Əlcəzair fransalı diplomatları ölkədən çıxarır
Dünya
Dünən, 14:26
148
Əlcəzair Fransa Səfirliyinin 12 əməkdaşını ölkədən çıxarır.
Fransalı həmin diplomatların ölkəni tərk etməsi üçün 48 saat vaxt verilib.
Məlumata görə, bu, 1962-ci ildən bəri görünməmiş ilk belə addımdır.
Qeyd edək ki, Fransa və Əlcəzair arasında münasibətlər hələ cari ilin əvvəlində kəskinləşməyə başlamışdı. Bu zaman Fransanın daxili işlər naziri Bruno Retayo bildirmişdi ki, Əlcəzair rəhbərliyi Fransa tərəfindən müxtəlif qanun pozuntularına görə ölkədən çıxarılan ölkə vətəndaşlarını qəbul etməkdən imtina edərək “Fransanı alçaltmağa çalışır”.
İki ölkə arasında münasibətlər ötən həftə daha da gərginləşib. Belə ki, Paris prokurorluğu üç Əlcəzair vətəndaşına qarşı ağır cinayətlərdə iştiraka dair ittihamlar irəli sürüb. Onlardan biri Əlcəzairin Fransadakı konsulluqlarından birində çalışır. Həmin şəxslər 2024-cü ilin aprelində əlcəzairli influenser Amir Buxorun qaçırılmasında iştirakda günahlandırılıblar.
Əlcəzair Fransa hüquq-mühafizə orqanlarının bu addımını cavabsız qoymayacağını açıqlamışdı.