"Evimizə girib-çıxa bilmirik, xəstəmiz var, təcili yardım gələ bilmir" - NARAZILIQ VAR...
Gündəm / Sosial
Bu gün, 16:04
12
Biləcəri qəsəbəsində çoxmərtəbəli binanın tikintisi sakinlərin narazılığına səbəb olub. Ağaclar kökündən çıxarılıb, yollar yararsız vəziyyətə düşüb, ətrafdakı yaşayış evlərinin təhlükəsizliyi isə sual altına düşüb.
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsində aparılan tikinti işləri ciddi narazılıq doğurub.
Nyus.Az-ın redaksiyasına müraciət edən sakinlərin sözlərinə görə, ərazidəki köhnə mənzillər sökülüb, çoxsaylı ağaclar kökündən çıxarılaraq yerində çoxmərtəbəli binanın inşasına başlanılıb.
Sakinlər bildirirlər ki, tikinti üçün aparılan kotlovan qazıntıları nəticəsində məhəllədaxili yol sıradan çıxıb, evlərə giriş-çıxış çətinləşib. Gecə-gündüz davam edən ağır texnika işlərinin yaxınlıqdakı evlərdə çatların yaranmasına səbəb olduğu da iddia edilir.
“Evimizə girib-çıxa bilmirik, xəstəmiz var, təcili yardım gələ bilmir. Uşaqlarımız həyətə çıxıb oynaya bilmirlər. Bu vəziyyətə kim cavab verəcək?” – deyə sakinlər narazılıqlarını bildiriblər.
Məsələnin daha bir diqqətçəkən tərəfi isə sakinlərin tikintini Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin adı ilə əlaqələndirməsidir. Bu iddialar hələlik rəsmi təsdiqini tapmayıb.
Bəs görəsən, ağacların kökündən çıxarılmasına kim icazə verib? Ekologiya və Təbii Sərvətlər Nazirliyi niyə məsələyə münasibət bildirmir? Binəqədi Rayon İcra Hakimiyyəti ərazidə yaranmış vəziyyətə niyə müdaxilə etmir?
Əgər tikinti bütün qanuni tələblərə uyğun aparılırsa, aidiyyəti qurumlar bunu ictimaiyyətə açıqlamalıdırlar. Yox, əgər qanun pozuntuları varsa, məsul şəxslər barəsində tədbir görülməlidir.
Görəsən, Binəqədi Rayon İcra Hakimiyyəti bu tikinti qarşısında həqiqətənmi aciz qalıb, yoxsa sakinlərin iddia etdiyi kimi, burada şeyx amili rol oynayır?
Nyus.Az
