Saleh Məmmədovu bu şəxs əvəz edə bilər - AAYDA-da yeni təyinat gözlənilir

Gündəm / Aktual
Bu gün, 16:25 22
Saleh Məmmədovu bu şəxs əvəz edə bilər - AAYDA-da yeni təyinat gözlənilir

Uzun illərdir Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsində çalışan Saleh Məmmədovun yaxın vaxtlarda vəzifəsindən uzaqlaşdırılması gözlənilir.

Bizimesr.az-a daxil olan məlumata görə, son illər yol infrastrukturu ilə bağlı yaranmış vəziyyət, eləcə də daha ciddi səbəblər fonunda hakimiyyət Saleh Məmmədovla yollarını ayırmaq qərarı verib.

Məlumata görə, AAYDA-nın yeni İdarə Heyətinin sədri vəzifəsinə namizəd artıq bəllidir. Bu posta AAYDA-nın İdarə Heyəti sədrinin müavini Əli Hacıyevin təyin ediləcəyi bildirilir.

Qeyd edək ki, Əli Hacıyev 2024-cü ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yeni yaradılmış İnvestisiya Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Elə həmin ilin 4 fevral tarixində isə AAYDA-nın İdarə Heyəti sədrinin müavini vəzifəsinə gətirilib.

Əli Hacıyev bu vəzifələrə qədər müxtəlif dövlət qurumlarında yüksək postlarda çalışıb. O, Dövlət Neft Şirkətinin Aparatında, İqtisadi İnkişaf Nazirliyinin Dövlət investisiyaları şöbəsində, “AzerGold” QSC-də, eləcə də İqtisadiyyat Nazirliyində nazirin müşaviri və Dövlət investisiyaları şöbəsinin müdiri kimi məsul vəzifələrdə fəaliyyət göstərib.

Məlumata əsasən, Saleh Məmmədovun vəzifədən uzaqlaşdırılması ilə yanaşı, onun uzun illər ərzində formalaşdırdığı ətrafının da AAYDA-dan kənarlaşdırılması gözlənilir.

Xüsusilə qeyd olunur ki, Saleh Məmmədovun yaxın adamlarının qurumun struktur bölmələrində yüksək vəzifələrə yerləşdirilməsi ciddi idarəetmə problemlərinə yol açıb. Həmçinin, son illərdə keçirilən tenderlərdə böyük məbləğdə yeyinti faktlarının olması ilə bağlı iddialar mövcuddur.

Məsələ ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib.

Bizimesr.az