Leobank müştəriləri aldadır? – Kart qalığı ilə bağlı narazılıq

Gündəm / Sosial
Bu gün, 11:48 14

"Leobank"ın kartdakı qalıq vəsaitə faiz hesablanması ilə bağlı tətbiq etdiyi minimum ödəniş həddi müştəri narazılığına səbəb olub.
Sosial şəbəkə istifadəçiləri "Leobank"ın açıqladığı şərtlərin müştərilərdə yanlış təsəvvür yarada biləcəyini bildirirlər.
Qeyd edilib ki, bankın tariflərində qara Leo kartında 10 manatdan 999,99 manatadək qalıq üçün illik 5% faiz nəzərdə tutulsa da, hesablanmış faiz yalnız 1 manata çatdıqdan sonra ödənilir.
"Leobank"ın rəsmi saytında da göstərilir ki, faizlər kartdakı şəxsi vəsaitin qalığına gündəlik hesablanır, ödəniş isə hər ayın 1-də həyata keçirilir. Qara Leo kartında 10–999,99 manatlıq qalığa illik 5%, 1000 manat və daha yuxarı qalığa isə illik 6% hesablanır. Eyni zamanda, ödəniş üçün minimum məbləğ 1 manat müəyyən edilib.
Şikayətçi Ruslan Əlicanov deyir ki, bir ay ərzində hesablanan faizin 1 manata çatması üçün kartda təxminən 240 manat orta qalıq saxlanılmalıdır. Məsələn, 100 manat qalığa illik 5% dərəcə ilə bir ay üçün təxminən 0,42 manat faiz düşür.
Beləliklə, mübahisə 5%-lik illik faiz dərəcəsinin özündən deyil, hesablanan faizin ödənilməsi üçün 1 manatlıq minimum həddin tətbiqindən qaynaqlanır. Bankın hazırkı rəsmi tariflərində həm 5%-lik dərəcə, həm də “1 manatdan başlayaraq ödəniş” şərti göstərilib.
Leobank hələlik məsələ ilə bağlı hər hansı açıqlama verməyib.
Plat.az