Xaçmaz rayonunun Çiləgir kəndində elektrik xətləri bir ildən çoxdur qəzalı vəziyyətdədir – sakinlər ölüm təhlükəsi ilə üz-üzədir
Gündəm / Sosial
Bu gün, 12:02
59
Xaçmaz rayonunun Çiləgir kəndində elektrik xətlərinin vəziyyəti artıq kritik həddə çatıb. Kənd ərazisində yerləşən işıq xətləri bir ildən artıqdır ki, ciddi qəzalı vəziyyətdədir və bəzi hissələr demək olar ki, yerlə sürünür. Bu isə istənilən an ağır faciəyə, hətta insan ölümünə səbəb ola biləcək real təhlükə deməkdir.
Kənd sakinlərinin bildirdiyinə görə, məsələ ilə bağlı Xaçmaz Rayon Azərişıq İdarəsinin yerli şöbəsinə dəfələrlə həm şifahi, həm də yazılı müraciətlər edilib. Lakin bütün müraciətlərə baxmayaraq, indiyədək heç bir real tədbir görülməyib. Sakinlər hər dəfə “bu gün-sabah” vədləri ilə yola verilir.
Hazırda elektrik xətlərinin təhlükəli vəziyyətdə qalması sakinlərin gündəlik həyatını risk altına salır. Xüsusilə uşaqlar, yaşlılar və kənd ərazisində hərəkət edən insanlar üçün bu vəziyyət yüz faiz ölüm təhlükəsi yaradır. Buna baxmayaraq, məsul qurumun biganə münasibəti narahatlıq doğurur.
Sakinlər hesab edirlər ki, Xaçmaz Rayon Azərişıq İdarəsinin yerli şöbəsi bir ildən artıqdır ki, onları açıq-aşkar təhlükəli şəraitdə yaşamağa məcbur edir. Məsul qurumun bu laqeydliyi ağır nəticələrə səbəb olmadan dərhal aradan qaldırılmalıdır.
Çiləgir kənd sakinləri aidiyyəti qurumlardan, o cümlədən “Azərişıq” ASC-nin rəhbərliyindən və müvafiq dövlət nəzarət orqanlarından vəziyyətə təcili müdaxilə etməyi, qəzalı elektrik xətlərinin dərhal bərpa olunmasını tələb edirlər. (BakuNews.az)
