Xırdalanda köhnə bazar ətrafında obyekt inşası: icazə varmı, yoxsa növbəti qanunsuz tikinti? -VİDEO/FOTO

Gündəm
Bu gün, 17:26 24

Xırdalanda köhnə bazar ətrafında obyekt inşası: icazə varmı, yoxsa növbəti qanunsuz tikinti?

Xırdalan şəhəri, Heydər Əliyev prospektində, sakinlər arasında “köhnə bazar” kimi tanınan ərazinin birbaşa yaxınlığında aparılan tikinti işləri ictimai narahatlıq doğurmaqdadır. Ərazidə aparılan müşahidələr göstərir ki, torpaq sahəsi tamet daşları ilə döşənib, üzərində isə artıq dəmir konstruksiya quraşdırılaraq obyekt inşasına başlanılıb.

Sözügedən ərazi uzun müddətdir ki, ümumi istifadə zonası kimi tanınıb və yaşayış binalarına, eləcə də piyada hərəkətinin intensiv olduğu məkana yaxın yerləşir. Belə bir ərazidə aparılan tikinti işlərinin hansı əsaslarla həyata keçirildiyi sual altındadır.

Diqqət çəkən əsas məqamlardan biri də tikinti aparılan sahədə heç bir məlumat lövhəsinin mövcud olmamasıdır. Halbuki Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, hər hansı obyektin inşası zamanı layihə sənədləri, icazə verən qurum, tikintinin təyinatı və sifarişçi barədə məlumat açıq şəkildə göstərilməlidir.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə rəsmi jurnalist sorğusu ünvanlamışıq. Sorğuda tikintinin qanuniliyinə, icazə sənədlərinin mövcudluğuna, layihənin kim tərəfindən və hansı təyinatla icra olunduğuna dair konkret suallar yer alıb.

Lakin qeyd etməliyik ki, sorğunun göndərilməsinə baxmayaraq, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən bu günədək redaksiyamıza hər hansı rəsmi cavab təqdim edilməyib. Bu isə ictimai maraq doğuran məsələ ilə bağlı şəffaflığın təmin olunmaması ilə bağlı əlavə suallar yaradır.

Xırdalan şəhərində son illər bu tip tikinti işlərinin artması sakinlərin narazılığına səbəb olmaqla yanaşı, şəhərsalma qaydalarının icrasına nəzarətin yetərli olub-olmaması məsələsini də gündəmə gətirir. Qanunsuz tikintilərin sonradan fakt qarşısında qalaraq leqallaşdırılması praktikasının mövcudluğu ilə bağlı iddialar da məhz bu cür hallarla əlaqələndirilir.(BakuNews.az)

Redaksiya olaraq məsələni diqqətdə saxlayır, aidiyyəti qurumların mövqeyini dinləməyə və təqdim ediləcək istənilən rəsmi açıqlamanı dərc etməyə hazırıq.