Ağacları məhv edib gecə ilə "Çaydan" - Cafe Bisto adlı çayxana tikdilər - 20 Yanvar mühasirədə - VİDEO

Gündəm / Sosial
Bu gün, 15:46 29

20 Yanvar metrostansiyası Bakının Yasamal rayonu ərazisində, Tbilisi prospektində yerləşən və paytaxtın ən vacib nəqliyyat qovşaqlarından biri sayılan ərazilərdəndir. Bu zonada illərdir piyada hərəkəti, tıxaclar və sıxlıq daim müzakirə mövzusu olub. Qanunvericiliyə görə isə metro çıxışları və ətraf ərazilər sərbəst, təhlükəsiz və maneəsiz gediş-gəliş üçün açıq olmalıdır.

Amma reallıq tam fərqlidir.

20 Yanvar metrosunun çıxışında növbəti qanunsuz tikinti ortaya çıxıb.

Bizimesr.az-a daxil olan məlumata görə, “Çaydan = Cafe Bistro” adı altında fəaliyyətə başlayan obyekt çox qısa müddətdə inşa edilib. İddialara görə, tikinti gecə saatlarında aparılıb. Ərazidə mövcud olan yaşıllıq sahəsi və ağaclar məhv edilib.

Bu ərazini tanıyan Bakı sakinləri yaxşı bilir ki, 20 Yanvar metrosunun ətrafı, xüsusilə də hazırda obyektin yerləşdiyi sahə vaxtilə yaşıllıq zolağı olub. Bu gün isə həmin ərazi daha bir kafe-restorana qurban verilib.

İllərdir Yasamal rayonunda yaşıllıqların, səkilərin və ictimai sahələrin “parça-parça” kafe, restoran və mağazalara çevrildiyi barədə saysız-hesabsız şikayətlər var. Rayonun əvvəlki icra başçıları bu prosesi sistemli şəkildə aparıb. İndi isə bu praktikanın Yasamal rayonunun hazırkı icra başçısı Elşad Həsənov tərəfindən davam etdirildiyi iddia olunur.

Suallar uzun illərdir açıq qalır - Əgər bu ərazi hansısa formada satılıbsa və ya kimlərinsə maraqları naminə görməzdən gəlinirsə, bəs Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri hara baxır? Digər aidiyyəti qurumlar niyə susur? Metro çıxışında, ictimai istifadədə olan ərazidə gecə ilə tikinti aparılır, ağaclar kəsilir, amma heç bir reaksiya verilmir?

Qeyd edək ki, şəhərdə tikilən obyektlərə, ümumiyyətlə, şəhərsalma məsələlərinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzarət etməlidir. Komitənin rəhbəri Anar Quliyevdir.

Bizimesr.az məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən açıqlama almağa çalışsa da, suallarımıza cavab verən tapılmadı - 20 Yanvar metrosu artıq nəqliyyat qovşağı yox, qanunsuz tikintilərin vitrininə çevrilir. Susqunluq isə bu prosesin ən böyük himayədarıdır.(Bizimesr.az)