Xaçmaz şəhər 8 nömrəli liseyin direktor kürsüsü hərraca çıxarılıb?

Gündəm / Aktual
Bu gün, 16:16 37
Xaçmaz şəhər 8 nömrəli liseyin direktor kürsüsü hərraca çıxarılıb?

Quba-Xaçmaz Regional Təhsil İdarəsi ilə bağlı son günlərdə dərc etdiyimiz silsilə araşdırma yazılarından sonra redaksiyamıza daxil olan məlumatlar kifayət qədər ciddi suallar yaradır. Etibarlı mənbələrdən əldə etdiyimiz informasiyalara əsasən, Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli lisey ətrafında gedən proseslər adi yoxlama və nəzarət çərçivəsindən xeyli kənara çıxıb.

Məlumata görə, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin İnzibati-Təşkilat Sektorunun müdiri Fikrət Heybətov özünə “direktor yolu” açmaq məqsədilə məhz 8 nömrəli liseyə ard-arda yoxlamalar təyin etdirir. Bu yoxlamalar zamanı liseyin direktor müavinlərinə töhmət verilməsi, yaxud onların direktor vəzifəsinə iddiadan imtina etməsi üçün müxtəlif formal və qeyri-formal təzyiq mexanizmlərinin işə salındığı iddia olunur.

Eyni prosesdə Tədrisin Keyfiyyəti Sektorunun məsləhətçisi Məmmədşah İsrafilovun da xüsusi canfəşanlıq göstərdiyi bildirilir. Araşdırmalarımız zamanı diqqət çəkən məqamlardan biri də odur ki, Cəfər Cabbarlı adına Xaçmaz şəhər 6 nömrəli tam orta məktəbdə yarımştat direktor müavini işləyən Lalə İsrafilova məhz Məmmədşah İsrafilovun həyat yoldaşıdır.

Mənbələrin iddiasına görə, Məmmədşah İsrafilov da Fikrət Heybətovla oxşar ssenari üzrə hərəkət edir: 8 nömrəli liseyin hazırkı direktor müavinlərinin namizədlik imkanlarını yoxlamalar və inzibati təzyiqlərlə sıradan çıxarmaq, daha sonra isə direktor vəzifəsinin həyat yoldaşı Lalə İsrafilovaya həvalə olunmasına nail olmaqdır. Zamanla bu vəzifəni özünün tutması, mümkün olmadığı halda isə ailədaxili “varislik” planının reallaşdırılması əsas məqsəd kimi göstərilir.

Bütün bu deyilənlər bir daha sual doğurur: söhbət təhsilin keyfiyyətindən, yoxsa vəzifələrin şəxsi maraqlar naminə bölüşdürülməsindən gedir? Təhsil ocağının rəhbərliyi kompetensiya və şəffaflıq əsasında müəyyən edilməlidir, yoxsa kabinet oyunları ilə?

Ortaya çıxan mənzərə isə cəmiyyətdə haqlı olaraq belə bir rəy formalaşdırır: Xaçmaz şəhər 8 nömrəli liseyin, yəni ulu öndərin həyat yoldaşı Akademik Zərifə Əliyevanın adına olan təhsil ocağının direktor kürsüsü faktiki olaraq “hərraca” çıxarılıb.

BakuNews.az