Ayrılıqlar hər zaman kədərlimi?
Gündəm / Ölkə
12-09-2025, 15:48
321

Ayrılıq sözü hər zaman hüzn gətirsə də, arzular guşəsində yeri var. Amma bu arzular da hər zaman sevinclə bitmir. Xatirələr heç zaman insanı tərk etmir.
Hər birimizin ömrü xoş və kədərli xatirələrlə doludur. Ayrılıqlar bu xatirələrin əvəzolunmaz simvoludur. Ömürboyu bir yerdə olduğumuz insanlarla da xatirələrdə yaşayan günlərimiz, aylarımız, illərimiz var.
Bizə pislik etmiş insanlardan da üz çevirib ayrılsaq belə, o hüznlü günlərin xatirəsi bizi tərk etmir.
Çətin günlərlə vidalaşanda nə qədər sevinsək belə həyatımızın o dövrlərinə də hüzn tuturuq, niyə belə keçdi? – deyə.
Əlbəttə, hər zaman narazı qalmaq hər kəsə aid deyil.
Ayrılıqların sevinc yağışı ilə yuyulması hər zaman mümkün olmasa da, arzuların timsalı ilə qovuşması həyatımıza rahatlıq gətirir.
Sevənlərin ayrılığına isə, əlbəttə bunu aid etmək olmur. Eyni zamanda qəlb dağıntılarına...
Qəlb qırıqlığına, hüzür üsyanına səbəb olan bu üzüntülərin də sayı-hesabı yoxdur. Səbəblər nə qədər fərqli olsa da, könüllərin aldığı yara, xarakterdən, dünyagörüşündən, sosial-ictimai durumundan asılı olmayaraq hamıda eynidir.
Sevgi duyğusuna malik olan hər kəs üçün bu könül faciəsidir.
Bu yaranın ağrıları ömür boyu çəksə də, ilk dövrlərin alovu sonralar sızıltıocağına, közə çevrilir və heç vaxt sönmür.
Ayrılıqları təsəlli ocağı sevdiyin insanlar və sevdiyin işdir. Sevdiyin işin əlindən alınması isə məncə həyatın sonudur. Artıq ruhun deyil, cismin yaşayır.
Demək ki, ayrılıqlar həmişə sevincli, kədərli deyil, faciəvi də ola bilər. Təsəllilərin kömək etmədiyi zamanlar ömür bitir. Ayrılığın sevincindən çox danışa bilmədik.
Bir çox ayrılıqlar pisliklərin yolundan uzaqlaşdırılması sevincini yaşayır. Həyatın müsbət axarının açılışına səbəb olan bu ayrılıqlar xatirələrdə də müsbət enerjisini yaşadır.
Çətinliklərdən qurtarmaq, istəyinə nail olmaq ümidlərin zirvə yolunu açır, mübarizə əzminin yüksəlməsinə təkan verir.
Kədəri ilə, sevinci ilə ömrümüzə fərqli izlər qoyan ayrılıqların xoş təlatümü ilə üzləşmənizi arzu edirəm.
Kədərli ayrılıqlara dözmək üçün isə tale bizi şükür, səbr, sonsuz sevgi, ümid sonsuzluğuna qərq edir.
Sənubər Səhər