platformanın coğrafiyasını genişləndirməklə yanaşı, onun nəqliyyat, enerji, investisiya və xarici bazarlara çıxış imkanlarını da artırır.

Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün gündəliyində əsas yer alan məsələlər energetika, dayanıqlı nəqliyyat-logistika dəhlizləri, siyasi-diplomatik əməkdaşlıq, ekologiya, su ehtiyatları, Aral dənizi, mədəniyyət, təhsil və elmi əlaqələr kimi geniş sahələri əhatə edir. Bu isə əməkdaşlığın sadəcə iqtisadiyyat, enerji və nəqliyyat sahələrini yox, təhlükəsizlikdən ekologiyaya, humanitar sahələrə qədər geniş spektri əhatə etdiyini göstərir.

Formata üzv ölkələrin dövlət başçılarının Azərbaycanın regional roluna verdikləri qiymət də xüsusi əhəmiyyət kəsb edir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov açılış mərasimində Azərbaycanın burada təmsil olunmasını yüksək qiymətləndirərək, Asiya və Avropadakı tərəfdaşlarla geniş əməkdaşlıq perspektivləri açdığını qeyd edib. Bu isə formatın artıq daha geniş geoiqtisadi məkana xitab etdiyini göstərir. Azərbaycanın mühüm logistika, enerji mərkəzləri kimi regional və qlobal proseslərdə rolunun artdığını sübut edir. Azərbaycanın Xəzərin qərb sahilində yerləşməsi Mərkəzi Asiyanın qərbə çıxış imkanlarını nəqliyyat, enerji və ticarət bağlantıları ilə tamamlayır.

Qazaxıstan prezidenti də çıxışında Mərkəzi Asiya və Azərbaycanın Avrasiyada artan roluna diqqət çəkib. Onun çıxışında tərəflər Avrasiyada inkişaf və geosiyasi qarşılıqlı fəaliyyət baxımından əhəmiyyətli məkan kimi təqdim olunur.

Məşvərət Görüşündə çıxış edən Prezident İlham Əliyev iqtisadi gündəliyin əsas şərtini müəyyənləşdirib: "Sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın uğurlu inkişafının əsasını təşkil edir". Prezidentin bu fikri regional sabitliklə bağlıdır. Çünki bu gün bütün dünyanın, xüsusən də Qərbin diqqət mərkəzində olan nəqliyyat dəhlizləri, enerji xətləri və digər investisiya layihələri uzunmüddətli xarakter daşıyır. Bu səbəbdən də onların effektivliyi siyasi sabitlikdəm birbaşa asılıdır. Buna görə də Prezident bu sahəyə xüsusi diqqət ayıraraq, təhlükəsizlik və iqtisadiyyatın ayrı gündəm kimi yox, eyni regional strategiyanın bir-birini tamamlayan tərəfləri olduğuna diqqət çəkib. Başqa sözlə, rəsmi Bakı üçün regional əməkdaşlığı qoruyacaq siyasi mühitin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Bu mənada müzakirələrdə əsas istiqamətlərindən biri kimi nəqliyyat və logistika sahəsində əməkdaşlığın seçilməsi təsadüfi deyil. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın dəmir yolu infrastrukturu, Avropaya uzanan nəqliyyat bağlantıları sayəsində Mərkəzi Asiya ölkələrinin yüklərinin Qərbə daşınması üçün böyük əhəmiyyət daşıyır. Bu marşrutların da inkişafı Mərkəzi Asiya dövlətlərinin alternativ xarici bazarlara çıxış imkanlarının genişlənməsi deməkdir. Marşrutların inkişafı dedikdə isə, gömrük prosedurlarının rəqəmsallaşdırılması, sinxronlaşdırılması, sərhədlərdən keçidin sadələşdirilməsi nəzərdə tutulur və bu da öz növbəsində Orta Dəhlizin səmərəliliyini artıran amillər kimi çıxış edir. Çünki yüklər sərhədlərdən daha sürətlə keçəcək, daşınma müddəti və xərcləri də azalacaq. Bu isə dəhlizlərin gələcəyi baxımından ciddi əhəmiyyət daşıyır. Məhz bu səbəbdən də Prezident İlham Əliyev görüşdə bildirib ki, "Xəzər dənizi bu gün ölkələrimizin nəqliyyat əlaqələrində getdikcə daha böyük rol oynayır və Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturunun Mərkəzi Asiyanın Azərbaycan və daha sonra beynəlxalq bazarlarla birləşdirilməsi baxımından mühüm əhəmiyyəti var".

Azərbaycan üçün əsas məsələ sadəcə yüklərin öz ərazisindən keçməsi deyil, həmçinin Xəzərin hər iki sahilində formalaşan infrastrukturun vahid logistika zəncirinə çevrilməsidir. Bu zəncirin sürətli və ucuz başa gəlməsi Azərbaycanın tranzit mərkəzi kimi rolunu daha da möhkəmləndirəcək.

Prezident İlham Əliyev də Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən bəyan edib ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 %-dən çox artıb. "Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar təşkil edir", - dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti, ilk növbədə, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün bu investisiya fondlarının imkanlarından daha fəal istifadənin zəruriliyini qeyd edib. "Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq", - deyə o əlavə edib.

Təsadüfi deyil ki, görüşün yekun bəyanatında dövlət başçıları inteqrasiya olunmuş regional nəqliyyat infrastrukturunun inkişaf etdirilməsinin prioritet əhəmiyyət daşıdığını qeyd edib və "Şərq–Qərb" və "Şimal–Cənub" beynəlxalq nəqliyyat dəhlizlərinin davamlı iqtisadi artımın və regionlararası əlaqələrin genişləndirilməsinin əsas amilləri kimi əhəmiyyətini vurğulayıblar. Liderlər öz dövlətlərinin ərazilərindən keçən tranzit-nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsinin vacibliyini təsdiq ediblər.

Regional əməkdaşlığın əsas istiqamətlərindən biri də enerji sahəsidir. Azərbaycan Xəzərin zəngin enerji resurslarının dünya bazarlarına çıxarılmasında mühüm rola sahibdir. Azərbaycanın Mərkəzi Asiya ilə enerji sahəsindəki əməkdaşlığı daha geniş anlam daşıyır. Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması üçün atılan addımlar bunu sübut edir. Bu isə o deməkdir ki, Azərbaycan Mərkəzi Asiyada istehsal olunan elektrik enerjisinin də Qərb bazarlarına çıxarılması üçün potensial bağlantı nöqtəsinə çevrilir. Prezident də 8-ci Məşvərət Görüşündə bu məsələyə toxunaraq bildirib: "Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Biz Qazaxıstan və Özbəkistanla birlikdə "yaşıl enerji" dəhlizi yaratmaq üzərində işləyirik".

Bir sözlə, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə enerji əlaqələrini əvvəllər neft və qaz nəqli üzərində qururdusa, indi bərpaolunan enerjinin də nəqli gündəliyə daxil edilib. Mərkəzi Asiya isə enerji potensialını məhz Azərbaycan üzərindən geniş bazarlara çıxarmaq imkanı əldə edir.

"C6" formatında əsas məqamlardan biri də Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət və iqtisadi əlaqələrinin genişlənməsi, qarşılıqlı investisiyaların artması və birgə layihələrin həyata keçirilməsidir. Çıxışında bu inkişafa diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Azərbaycanda Mərkəzi Asiya kapitalının iştirakı ilə 400-dən çox şirkət fəaliyyət göstərir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradılıb. Bu isə o deməkdir ki, birgə investisiya fondları əməkdaşlıq daha üst mərhələyə, yəni istehsal, sənaye müəssisələrinin yaradılmasına şərait yaradır. Bu da öz növbəsində iştirakçı ölkələrin iqtisadiyyatlarının artması, məşğulluğa töhfə, Qərbə daşınan yüklərdə artım deməkdir.

8-ci Məşvərət Görüşü həm də yeni təkliflə yadda qaldı. Qırğızıstan prezidenti təklif edib ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında vahid elektron ticarət platforması yaradılsın. Bu isə o deməkdir ki, nəqliyyat və enerji layihələri ilə fiziki olaraq bir-birinə bağlanan ölkələr rəqəmsal ticarət platforması sayəsində bu əlaqəni biznes və istehlakçı səviyyəsinə keçirə bilər. Bu da öz növbəsində kiçik və orta biznesin də regional bazarlara çıxışını asanlaşdıra bilər. Eyni zamanda Orta Dəhliz malların fiziki hərəkətini təmin edirsə, elektron platforma həmin malların alıcısı, satıcısı və bazarı arasında əlaqəni sürətləndirə bilər.

"C6"da tamhüquqlu iştirakçı kimi çıxış edən Azərbaycan üçün əsas nəticələrdən biri növbəti görüşün rəsmi Bakıya həvalə edilməsidir.

Məşvərət Görüşünün yekunu olaraq imzalanan Birgə Bəyanatda Azərbaycanın bu formatda tamhüquqlu iştirakının əhəmiyyəti vurğulanıb və qeyd olunub ki, dövlət başçıları 2026-cı il oktyabrın 15-də Bakı şəhərində keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Sammitinin təşkili və keçirilməsi istiqamətində görülən hazırlıq işlərini yüksək qiymətləndirirlər.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrliyini açıqlayıb. Bu isə Azərbaycana imkan verir ki, bu gün formalaşan gündəliyi konkret layihələrə, yeni investisiya mexanizmlərinə və daha səmərəli regional bağlantılara çevirsin. Başqa sözlə, 2026-cı il Azərbaycanın Mərkəzi Asiyanın regional əməkdaşlıq platformasına tamhüquqlu şəkildə daxil olduğu il kimi yadda qalacaqsa, 2027-ci il Bakının bu platformada nə qədər təsirli və təşəbbüskar aktora çevrildiyini göstərən əsas mərhələ olacaq...(Report)