Xırdalanda qanunsuz tikinti iddiaları: İcra hakimiyyətində himayədarlıq - İDDİA FOTO/VİDEO
Gündəm / Aktual
Bu gün, 18:08
26
Xırdalan şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında aparılan tikinti işləri ilə bağlı ciddi qanunsuzluq iddiaları gündəmə gəlib. Ərazi sakinlərinin və sosial şəbəkə istifadəçilərinin dəfələrlə paylaşım etməsinə baxmayaraq, sözügedən tikinti ilə bağlı indiyədək aidiyyəti qurumlar tərəfindən hər hansı rəsmi reaksiya müşahidə olunmur.
Məsələ ilə bağlı etibarlı mənbələrdən redaksiyamıza daxil olan məlumatlara görə, qeyd edilən tikintinin arxasında yerli icra hakimiyyəti strukturlarında çalışan Kənan adlı məmurun himayədarlığı ehtimal edilir. İddialara əsasən, məhz bu himayədarlıq səbəbindən tikinti prosesi sürətlə və maneəsiz şəkildə davam etdirilir.
Paylaşılan görüntülərdən də aydın olur ki, tikinti işləri yaşayış zonasına bitişik ərazidə, heç bir məlumat lövhəsi, icazə sənədi və ya təhlükəsizlik tədbirləri olmadan aparılır. Bu isə Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra tələblərinin pozulması ehtimalını gücləndirir.
Qanunvericiliyə əsasən, istənilən tikinti işi müvafiq icra hakimiyyəti orqanlarının razılığı, layihə sənədləri və dövlət reyestrində qeydiyyat əsasında aparılmalıdır. Əks halda bu cür fəaliyyət qanunsuz tikinti hesab olunur və dayandırılmalıdır.
Sakinlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə şikayətlər edilsə də, nə Abşeron Rayon İcra Hakimiyyətindən, nə də digər nəzarət qurumlarından hər hansı rəsmi cavab alıblar. Bu isə ictimaiyyətdə haqlı olaraq suallar yaradır:
– Qanunsuz tikintiyə niyə göz yumulur?
– İddia edilən himayədarlıq faktı araşdırılıbmı?
– Qanun hamı üçün eynidirmi?
Qeyd edək ki, qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb. Mövzu ilə bağlı rəsmi açıqlama verildiyi təqdirdə, həmin mövqe dərc ediləcək.(Bakunews.az)
Redaksiyamız məsələni diqqətdə saxlayacaq və baş verənlərlə bağlı araşdırmaları davam etdirəcək.

