Xalq artisti tarixi qalanı Bilgəhdəki bağında zəbt edib? -İDDİA

Gündəm / Mədəniyyət
Dünən, 09:56 178

Abşeron qalalarından biri də Bakının Bilgəh qəsəbəsində yerləşən Bilgəh qalasıdır. Qala 13-14-cü əsrlərdə Şirvanşahlar dövründə ağ daşdan tikilib. Yalnız bir hissəsi dövrümüzə gəlib çatmış bu müdafiə və müşahidə qalasından uzun müddət mayak kimi istifadə olunub. Vaxtilə gəmilərin gecə saatlarında sahili tapması, yolu azmaması üçün qalaçanın üzərində məşəl yandırılırmış. Elə bu səbəbdən abidə "Tonqal qalası" da adlandırılır. Qalanın yalnız gördüyümüz bu uçuq-sökük bir hissəsi dövrümüzə gəlib çatıb. Bu qala müdafiə və müşahidə qalası olub. Qala o qədər hündür olub ki, yandırılan tonqalın (məşəl) tüstüsü hətta Ramana qalasından da görünüb. Adına tez-tez "Tonqal qalası" deməklərinin səbəbi də budur.

Moderator.az-a deyilən iddialara görə qala xalq artisti Əminə Yusifqızının həyətində yerləşir. Yəni sənətkar bağ evini alanda qarışıq sənədləşmə işi aparılıb və qalanı da torpağı ilə birlikdə onun adına sənədləşdiriblər. Məsələnin daha dəqiq olub-olmadığını öyrənmək üçün sənətkarla əlaqə saxladıq. Moderator.az-a açıqlama verən xalq artisti Əminə Yusifqızı belə bir halın olmadığını, qalanı zəbt etmədiyini bildirib:
“Bilgəhdə mənim qızımın bağ evi var. 10 ildən artıqdır ki, həmin bağ evini alıb. Nə qala? Hansı qaladan söhbət gedir? Orada tarixi abidə yoxdur. Bu şayiədən artıq bir şey deyil. Əgər varsa belə mənim yadımda deyil. Qızım yaydan-yaya bağ evinə gedir. Nəsə yazmaq istəyən adam onsuz da yazacaq. Onlar da bununla pul qazanmaq istəyirlər də. Birinci dəfədir sizdən eşidirəm ki, orada qala var. Gülməli şayiədir. Fikir verməyin” deyə sənətkar bildirib.