Səhiyyədə saxta ixtisas qalmaqalı: “Vest Hospital”a kimlər göz yumub? -TƏFSİLAT
Gündəm / Aktual
Bu gün, 15:24
17

Bir müddət əvvəl Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən “Vest Hospital” MMC-də aparılan yoxlama səhiyyə sistemində nəzarət mexanizmlərinin necə işlədiyi və necə işləmədiyi ilə bağlı ciddi suallar doğurur. Rəsmi məlumata görə, klinikada ümumi cərrahların plastik cərrahiyyə ixtisası üzrə sertifikasiya şəhadətnaməsi olmadan praktik fəaliyyətə buraxılması faktı aşkarlanıb. Bu isə artıq inzibati pozuntu deyil, birbaşa pasiyent təhlükəsizliyi məsələsidir.
Mərkəzin açıqlamasında bildirilir ki, 2023-cü ildən klinikada tibb işləri üzrə direktor müavini vəzifəsində çalışan ümumi cərrah Rəşid Əliyev və digərləri plastik cərrahiyyə üzrə sertifikasiya sənədi olmadan tibbi xidmət göstəriblər.


“Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna və Nazirlər Kabinetinin təsdiq etdiyi həkimlərin sertifikasiyası qaydalarına əsasən, ixtisas uyğunluğu olmadan tibbi praktikaya buraxılma qadağandır. Plastik cərrahiyyə isə yüksək riskli ixtisas sahəsidir və burada ixtisaslaşma sənədi olmadan fəaliyyət yalnız etik deyil, həm də hüquqi məsuliyyət yaradır.Tibb sahəsində lisenziya və sertifikasiya mexanizmi kağız üzərində sərt olsa da, praktikada belə halların baş verməsi onu göstərir ki, ya nəzarət formaldır, ya da müəyyən dairələr üçün qaydalar fərqli tətbiq olunur.
Əgər bir həkim illərlə plastik cərrah kimi xidmət göstərib və buna baxmayaraq sertifikasiya şəhadətnaməsi olmayıbsa, bu zaman verilən əməliyyat qərarlarının hüquqi statusu nədir?
Xəlil Göyüşov və Cavid Qurbanov "tandemi"
Klinikanın qanuni təmsilçisi Göyüşov Ramin Xəlil oğludur. Şirkət 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Maraqlı məqam isə budur ki, Ramin Göyüşovun atası Xəlil Göyüşov respublikada iri dövlət sifarişləri və tenderlərlə tanınan “Körpü-Bina-Tikinti” MMC-nin rəhbəridir.

Mediada yayılan məlumatlarda onun Azərbaycan Dəmir Yolları QSC-nin keçmiş sədri, hazırda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov ilə yaxın əlaqələrə malik olduğu iddia olunur.Azərbaycan Dəmir Yolları-nın keçmiş sədri, hazırda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov uzun illər iri infrastruktur layihələrinin icrasında qərarverici mövqedə olub.

Dövlət satınalmaları sistemində belə vəzifələr tender proseslərinə təsir imkanları baxımından həssas sayılır.Hər hansı sahibkar və ya şirkət rəhbəri yüksək vəzifəli məmurla yaxın münasibətlərə malikdirsə, bu özü-özlüyündə dövlət tenderlərində davamlı üstünlük,rəqabət mühitinin pozulması,yoxlamalara formal yanaşma və ya vəzifə səlahiyyətlərindən sui-istifadə kontekstində qiymətləndirilə bilər.
“Dövlət satınalmaları haqqında” qanun və korrupsiyaya qarşı mübarizə mexanizmləri məhz belə halların qarşısını almaq üçün nəzərdə tutulub. Əgər hansısa şirkət illər boyu iri həcmli tenderləri udursa və eyni zamanda həmin şirkət rəhbərinin ailə üzvü başqa sahədə – məsələn, səhiyyə biznesində – sürətli kapital formalaşdırırsa, bu, ictimai nəzarət və maliyyə şəffaflığı baxımından suallar yaradır. Bu iddialar ortaya iki paralel sual çıxır ki,sertifikasiyasız plastik əməliyyatlara necə və kimlərin himayəsi ilə göz yumulub,iri dövlət tenderlərini udan şirkət rəhbərinin ailə üzvünün səhiyyə sektorunda böyük həcmli biznes qurması hansı maliyyə mənbələrinə əsaslanır?(mediatv.az)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Davamı var...