Qobu Bələdiyyəsində Torpaq “Sxemi”: Susqun Qurumlar, Azalan Etimad

Gündəm / Aktual
Bu gün, 16:56 29
Qobu Bələdiyyəsində Torpaq “Sxemi”: Susqun Qurumlar, Azalan Etimad

Abşeron rayonu Qobu qəsəbəsində bələdiyyə sədri Araz Nəcəfovun fəaliyyəti ilə bağlı sakinlərin uzun müddətdir etdikləri müraciətlərin nəticəsiz qalması, təkcə bir yerli idarəetmə problemini deyil, ümumilikdə vətəndaş–dövlət münasibətlərində yaranan ciddi etimad boşluğunu üzə çıxarır.

"DogruXeber.tv" informasiya portalına daxil olan çoxsaylı şikayətlərdə iddia olunur ki, bələdiyyə sədri dövlətə məxsus torpaq sahələrini yaxın və uzaq qohumlarının vasitəsilə ilkin texniki sənədlər əsasında mənimsəyir, daha sonra isə həmin torpaqlar maklerlər üzərindən satışa çıxarılır.

Maraqlıdır ki, qəsəbə sakinləri həyətyanı torpaq sahəsi üçün müraciət etdikdə, onlara standart şəkildə “torpaq yoxdur” cavabı verilir. Bu ziddiyyət isə cəmiyyətdə haqlı suallar doğurur: Torpaq yoxdursa, bəs satışa çıxarılan sahələr kimindir?
Redaksiyamız məsələni yerində araşdırmaq məqsədilə Qobu qəsəbəsində kiçik jurnalist təhqiqatına başlayıb. Araşdırma zamanı Rəhman və Mehman adlı iki maklerin fəaliyyəti diqqət mərkəzinə düşüb. Bir neçə cəhddən sonra əməkdaşlarımız bu şəxslərlə ünsiyyət qura bilib və açıq etirafın şahidi olublar. Səs yazısında Rəhman adlı şəxs bildirir ki, “mən bələdiyyə sədri Həci Arazın xalası oğluyam, Mehman da o biri xalası oğludur”. Daha da diqqətçəkən məqam isə torpaq sahələrinin məhz texniki sənədlər vasitəsilə zəbt edildiyinin açıq şəkildə dilə gətirilməsidir.
Beləliklə, uzun müddət pıçıltı şəklində dolaşan iddiaların “kələfinin ucu” görünür və prosesin sistemli xarakter daşıdığı təsdiqini tapır.

Əməkdaşlarımız maklerlərin satışa çıxardıqları bir neçə torpaq sahəsinə baxış keçirib, növbəti gün qərar verəcəkləri bəhanəsi ilə ərazidən uzaqlaşıblar. Lakin əldə olunan audio materiallar iddiaların əsassız olmadığını açıq şəkildə ortaya qoyur.

Məsələ ilə bağlı "DogruXeber.tv" tərəfindən Ədliyyə Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Baş Prokurorluğa rəsmi sorğular ünvanlanıb. Dövlət Təhlükəsizliyi Xidməti müraciətin baxılması üçün Baş Prokurorluğa göndərildiyini bildirib. Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzindən daxil olan cavabda isə Araz Nəcəfovla bağlı toplanmış materialların Prokurorluğa təqdim edildiyi qeyd olunub.
Bu cavablardan sonra Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən redaksiya rəhbərinə daxil olan zəng müəyyən ümid yaradıb. Redaksiya rəhbəri idarəyə dəvət olunub, izahat verib və prosesin nəticəsi ilə bağlı gözləmə mövqeyində qalıb. Qeyd edək ki, bu hadisələr ötən ilin noyabr ayında baş verib. Aradan aylar keçməsinə baxmayaraq, hələ də redaksiyamıza hər hansı rəsmi nəticə barədə məlumat verilməyib.
Bununla paralel olaraq son günlərdə adıçəkilən Rəhman və Mehman cütlüyünün redaksiyaya zəng edərək mediada yayımlanan materiallardan narazılıq bildirməsi, hətta nalayiq ifadələrə və hədə-qorxuya əl atması diqqətdən yayınmır. Maraqlıdır ki, bələdiyyə sədri Araz Nəcəfov həm redaksiyamıza verdiyi açıqlamada, həm də aidiyyəti qurumlara təqdim etdiyi izahatlarda bu şəxsləri tanımadığını iddia etdiyi halda, həmin şəxslər onu açıq şəkildə müdafiə edir, “həci gözəl insandır, bizə hər zaman yaxşılıq edib” deyə bildirirlər. Bu ziddiyyət isə istintaq üçün əlavə suallar yaradır.

Ortaya çıxan mənzərə göstərir ki, məsələ təkcə bir bələdiyyə sədrinin fəaliyyəti ilə məhdudlaşmır. Burada söhbət yerli özünüidarəetmə institutlarının şəffaflığı, hüquqi məsuliyyəti və ən əsası, vətəndaşın dövlətə olan inamından gedir. Əgər aylar öncə toplanmış materiallar hələ də hüquqi qiymətini almayıbsa, bu, korrupsiya ilə mübarizədə ictimaiyyətə verilən mesaj baxımından ciddi suallar doğurur.

"DogruXeber.tv" olaraq məsələni diqqətdə saxlayırıq və ümid edirik ki, yaxın günlərdə Qobu bələdiyyə sədri Araz Nəcəfovun fəaliyyəti ilə bağlı obyektiv araşdırma aparılacaq, hüquqi qiymət veriləcək və ictimaiyyət rəsmi şəkildə məlumatlandırılacaq. Çünki susqunluq davam etdikcə, itirilən təkcə torpaq deyil — ədalətə olan inamdır.(DogruXeber.tv)