Telman İsmayılovla Abid Şərifov arasında nə baş verir? - Məhkəmə yenə təxirə salındı
Gündəm / Cəmiyyət
1-04-2023, 14:47
141
"AST-Texnologiyaları” şirkətinin Azərbaycandakı filialı ilə "Evrascon” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında məhkəmə çəkişməsi dalana dirənib.
Tereqqi.az Qaynarinfo-ya istinadla xəbər verir ki, "Evtascon” ASC hələ ötən il "AST-Texnologiyaları” şirkəti ilə bağlı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatına verilib.
Hakim üç dəfə hazırlıq iclası təyin etsə də, baş tutmayıb. 12 yanvar 2023-cü il tarixə növbəti dəfə hazırlıq iclası təyin edilib. Əldə etdiyimiz məlumata görə, bu dəfə də iclas baş tutmayıb.
"Evrascon” ASC-nin yenidən məhkəməyə müraciət etdiyi bildirilir. Bu dəfə də iddia Nərmin Əhmədovanın icraatına verilib. Hələ ki, hazırlıq iclası keçirilməyib. İclasın vaxtı da müəyyənləşdirilməyib.
İki şirkət arasında məhkəmə çəkişməsinin bu qədər uzanmasının, hazırlıq iclaslarının baş tutmamasının səbəbləri bəlli deyil. Bəzi iddialara görə, səbəb qarşı tərəfin məhkəməyə gəlməməsi ilə bağlıdır.
"AST-Texnologiyalar” şirkətinin iş adamı Telman İsmaylova məxsus "AST Group”a daxil olduğu deyilir.
2017-ci ildə Telman İsmayılova iki sahibkarın qətlini təşkil etməklə bağlı ittiham irəli sürülüb və o, "İnterpol" xətti ilə axtarışa verilib. 2021-ci ildə onun Monteneqroda saxlanıldığı və barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilməsi barədə məlumat yayılıb. Lakin sonradan o azad edilib və iş adamına Monteneqroda sığınacaq verilib.
"Evrascon” ASC-nin isə baş nazirin keçmiş müavini Abid Şərifova məxsus olduğu barədə iddialar var.
Bir neçə ilə əvvəl mediada Abid Şərifovla bağlı araşdırma yazısı dərc edilib. Həmin materialda bildirilir ki, Abid Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı "Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir.
Şərifovların "Evrascon” ASC-yə birbaşa bağlılığını onların seçici siyahıları üzrə qeydiyyat ünvanı göstəriciləri də təsdiq edir. Onların hər ikisi Bakı şəhəri, Azadlıq prospekti, ev 144, mənzil 73 ünvanında qeydiyyatdadırlar. Bu, şirkətin reyestr göstəriciləri ilə eynilik təşkil edir.