Yaralı əsgərləri qəbul etmək üçün anamı süni tənəffüs aparatından ayırdım -Sumqayıtlı hərbi cərrah
Gündəm / Cəmiyyət
Dünən, 09:39
157
İkinci Qarabağ müharibəsində həkimlərimizin də az fədakarlığı olmayıb. Məhz həkimlərimizin fədakarlığı sayəsində istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində minlərlə döyüşçünün həyatını xilas etmək mümkün olub.
Onlardan da biri cərrah, ehtiyatda olan polkovnik-leytenant Emil Nəsibovdur. Uşaqlıqdan arzusu hərbi həkim olmaq olub. E. Nəsibov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 24 saylı tam orta məktəbdə təhsil alıb. Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində bir müddət təhsil aldıqdan sonra təhsilini yeni yaradılan Hərbi Tibb fakültəsində davam etdirib. Təhsilinin son iki ilini həmin fakültədə alıb. 2004-cü ildə tibb xidməti leytenantı hərbi rütbəsi ilə ön cəbhədə yerləşən hərbi hissələrdən birində xidmətə başlayıb. 2006-ci-2007-ci illərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalı təkmilləşmə kursu keçərək hərbi cərrah ixtisasına yiyələnib. Daha sonra Azərbaycan ordusunda tibb sahəsinə aid müxtəlif vəzifələri icra edib. Sonuncu iş yeri Silahlıq Qüvvələrin Baş Klinik Hospitalı olub. Orada şöbə müdiri işləyən E. Nəsibov 2021-ci ildə polkovnik-leytenant kimi ehtiyata buraxılıb.
Emil Nəsibovun Xeberle.com-a müsahibəsini təqdim edirik
- Bir həkim üçün müharibə nə deməkdir?
- Bir həkim üçün müharibə yuxusuz gecələr, bilik və bacarıqları ortaya qoymaq, əlindən gələni və gəlməyəni, eləcə də bütün imkanlarını səfərbər etmək, lazım olduğu təqdirdə canını əsirgəməmək anlamına gəlir.
- Vətən müharibəsinə nə vaxt qatıldınız?
- Vətən Müharibəsinin ilk günündən qatıldım. Onda Silahlı Qüvvələrdə zabit olaraq xidmət edirdim. O zaman arxa cəbhədəydim. Oktyabrın 5-dən isə döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə ön cəbhəyə ezam olundum. Ön cəbhədə xidmət edən həkimlərimizə dəstək olmaq üçün göndərildim.
- Ən təsirli məqamı necə xatırlayırsınız?
- Anam sentyabrın 20-dən xidmət etdiyim hospitalda ağır vəziyyətdə müalicə alırdı. Sentyabrın 25-dən isə süni tənəffüs aparatına qoşulmuşdu. Vətən müharibəsinin ilk günündən hospitalımız tam hazırlıq vəziyyətinə gətirildi. Ən təsirli məqamı xatırlamaq həqiqətən də mənim üçün çox çətindir. Qərar verməli idim. Öz anamı yaralı əsgərləri qəbul etmək üçün süni tənəffüs aparatından ayırmaq qərarını verdim. Bu mənim üçün çox kədərli bir gün idi. Anam haqq dəryasına qovuşdu. Amma buna baxmayaraq mən həkim olaraq xidməti davam etdirdim. Bu mənim həyatımda həm müharibənin təlatümünün gətirdiyi bir ağrı idi, həm də bir övladın belə qərar verməsi acınacaqlı idi. Müharibə fəlakətdir. Belə bir halda anamı itirməyim də mənim üçün psixoloji bir sarsıntı idi. Amma buna baxmayaraq özümü toparlayaq rəhbərliyin verdiyi tapşırıqları bütün səylərimlə yerinə yetirdim. Ayaqda durmağı bacardım, əlimdən gələni əsirgəmədim.
- Ən ağır vəziyyətdə olan xəstəniz kim idi?
- 18 yaşlı əsgərlərdən biri idi. Qarın boşluğuna böyük bir qəlpə daxil olmuşdu. Qəlpənin xaric edilməsi, bağırsağın işlənməsi əməliyyatı 6 saat çəkdi. Əsgəri xilas edə bildik. Ağdam hospitalında olanda aşağı ətrafları amputasiya olunmuş gənc bir əsgər də xatirimdədir.
- Sizin üçün ən unudulmaz an nə idi?
- Gecə saatları idi. Tarixi dəqiq xatırlamıram. Ağdam hospitalından Naftalan hospitalına gedirdik. Yol kənarında mərminin dağıtdığı yolda bir nəqliyyat vasitəsi yolumu kəsdi. Onlar rayon sakinləri idi. Özləri ilə gətirdikləri ərzaq vasitələrini, isti geyimlər olan qutuları yardım məqsədilə bizə verdilər. Bu anlar unudulmazdır. Bütün Azərbaycan xalqı səfərbər olub cəbhəyə yardımlarını əsirgəmirdilər.
- Hərbçilərimizin ilkin tibbi bilikləri necə idi?
- Ermənilərin itkiləri bizim itkilərimizdən 3-4 dəfə çox idi. Bu rəqəmlər bizim hərbçilərimizin hazırlığının, döyüş təcrübəsinin, ilkin tibbi biliklərinin hansı səviyyədə olmasından xəbər verir.
- Sizə vəsiyyət edən oldumu?
- Düzdür, vəsiyyət edən olmayıb. Amma bir məqamı xatırlayıram. Naftalanda yerləşən səhra hospitalında şəhidlərimiz gətirildi. Şəhidlərin üst geyim formalarının ciblərində giliz içərisində özləri haqqında məlumat olur. Şəhid olan əsgərlərdən birinin cibində bununla yanaşı, "Təki Vətən sağ olsun!” yazısı olan kiçik vərəq parçası da gördüm. Sanki həmin əsgər şəhid olacağını öncədən bilirdi. Bu an heç vaxt yaddaşımdan silinməyəcək.
- Müharibə zamanı ailəniz sizə necə dəstək olurdu?
- Anamı itirmişdim, müharibə və COVİD-19 infeksiyasının tüğyan elədiyi bir zaman idi. Həyat yoldaşım, iki övladım hər zaman ürək-dirək verirdilər. Ailəmin hər zaman dəstəyini hiss etmişəm.
- Qazilərimizə, şəhid ailələrinə sonda nə demək istəyirsiniz?
- Şəhid olan həmkarlarıma Allahdan rəhmət diləyirəm. Şəhidlərimiz və qazilərimiz qürur mənbəyimizdir. Onlar həqiqətən də qəhrəmandır. Bayrağımız ucalırsa, fəxrlə Azərbaycanlıyıq deyiriksə, hamısı onlara görədir.