“İyundan yanan transformator hələ də düzəlməyib” - Məktəbdə nə işıq var, nə su...
Gündəm / Sosial
Bu gün, 13:22
14
“İyun ayından bəri Masallı rayonu Miyankü kənd Nadir Aslanov adına tam orta məktəbin transformatoru partlayıb, hələ də düzəldilməyib...”.
Bu şikayətlə “Qafqazinfo”ya övladları həmin məktəbin şagirdi olan valideynlər müraciət edib.
Onlar bildirib ki, aylar öncə baş verən problem tədris ili başladıqda da həll olunmayıb: “Məktəbdə nə işıq var, nə də su. Düşündük ki, dərslər başlayanda vəziyyət düzələcək, düzəlməyibmiş. Uşaqlar çox əziyyət çəkir, otaqlar qaranlıqdır”.
Valideynlər həmçinin qeyd edib ki, bu hadisə nəticəsində məktəbdə anti-sanitar vəziyyət yaranıb: “Təssəvvür edin ki, şagirdlər saatlarla məktəbdə olur, ancaq su yoxdur. Çox pis haldır, biz uşaqlarımızın gigiyenasından çox narahatıq. Hazırda məktəbdə su olmadığı üçün anti-sanitar vəziyyət hökm sürür. Dəfələrlə müvafiq qurumlara müraciət etmişik, ancaq nəticə yoxdur. Ən azından bizə desinlər ki, 5 günə, 10 günə, lap 20 günə gəlib düzəldəcəklər. Onu da demirlər, vəziyyət qeyri-müəyyəndir”.
Məsələ ilə bağlı təhsil müəssisəsi ilə əlaqə saxladıq. Miyankü kənd Nadir Aslanov adına tam orta məktəbdən sorğumuza cavab olaraq bildirildi ki, transformatorun sıradan çıxması və elektrik enerjisi ilə təminatda yaranmış problemin həlli istiqamətində digər aidiyyəti qurumlarla birlikdə zəruri tədbirlər görülür.
“Transformatorun təchizatı müəyyən texniki və təşkilati mərhələlərdən keçir. Məsələ diqqətdə saxlanılır və müvafiq proses yekunlaşdıqdan sonra məktəbin elektrik enerjisi ilə təminatı bərpa ediləcək.Təhsil müəssisəsinin suya olan ehtiyacı kənar mənbələr hesabına təmin edilir”, - məlumatda qeyd edilib.
