Dələduzluq edən məmur DANIŞDI: "Çoxlu borcum vardı" - TƏFƏRRÜAT
Sosial
Bu gün, 12:34
14
Şəmkirdə dələduzluq edən məmurlara cinayət işi açılıb.
Lent.az-ın xəbərinə görə, rayon İcra Hakimiyyəti başçısı Aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi işləyən 33 yaşlı Fərid Allahverdiyev (şərti adla) və Mənzil İstismarı İdarəsində sahə rəisi olan 64 yaşlı Qədim Rzayev (şərti adla) dələduzluqda ittiham olunublar.
İttihama görə, Qədimin iş yoldaşı Nazim (şərti adla) gəlinini Qarabağlılar kəndindəki kitabxanaya müdir düzəltdirmək istəyib. Həmin şəxs bu niyyətini Qədimə bildirib. Qədim də bunu iclaslardan tanış olduğu Fəridə deyərək, işi həll edə bilib-bilməyəcəyini soruşub. Fərid Allahverdiyev Bakıdakı nüfuzlu tanışlarının sayəsində bu işi yerinə yetirə biləcəyinə söz verib. Bunun üçün o, 5500 manat pul lazım olduğunu Qədimə bildirib. Qədim bu məlumatı deyəndən sonra Nazim həmin məbləği onlara çatdırıb. Pulun 500-ü Qədimə, 5000-i isə Fəridə çatıb. Lakin Fərid Nazimin gəlinini kitabxanaya müdir təyin etmək üçün heç kimlə danışmayıb. Beləcə zərərçəkənin pulunu ələ keçirərək, şəxsi ehtiyaclarına sərf edib.
Fakt əsasında F. Allahverdiyev və Q. Rzayev saxlanılaraq, barələrində Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Fərid Allahverdiyev ifadəsində bildirib ki, 2018-ci ildən 2024-cü ilin iyun ayınadək Şəmkir rayon İcra Hakimiyyəti başçısı Aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi işləyib. 2024-cü ilin yanvar ayında maddi sıxıntıları olub və borcları artıb. Məhz pula ehtiyacı olduğu üçün məlum cinayəti törədib.
Hər iki təqsirləndirilən şəxs əməlindən peşman lduqlarını və zərərçəkənə dəymiş ziyanı ödədiklərini deyiblər. Fərid Allahverdiyev barəsində aparılan cinayət təqibinə xitam verilməsini, Qədim Rzayev isə barəsində amnistiya aktının tətbiq olunmasını istəyib.
Məhkəmənin qərarı ilə F. Allahverdiyev barəsində açılan cinayət işinə xitam verilib. Q. Rzayev barəsində isə amnistiya aktı tətbiq edilib. Onların hər ikisi məsuliyyətdən azad olunublar.
