Naxçıvanda camaatı BU YOLLA QAÇAQ SALIRLAR... - NARAZILIQ VAR...
Gündəm / Sosial
Bu gün, 12:38
12
Naxçıvanda 2018-ci ildən əvvəl istehsal olunan avtomobillərlə taksi fəaliyyətinə qadağa qoyulduğu bildirilir. Sürücülər iddia edirlər ki, bu qadağanın arxasında monopolist taksi şirkətləri ilə yerli Avtomobil Yolları Dövlət Agentliyi arasındakı maraq əlaqələri dayanır.
Onların fikrincə, məqsəd fərdi taksiləri bazardan sıxışdırmaq və taksi şirkətlərinin üstünlük qazanmasına şərait yaratmaqdır.
Yeni maşın almağa imkanı çatmayan sürücülər isə işsiz qaldıqları üçün Naxçıvanı tərk etməyə məcbur olduqlarını deyirlər.
Sürücülərdən H. Məmmədov bildirir ki, tətbiq olunan məhdudiyyət onun gündəlik qazancını tam dayandırıb:
“Maşınım 2017-ci il istehsalıdır. İşləməyə qoymurlar, müştəri götürən kimi gəlib mane olurlar. Qalmışıq çarəsiz. Məncə, bütün bunlar taksi monopoliyasına xidmət edir. Yerli Avtomobil Yolları Dövlət Agentliyinin də həmin şirkətlərlə əlbir olduğunu düşünürük. Şirkətlərdən hər ay pul alındığını, məbləğ artırılanda isə fərdi taksilərin bazardan sıxışdırıldığını deyirlər.
Yeni maşın almağa imkanım yoxdur. İlkin ödəniş edib kreditə götürə bilərəm, amma o krediti necə ödəyəcəyəm? İnsanların sosial vəziyyəti ağırdır. İmkanı olanın da öz maşını var. Hazırda çörək pulumu belə çıxara bilmirəm. Burada başqa iş də yoxdur. Məcburam ailəmi dolandırmaq üçün başqa yerə gedim”.
A. Nuriyev isə bütün sənədlərinin qaydasında və avtomobilinin saz olmasına baxmayaraq işləməsinə icazə verilmədiyini bildirir:
“Avtomobilim 2015-ci il istehsalıdır. Tam saz vəziyyətdədir. Kurs keçmişəm, imtahan vermişəm, sertifikatım var, bütün sənədlərim yerindədir.
Mənə demişdilər ki, avtomobilin 15 ili tamam olana qədər işləyə bilərsən, yəni 2030-cu ilə qədər. İndi isə deyirlər ki, işləyə bilməzsən. Yeni maşın almağa imkanım yoxdur. Məcbur qalıb Türkiyəyə işləməyə gedəcəyəm”.
"Gündəlik Naxçıvan"
