Bakı Xoreoqrafiya Akademiyasında Qəmər Almaszadəyə həsr olunmuş film nümayiş edilib

Gündəm / Aktual
6-03-2024, 14:49 448

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Azərbaycan milli balet məktəbinin yaranmasında və inkişafında böyük xidmətləri olan, SSRİ Xalq artisti Qəmər Almaszadənin sənədli materiallar əsasında yaradıcılıq irsinə həsr olunmuş “Primanın izi” filmi iki dildə, Azərbaycan və rus dillərində nümayiş olunub.

Filmin nümayişində BXA-nın rəhbərliyi, müəllim-şagird heyəti və Əməkdar artist Samir Səmədov iştirak edib.

Filmdə böyük yaradıcılıq irsinə malik olan Qəmər Almaszadənin Opera və Balet Teatrının səhnəsində yaratdığı balet əsərlərindən əsas partiyalar nümayiş etdirilib, onun pedaqoji fəaliyyəti nəticəsində onlarla milli kadrların formalaşmasında əvəzolunmaz xidmətləri tamaşaçı auditoriyasına çatdırılıb. Filmdə milli balet sənətinin parlaq siması olan Qəmər Almaszadənin yaradıcılıq fəaliyyətini layiqincə davam etdirən və onun sinfini bitirmiş – Xumar Zülfüqarova, Tamilla Şirəliyeva, Çimnaz Babayeva, Rəfiqə Axundova, Rimma Məmmədova və digər yetirmələri haqqında da geniş və ətraflı məlumat verilib. Həmçinin filmdə Q. Almaszadənin quruluş verdiyi balet əsərləri də təqdim edilib.

Qəmər Almaszadənin Ə. Bədəlbəylinin “Qız qalası”, R. Qlierin “Qırmızı lalə”, A.Adanın “Korsar”, B.Asafyevin “Bağçasaray fəvvarəsi”, A. Qlazunovun “Raymonda”, S. Puninin “Esmeralda”, P. Çaykovskinin “Şelkunçik” və “Sonalar gölü”, L. Minkusun “Don Kixot”, Q. Qarayevin “Yeddi gözəl”, Niyazinin “Xosrov və Şirin” baletlərində uğurla ifa etdiyi dolğun obrazlar filmin əsasını təşkil edib.

Qeyd edək ki, filmin ssenari müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist, xoreoqraf Samir Səmədovdur.