İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR... - NARAZILIQ VAR...
Gündəm / Aktual
Bu gün, 11:41
11
Naxçıvan Dövlət Avtomobil Yolları Agentliyində maaşlar hər ay gecikir, işçilər isə kredit faizləri ilə üz-üzə qalırlar. Qurum əməkdaşlarının “Gündəlik Naxçıvan”a bildirdiyinə görə, əvvəllər ayın əvvəlində verilən əməkhaqları indi çox vaxt ayın 20-dən sonraya saxlanılır.
Agentlik rəhbərliyi isə gecikməni Maliyyə Nazirliyindən vəsaitin gec ayrılması ilə əlaqələndirir.
İşçilər deyirlər ki, maaşların gecikməsi kredit ödənişləri, kommunal xərclər və ailə ehtiyacları ilə bağlı ciddi problemlər yaradır. Onların sözlərinə görə, kreditlərini vaxtında ödəyə bilmədikləri üçün banklara əlavə faiz ödəməyə məcbur qalırlar.
Şikayətçilər bildirirlər ki, bayram günləri ərəfəsində digər dövlət idarə və müəssisələrinin əməkdaşları maaşlarını alsalar da, Agentliyin işçilərinə ödənişlər vaxtında verilməyib. Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə müraciət etsələr də, problem hər ay təkrarlanır:
“Bizə deyirlər ki, maaşlarla bağlı bütün sənədlər vaxtında Maliyyə Nazirliyinə təqdim olunur, lakin vəsait gec ayrılır. Nəticədə hər ay eyni vəziyyət yaranır. Ailəmiz, övladlarımız var, çoxumuzun bank krediti mövcuddur. Maaş gecikəndə ödənişlərimizi edə bilmirik, əlavə problemlərlə üzləşirik. Əvvəllər maaşlar hər ayın 1-də verilirdi.
Kredit götürənlər də ödəniş tarixini buna uyğun hesablayıblar. İndi maaşları yubadıb hər ayın 20-dən sonra verirlər. May ayının sonu bayram idi, hətta bayramda belə maaşları vermədilər, bayramdan sonraya saxladılar.”
İşçilər aidiyyəti qurumlardan problemin həlli üçün tədbir görülməsini istəyirlər.
