Səfərbərlik Xidməti üçün satınalmalarda ehtimal qiyməti işləmir - ARAŞDIRMA
Gündəm / Aktual
Bu gün, 15:32
19
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən güllərin (təbii gül və gül kompozisiyaları) satın alınması üzrə 26.01.2026-cı ildə başlanılmış kotirovka sorğusuna 04.03.2026-cı ildə yekun vurulub. Müsabiqənin qalibi “FLORIKA” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 32.992,8 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.
Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən nəzərdə tutulmuş güllərin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda ehtimal olunan qiyməti 65.732,00 manat müəyyən edilib.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi satınalan təşkilat olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “FLORIKA” MMC-nin təklif etdiyi qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.
Qeyd edək ki, ehtimal olunan qiymət satınalma prosedurunda mal, iş və xidmətlərin vergi və rüsumlar daxil olmaqla bazar şərtlərinə əsasən müəyyən edilən maksimum dəyəridir. Bu qiymət satınalan təşkilat tərəfindən təkliflərin qiymətləndirilməsi üçün istifadə edilir və bazarın təhlili, müqayisəli üsullar və ya statistik məlumatlar əsasında hesablanır və dövlət vəsaitlərindən səmərəli istifadə məqsədilə 10 faizdən çox güzəştə yol vermək olmaz.
Amma göründüyü kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti kotirovka sorğusu müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faiz qiymət təqdim etmiş “FLORIKA”MMC ilə satınalma müqaviləsi bağlamağı nəzərdə tutur ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.
Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti analoji hala 2025-ci ildə də yol vermişdir. Belə ki, Dövlət Xidməti 12.06.2025-ci ildə “FLORIKA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə güllərin (təbii gül və gül kompozisiyaları) satın alınması üzrə 29.320 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.
Bu kotirovka sorğusu üzrə də ehtimal olunan qiyməti 61.203,06 manat müəyyən edilib. Buna baxmayaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Satınalma Komissiyası ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faiz qiymət təqdim etmiş “FLORIKA”MMC ilə satınalma müqaviləsi bağlamışdır.
Göründüyü kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə “FLORIKA” MMC arasında bağlanmış satınalma müqavilələrində satın alınan malların qiyməti Qanunun tələb etdiyi ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağıdır. Bu da keçirilmiş satınalma prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaratmaqla bərabər, satın alınacaq malların keyfiyyət göstəricilərinin aşağı olma ehtimalını da artırır.
Rəsmi məlumatlarda “FLORIKA” (VÖEN: 1308295601) Məhdud Məsuliyyətli Cəmiyyətinin 27.04.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, ZAHİD XƏLİLOV, ev.101, m.50, qanuni təmsilçisi kimi isə Əliyev Toğrul Firon oğlu qeyd olunub.
Açıq mənbələrdə “FLORIKA” MMC nin barəsində heç bir məlumat yoxdu. “İnsagram” sosial şəbəkə platformasındakı səhifədə dekorativ sünii güllərin satışı göstərilir.
Göründüyü kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əməl etmədən müqavilələr bağlamışdır. Bu isə dövlət vəsaitlərindən səmərəli istifadəsindən daha çox qanun pozuntusudur. Sözügedən quruma dövlət satınalmalarında yol verilmiş yuxarıda göstərilən qanun pozuntularına aydınlıq gətirilməsi məqsədi ilə ünvanladığımız sorğu cavabsız qaldı. Ümid edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu qanun pozuntularına aydınlıq gətirəcək.
Aktualinfo.net
