Anaya uşağın sağlam, ataya isə xəstə olduğu barədə arayışlar verilib - Poliklinikaya CİDDİ İTTİHAM

Gündəm / Aktual
Bu gün, 16:40 25

Bakı şəhərinin Xətai rayonunda yerləşən 4 saylı uşaq poliklinikasına qarşı ciddi iddia

AFN.az xəbər verir ki, poliklinikanın uşağın sağlamlığı ilə bağlı ata və anaya fərqli, bir-birinə zidd tibbi sənədlər təqdim etdiyi iddia olunur.

Şikayətçi ana Şahnaz Fərhad qızı İsmayılova bildirib ki, ona övladının sağlam olması barədə 26U tibbi arayışı təqdim edilib:

"Lakin uzun illərdir ki, uşağı ilə maraqlanmayan atasına məhkəmədə istifadə etməsi məqsədilə uşağın guya qarnının kistalarla dolu və ağır xəstə olduğu barədə arayış verilib", - deyə Ş.İsmayılova qeyd edib.

Vətəndaş iddia edir ki, həmin xəstəlik Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)in elektron informasiya sistemində mövcud deyil:

"Poliklinika sistemdə olmayan diaqnozu kağız üzərində ataya təqdim edib. Mən yoxladanda isə uşağın sağlam olduğu bildirilib, sadəcə, ürəyində problem aşkar edilib və bu diaqnoz rəsmi şəkildə 'e-tabib' elektron informasiya sisteminə daxil edilib. Lakin buna baxmayaraq, poliklinika uşağın müalicəsindən imtina edir".

Şikayətçi bildirib ki, oğlu Y.E. İsmayılov doğulduğu gündən 4 saylı uşaq poliklinikasında qeydiyyatda olub, ancaq 2020-ci ildə poliklinika rəhbərliyi uşağı ananın xəbəri olmadan qeydiyyatdan çıxarıb:

"Hazırda arxiv sənədləri gizlədilir və uşağın guya həmin poliklinikada heç vaxt qeydiyyatda olmadığı iddia edilir. Məqsəd uşağın əvvəlki tibbi tarixçəsini aradan qaldırmaqdır".

Şahnaz İsmayılova əlavə edib ki, poliklinika uzun müddət uşağı yenidən qeydiyyata almaqdan imtina edib və tibbi xidmət göstərilməsinə mane olub:

"Yalnız çoxsaylı müraciətlərdən sonra qeydiyyat bərpa edilib. Bununla yanaşı, poliklinikanın Səlminaz adlı həkimi mənə qarşı hədə və təzyiq göstərib".

Ş.İsmayılova bildirib ki, məhkəmənin uşağın məndə qalması ilə bağlı qərarı olmasına baxmayaraq, poliklinika rəhbərliyi 14 yaşlı uşağın tibbi sənədlərini saxtalaşdıraraq bu qərarın dəyişdirilməsinə əsas yaratmağa cəhd edir.

O əlavə edib ki, uşağın atasına dəfələrlə müraciət edib: "Ona demişəm ki, əlində oğlumun xəstə olması ilə bağlı sənəd varsa, birgə müayinəyə gedək. Lakin o, imtina edib, çünki müalicədə maraqlı deyil, sənədi yalnız məhkəmədə istifadə etmək istəyir".

Məsələ ilə bağlı müvafiq quruma sorğu verilib.

AFN.az