"Biz şəffaf imtahan tələb edirik" - ETİRAZ VAR...

Gündəm / Təhsil
18-09-2024, 11:09 3 129
"Biz şəffaf imtahan tələb edirik" - ETİRAZ VAR...

"DogruXeber.az" xəbər verir ki, bir qrup müəllim mətbuat konfransı keçirmək istədiklərini bildiriblər.

Onlar 8 iyun tarixində keçirilən Sertifikasiya imtahanının nəticələrindən narazı qaldıqlarını deyərək, "Kanal14" YouTube kanalı vasitəsilə ölkə başçısına üz tutub, onların haqq səslərinə səs verməsini, imtahanın nəticələrinin ləğv olunması, yenidən və şəffaf şəkildə keçirilməsi üçün göstəriş verməsini xahiş ediblər.

Qeyd edək ki, sözügedən sertifikasiya imtahanından sonra Elm və Təhsil Nazirliyi tərəfindən 4300 müəllimin lazımi nəticəni toplaya bilmədikləri əsas gətirilərək, işlərinə xitam verilib. Onlardan bir qisminin sözlərinə görə, çalışdıqları məktəbin direktoru tərəfindən öz ərizələri ilə işdən çıxmağa məcbur ediliblər. Ərizə yazmadıqları təqdirdə Əmək məcəlləsinin 70-ci maddəsinin "C" bəndilə işlərinə xitam veriləcəyilə təhdid edilən müəllimlər, məcburiyyət qarşısında qalaraq, direktorların bu "tapşırıqlar"ına əməl ediblər. Ərizə yazmayan böyük əksəriyyətin işlərinə isə, artıq sözügedən maddə ilə xitam verilib.

Keçirilən imtahandan və nəticələrindən narazı qalan bütün müəllimlər heç də Elm və Təhsil naziri Emin Əmrullayevin çıxışında təbəssümlə dediyi kimi şəffaf imtahan keçirilmədiyini vurğuladılar. Bildirdilər, ən qısa zamanda mətbuat konfransı keçirərək, böyük auditoriya qarşısında hüquqlarının bərpasını tələb edəcəklər.

Bu günə qədər bütün müraciət və şikayətlərinə laqeyd yanaşan, göndərdikləri rəsmi məktublara şablon cavablar verən aidiyyatı qurumların onlarla dövlət, hakimiyyət arasında tikanlı məftil rolu oynadığını deyən müəllimlər qeyd etdilər ki, "Əgər hüquqlarımızın qanuni yollarla bərpasına nail olmasaq, qanunsuz yollara əl atacağıq. Çünki, aidiyyatı dövlət qurumları bizi məhz buna vadar edir".

QEYD: Qarşıdakı günlərdə Goranboy rayon Təhsil şöbəsinin müdiri Xəyal Məmmədov və Turab Məmmədov adına Hazırəhmədli kənd orta məktəbinin direktoru Təranə Cəbrayılova, barəsində redaksiyamıza daxil olan məumatlar və korrupsiya faktlarını təqdim edəcəyik.