Abşeronda Su Təsərrüfatı: AİLƏ PODRATI... VƏ... - Burda su yerinə SUALLAR AXIR...

Gündəm / Aktual
Bu gün, 15:22 15


Abşeron yarımadasında su təminatı və suvarma sistemlərinin necə idarə olunması hər zaman strateji mövzu sayılır. Lakin Faktum.az bildirir ki, son vaxtlar bu həyati sahədən strateji idarəçilikdən çox, ailə dramlarını və qohumluq şəbəkələrini xatırladan iddialar sızmaqdadır. Görünür, Abşeronda bəzi idarələr dövlət resurslarını idarə etməyi sadəcə “ailə biznesi” qurmaq kimi başa düşüblər.
Müzakirələrin mərkəzində uzun illər Abşeron Suvarma Sistemləri İdarəsinə rəhbərlik etmiş, ardınca isə dərhal yeni yaradılmış Su Anbarlarının İstismarı İdarəsinə rəisi gətirilən Yusif Ələsgərovun adı keçir. İddialara görə, cənab Ələsgərov idarəçilik illərində peşəkarlıq meyarlarını kənara qoyaraq olduqca maraqlı bir kadr siyasəti yürüdüb. Onun vasitəçiliyi ilə yaxın qohumu olduğu bildirilən, ixtisasca baytar olan Hidayət Rəcəbov Abşeronda Sudan İstifadəçilər Birliyinə rəhbər təyin olunub. Su təsərrüfatına baytar ixtisaslı kadrın rəhbərlik etməsi özlüyündə bir idarəçilik “şah əsəri” sayıla bilərsə də, məsələ bununla bitmir. Məlumatlara görə, Hidayət Rəcəbov da öz növbəsində “qohumcanlılıq” ənənəsini davam etdirərək iki qızını, kürəkənini, həyat yoldaşını və oğlunu müxtəlif vəzifələrə yerləşdirib. Ortaya çıxan mənzərə dövlət qurumundan çox, bir ailənin toplandığı xüsusi mülkü xatırladır. Deyəsən, Sumqayıtda restoran və iri kommersiya obyektlərinə sahib olduğu deyilən cənab Rəcəbov dövlət idarəsini də öz şəxsi şəbəkəsinin bir filialı hesab edib.
Təbii ki, bu dərəcədə geniş kadr “islahatları” fonunda əsas xidməti vəzifələrin necə icra olunması da maraq doğurur. İddialara görə, Yusif Ələsgərov rəhbərlik etdiyi dövrdə strateji su anbarlarının faktiki vəziyyətini yerində yoxlamaq əvəzinə, vaxtının böyük hissəsini kabinetdə Hidayət Rəcəbovla söhbətlərə həsr edib. İnsanların su təminatı və strateji obyektlərin təhlükəsizliyi kabinet rahatlığına qurban verildiyi bir vaxtda, bu şəxsin 20 ildən artıq eyni mövqedə qalması və sonra daha cavabdeh bir quruma rəhbər keçməsi idarəçilik möcüzəsindən başqa bir şey deyil.
Bəs bütün bu baş verənlərin fonunda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov haradadır və nə ilə məşğuldur?
Quruma rəhbərlik etdiyi dövrdə şəffaflıq və müasir idarəçilik vədləri verən Zaur Mikayılovun gözü qarşısında tabeliyindəki idarələrin “qohum-əqrəba birliyinə” çevrilməsi cavabsız suallar yaradır. Zaur müəllimin tabeliyində olan idarələrdə baytarın su idarə etməsinə, bir qurumda tam bir ailə heyətinin məskunlaşmasına və strateji su anbarlarının nəzarətsiz qalmasına seyrçi mövqe tutması, sadəcə idarəçilik zəifliyi deyil, həm də ciddi məsuliyyətsizlikdir.
ASC rəhbərliyinin bu cür mənzərəyə göz yumması və ya xəbərsiz olması idarəetmə sükanının nə dərəcədə boş buraxıldığının bariz göstəricisidir.
Dövlət vəsaiti hesabına saxlanılan və strateji əhəmiyyət kəsb edən bir sahənin bu cür şəxsi maraqlara təslim edilməsi cavabsız qala bilməz. Zaur Mikayılov və rəhbərlik etdiyi ASC bu iddialara nə vaxtsa aydınlıq gətirəcək, yoxsa su təsərrüfatındakı bu “bulaq” yalnız qohumların bəhrələnməsi üçün axmağa davam edəcək?
Faktum.az