Quba-Xaçmaz Regional Təhsil İdarəsində direktor rotasiyası: qaydalar kağız üzərində, reallıq isə başqa | FOTOfakt

Gündəm / Seçilmişlər
Bu gün, 09:57 128
Quba-Xaçmaz Regional Təhsil İdarəsində direktor rotasiyası: qaydalar kağız üzərində, reallıq isə başqa | FOTOfakt

Öncəki yazılarımızda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrində direktorların iş yerinin dəyişdirilməsi prosesində ciddi qanun pozuntularının mövcudluğu ilə bağlı anons vermişdik.

Mövcud Rotasiya Qaydalarına əsasən, direktorların iş yerinin dəyişdirilməsi və ya çalışmanın yaş həddinə çatmış direktorlarla bağlanmış əmək müqaviləsinin uzadılması barədə yerli təhsili idarəetmə orqanlarının Elm və Təhsil Nazirliyinə ünvanladığı təqdimatlar konkret göstəricilər və təhlillər əsasında aparılmalıdır. Bu göstəricilərə namizədin dövlət təltifinin olması, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuzu, son bir il ərzində intizam tənbehi almaması, son üç ildə rəhbərlik etdiyi məktəbin IX sinif buraxılış imtahanlarında müsbət dinamikanın müşahidə olunması, məzunların ali məktəblərə qəbul göstəricilərində artım, eləcə də respublika və beynəlxalq fənn olimpiadalarında şagird nailiyyətləri daxildir.

Lakin faktlar göstərir ki, bəzi məktəblərdə bu qaydalar kobud şəkildə pozulub.

Belə ki, 450 nəfər şagird kontingenti olan Quba şəhər 7 nömrəli tam orta məktəbin direktoru Paşa Süleymanovun 1050 nəfər şagird kontingenti olan Quba şəhər 4 nömrəli məktəb-liseyə rotasiya edilməsi ciddi suallar doğurur. mekteb.edu.az portalında 7 nömrəli məktəbin son üç illik nəticələrinə nəzər saldıqda hər hansı yüksək göstəricinin olmadığı açıq şəkildə görünür.


Oxşar vəziyyət Xaçmaz rayonunun Sayad kənd tam orta məktəbinin keçmiş direktoru Elməddin Məmmədovun rotasiyası zamanı da müşahidə olunur. 200 nəfərlik şagird kontingenti olan Sayad kənd məktəbindən 950 nəfərlik şagird kontingenti olan Qusarçay kənd tam orta məktəbinə rotasiya olunan direktorun rəhbərlik etdiyi məktəbdə son üç il ərzində nə IX, nə XI sinif buraxılış imtahanlarında, nə də fənn olimpiadalarında müsbət nəticələr qeydə alınıb.






Bu halda, heç bir nəzərəçarpan göstəricisi olmayan məktəblərin direktorlarının daha böyük və strateji əhəmiyyətli məktəblərə hansı meyarlarla rotasiya edildiyi sualı aktuallaşır.

Maraqlı məqamlardan biri də 28 yanvar 2026-cı il tarixdə Xaçmaz şəhər 7 nömrəli Liseydə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevin ümumi təhsil müəssisələrinin rəhbərləri ilə keçirdiyi görüş zamanı baş verənlərdir. Həmin görüşdə regional təhsil idarəsinin İnzibati Təşkilat sektorunun müdiri Fikrət Heybətova yaxınlığı ilə seçilən Qusarçay kənd tam orta məktəbinin direktoru Elməddin Məmmədovun Coşqun Əliyev və Tədrisin Keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova tərəfindən distant təhsilin təşkili üçün şərait yaratması səbəbilə xüsusi təriflənməsi diqqət çəkib.

Burada isə yeni suallar yaranır: distant təhsil üçün şərait niyə yeni tikilmiş, maddi-texniki bazası daha güclü olan İstisu və digər məktəblərdə yox, məhz Qusarçay kənd tam orta məktəbində yaradılıb? Bu hal direktorun fəaliyyəti dövründə nəticələrin “yüksək” olması iləmi izah edilir? Yoxsa əsas səbəb ictimaiyyətə açıqlanmayan başqa maraqlardır? Görəsən bu təriflər Elməddin Məmmədovun daha yüksək vəzifəyə irəli çəkiləcəyinə bir işarədirmi?

Bütün bu qaranlıq məqamların cavabını, eləcə də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan digər məktəblərdə direktor rotasiyası zamanı nəzərə alınan (və ya alınmayan) göstəriciləri növbəti yazılarımızda ictimaiyyətin diqqətinə çatdıracağıq.

Qeyd edək ki, Bakunews.az olaraq məsələdə adı çəkilən şəxslərin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin də mövqeyini dərc etməyə hazırıq. Qarşı tərəf mövzu ilə bağlı mövqeyini redaksiya ilə paylaşa bilər.

BakuNews.az