Şirvan xəstəxanasında xəstəyə kobud münasibət: “Əziyyət çəkirsinizsə, gəlməyin bura!”
Gündəm / Sosial
Bu gün, 17:42
10
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında dərman əldə etmək üçün tətbiq olunan prosedurlar, uzun növbələr və tibb işçisinin vətəndaşla davranışı ilə bağlı şikayət səsləndirilib.
“Real Azərbaycan” xəbər verir ki, əlil vətəndaş, ictimai fəal Akif Cəfərov Azadxan oğlu TƏBİB rəhbərliyinə ünvanladığı müraciətdə 24 noyabr 2026-cı il tarixində dərmanlarını əldə etmək üçün Şirvan Şəhər Mərkəzi Xəstəxanasına müraciət edərkən qarşılaşdığı problemləri diqqətə çatdırıb.
Müraciət müəllifi bildirir ki, dərmanları əldə etmək üçün ilk olaraq resepsiyonda elektron sistem vasitəsilə çek almaq tələb olunur. Lakin bu mərhələdə əməkdaşların sayının az olması səbəbindən ciddi sıxlıq və uzun növbələr yaranır. Onun sözlərinə görə, vətəndaşlar saatlarla ayaq üstə növbə gözləmək məcburiyyətində qalırlar.
Çek əldə etdikdən sonra isə xəstələr anket otağına yönləndirilir. Müraciətdə qeyd olunur ki, hər gün yüzlərlə vətəndaşa xidmət göstərilən həmin otaqda cəmi 3-4 tibb işçisinin çalışması növbələrin daha da uzanmasına, sıxlıq və basabasın yaranmasına səbəb olur.
Akif Cəfərov vurğulayır ki, söhbət adi dövlət müəssisəsində növbə gözləyən vətəndaşlardan deyil, müalicə almaq üçün xəstəxanaya üz tutan, yaşlı, əlilliyi olan, ağrıları səbəbindən ayaq üstə dayanmaqda çətinlik çəkən insanlardan gedir.
Müraciət müəllifi bu vəziyyətin xəstələr üçün əlavə əziyyət yaratdığını bildirərək, belə bir xidmət təşkilatının hansı prinsiplərə uyğun qurulduğunu sual edir.
Şikayətə görə, bütün bu mərhələlərdən sonra aidiyyəti həkimin qəbuluna düşmək mümkün olur. Həkim dərmanları təyin edir, resepti hazırlayır, imzalayır və möhürləyir. Lakin dərmanları əldə etmək üçün bundan sonra da əlavə prosedur tələb olunur. Belə ki, reseptə poliklinika rəhbərinin ikinci möhürünün vurulması zəruri hesab edilir.
Akif Cəfərov həmin əlavə prosedurun hansı normativ sənədə əsaslandığını və həkim tərəfindən imzalanıb möhürlənmiş reseptə ikinci möhür vurulmasının hansı zərurətdən irəli gəldiyini soruşur.
Müraciətdə bu prosesin nəticəsində poliklinika rəhbərinin qəbulunun qarşısında da növbələrin yarandığı qeyd olunur. Müəllif həmçinin poliklinikaya rəhbər təyin olunan Aygün adlı tibb işçisinin əvvəllər pediatr kimi fəaliyyət göstərdiyini bildirərək, onun bu vəzifəyə təyin olunması məsələsinin də araşdırılmasını istəyir.
Şikayətçi reseptlərini ikinci möhürlə təsdiqlətmək üçün həmin əməkdaşın qəbuluna daxil olarkən prosedurla bağlı etirazını bildirdiyini, lakin qarşılığında sərt və etik normalara uyğun olmayan münasibətlə üzləşdiyini iddia edir.
Müraciətdə Aygün adlı əməkdaşın onunla söhbət zamanı yüksək səslə və kinayəli tərzdə belə ifadələr işlətdiyi qeyd olunur:
“Sizin kimi xəstələr çox gəlib-gedib bura. Hamısı da bu vəziyyətdən şikayət edir. Bəsdirin daha! Birdəfəlik bilin ki, bu işlər belə olub və belə də olacaq. Hara ürəyiniz istəyir, müraciət edin, bildirin! Biz belə işləyirik. Əziyyət çəkirsinizsə, gəlməyin bura!”
Akif Cəfərov bu münasibətin vətəndaşların şikayətlərinə yanaşma baxımından ciddi narahatlıq doğurduğunu bildirərək, dövlət tibb müəssisəsində xəstə məmnunluğunun və etik davranışın necə təmin olunmalı olduğu ilə bağlı suallar səsləndirir.
Müraciət müəllifi TƏBİB rəhbərliyindən Şirvan Şəhər Mərkəzi Xəstəxanasında dərmanların verilməsi prosesinin sadələşdirilməsini, xəstələrin eyni dərmanı əldə etmək üçün bir neçə otaqda saatlarla növbə gözləməsinin qarşısının alınmasını, əlilliyi olan şəxslər, yaşlılar və hərəkət məhdudiyyəti olan xəstələr üçün üstün xidmət mexanizminin tətbiq edilməsini tələb edir.
O, həmçinin poliklinika rəhbərinin vəzifəyə təyinatının, xəstələrlə ünsiyyətinin və etik davranış qaydalarına riayət etməsinin araşdırılmasını xahiş edir.
Akif Cəfərov müraciətinin formal şəkildə deyil, obyektiv araşdırılacağına və qeyd olunan problemlərin həlli istiqamətində tədbirlər görüləcəyinə ümid etdiyini bildirir.
