Sumqayıtda 39 nömrəli məktəbin rəhbərliyindən şikayət
Gündəm / Sosial
Bu gün, 15:13
11
Sumqayıt şəhəri, 39 nömrəli tam orta məktəbdə geyim qaydaları ilə bağlı yaranan narazılıq valideynlərin ciddi etirazına səbəb olub.
Geyimlə bağlı vahid standrt olsa da, bu məktəbin öz daxili qaydaları var. İddialara görə, bu məktəbdə qız uşaqlarına şalvar geyinmək qadağandır.
“Xəzər Xəbər”ə daxil olan şikayətdə bildirilir ki, məktəb rəhbərliyi qız şagirdlərin şalvarla dərsə gəlməsinə qadağa tətbiq edir.
Valideynlərin sözlərinə görə, həmin geyimlər Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş ümumi məktəb formalarına daxildir. Buna baxmayaraq, məktəb rəhbərliyi şalvar geyinən qızları dərsdən çıxarır və evə göndərir.
Şikayətdə qeyd edilir ki, hava şəraitinin kəskin soyumasına baxmayaraq, qız şagirdlər isti geyindiklərinə görə dərsdən kənarlaşdırılır və həmin gün üçün onlar üçün “qayıb” yazılır. Valideynlər bunu həm qanunsuz qərar, həm də uşaqların sağlamlığına biganə yanaşma kimi qiymətləndirirlər.
Valideynlər bildirir ki, digər məktəbdə şalvar geyinməyə icazə verilir və heç bir problem yaşanmır. Eyni qaydaların tətbiq olunmalı olduğu halda, 39 nömrəli məktəbdə qadağanın davam etməsi narazılıqları artırıb.
Sumqayıt şəhər 39 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirildi ki, vahid məktəbli formasına uyğun olaraq, pedaqoji şura tərəfindən valideynlərin rəyi nəzərə alınmaqla ağ və tünd göy rənglərindən ibarət olan forma nümunəsi seçilib. Məktəb rəhbərliyi tərəfindən qız şagirdlərin məktəbli formasına aid olan şalvardan istifadəsinə etiraz edilmir. Vətəndaşların şikayəti yarandığı təqdirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət edə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
