Kollecdə qalmaqal: Direktorla mübahisədən sonra işçi özünə xəsarət yetirdi - VİDEO
Gündəm / Sosial
Dünən, 14:54
38
Sənaye və Texnologiya Kollecində işçi ilə direktor arasında yaranan mübahisə insidentlə nəticələnib.
Tereqqi.az Xəzər TV-yə istinadən xəbər verir ki, 25 ildir kollecdə laborant kimi çalışan Natavan Səmədova münasibətlərin gərginləşməsinə səbəb kimi yeni təyin olunmuş direktorun texniki işçilərin maaşlarına edilən əlavəni dayandırmaq qərarını göstərib.
Natavan Səmədovanın iddiasına görə, Nasim Abışov 2025-ci ildə Sənaye və Texnologiya Kollecinə direktor təyin olunub və bu müddət ərzində kollecin müəllim və digər əməkdaşları ilə müxtəlif problemlər yaşanıb.
470 manat maaşla çalışdığını bildirən laborant qeyd edib ki, maaş əlavəsinin dayandırılmasından sonra o, ikinci qrup əlil olduğunu, azyaşlı övladı ilə birlikdə kirayə mənzildə yaşadığını və həyat yoldaşının işsiz olduğunu direktorun diqqətinə çatdırıb.
Onun sözlərinə görə, direktor Nasim Abışov bu müraciətə məhəl qoymayıb. Bundan sonra tərəflər arasında münasibətlər daha da gərginləşib və insident baş verib. Nəticədə, Natavan Səmədova özünə xəsarətlər yetirib.
