Bakıda qutabı 75 manata satan iş adamı Rusiyaya 1.5 milyard aparıb - İLGİNC
Gündəm / Sosial
Bu gün, 09:42
14
Bugünlərdə sosial mediada “Bakıda qutabı 75 manata satması” ilə gündəmə gələn iş adamı Araz Mehdiyev haqqında yeni və maraqlı məlumatlar üzə çıxıb.
Xatırladaq ki, bu barədə məlumatda məşhur “Cənnət Gəncə” restoranından bəhs olunurdu.
Gununsesi.info-ya daxil olan məlumatda isə məlum olub, “Cənnət Gəncə” restoranını icarəyə götürən Araz Mehdiyev əslində çox imkanlı iş adamı olub.
Belə ki, Araz Mehdiyevin özü və dostları ilə əlaqəli şirkətin Rusiyaya 2.5 milyard dollar nağd pul gətirdiyi üzə çıxıb.
Bu barədə dünyanın nüfuzlu “Reuters” agentliyinin məlumatını redaksiyamıza təqdim edən mənbəmiz bildirib ki, beynəlxalq sanksiyalara baxmayaraq, Rusiyaya 2,3 milyard dollar və avro məbləğində nağd xarici valyuta gətirilib.
Araşdırmaya görə, Rusiyaya gətirilən nağd valyutanın təxminən 1,5 milyard dolları “Aero-treyd” şirkətinin payına düşüb. Şirkətin Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsi ilə əlaqəli olduğu bildirilir.
Məlumata görə, 2022-ci ilin martından 2023-cü ilin dekabrınadək şirkət hər biri 20 milyon dollar olmaqla, ümumilikdə 73 valyuta partiyasını bəyan edib.
Bununla belə, “Aero-treyd” Rusiyaya valyuta tədarükü ilə məşğul olmadığını bildirib.
“Aero-treyd” iş adamı Andrey Martınyukun ailəsinə məxsusdur. Şirkət Moskvanın Vnukovo hava limanı da daxil olmaqla, Rusiyanın beş şəhərindəki hava limanlarında rüsumsuz ticarət (duty-free) mağazalarını idarə edir.
Araşdırmada qeyd olunur ki, 2017–2020-ci illərdə şirkətin idarəçiliyi Martınyukdan əslən azərbaycanlı olan Yaşar Nəbiyevə keçib.
“Getcontact” tətbiqinin məlumatlarına əsasən, Nəbiyevin telefon nömrəsi bəzi istifadəçilərdə “Yaşar Araz Mehtiyev” və “Arazın köməkçisi” adları ilə qeyd olunub.
Araşdırma müəllifləri ehtimal edirlər ki, burada azərbaycanlı iş adamı Araz Mehdiyev nəzərdə tutulur. Onun Yaşar Nəbiyevlə əlaqəli olduğu bildirilir. Hər iki şəxsin digər iş adamı Seymur Aslanovla birlikdə rüsumsuz ticarət sahəsində fəaliyyət göstərdiyi qeyd olunur.
Araz Mehdiyev Moskva hava limanlarında duty-free biznesinin əsas fiqurlarından biri kimi təqdim edilir. O, Şeremetyevo və Domodedovo hava limanlarında fəaliyyət göstərən iri rüsumsuz ticarət operatorlarının ortaq sahibidir.
Seymur Aslanov vasitəsilə Mehdiyevin İsveçrənin Avolta şirkəti ilə də biznes əlaqələrinin olduğu bildirilir. Avolta Vnukovo hava limanında mağazalar idarə edir.
Valyutanın gömrük rəsmiləşdirilməsi Domodedovoda aparılıb
“Reuters”in məlumatına görə, “Aero-treyd” və Araz Mehdiyev Domodedovo hava limanında Mehdiyevə məxsus duty-free operatorundan müəyyən avadanlıqları icarəyə götürüblər.
Rusiyaya gətirilən nağd valyutanın gömrük rəsmiləşdirilməsi də məhz Domodedovo hava limanında aparılıb.
Araşdırmalarda Araz Mehdiyevin bu yüksəlişinə səbəb isə onun keçmiş qaynatası olan Putinin universitet yoldaşı İlham Rəhimovun rolu danılmazdır.
On milyonlarla vəsaitin idarə olunmasında birbaşa iştirak edən Araz Mehdiyevin Bakıda icarəyə götürdüyü restoranda qutabı 75 manata satması isə təəccübə və suallara səbəb olub.
