Azərbaycanlılar Tbilisi vağzalında qalıb - Qatar biletləri tapılmır, ADY cavab vermir...

Gündəm / Aktual
Bu gün, 18:04 14

Bakı-Tbilisi istiqamətində qatar biletlərinin tapılmaması ilə bağlı narazılıqlar davam edir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, iyul ayı üçün qatar biletlərinin böyük hissəsi artıq tükənib və sərnişinlər geri dönüş bileti əldə etməkdə ciddi çətinliklərlə üzləşirlər.

Bizimesr.com bildirir ki, bu barədə Sosial Təşəbbüs MMC-nin eksperti Emil Maqalov paylaşım edib.

Onun sözlərinə görə, hazırda Gürcüstana təyyarə ilə gediş-dönüş biletlərinin qiyməti təxminən 400-500 manat arasında dəyişir. Qatar biletləri isə bəzi hallarda daha baha başa gəlir və ya ümumiyyətlə tapılmır.

"İnanmayanlar Azərbaycan Dəmir Yollarının rəsmi səhifəsindən yoxlaya bilərlər. İyul ayı üçün demək olar ki, bilet yoxdur. Hazırda yalnız müəyyən tarixlərə məhdud sayda bilet tapmaq mümkündür. Məsələn, 22 iyul tarixinə bilet almaq olar. Lakin həmin tarixdə gedən sərnişinin geri qayıtması üçün bilet tapılmır", – deyə Emil Maqalov bildirib.

Ekspert hesab edir ki, mövcud vəziyyət sərnişinlər üçün ciddi problemlər yaradır:"Əgər bu işi idarə etmək mümkün deyilsə, məncə quru sərhədlərin açılmasının vaxtı çatıb. Əgər qatar daşımaları ilə bağlı qərar verilibsə, bu sistem sərnişinlərin ehtiyaclarını qarşılayacaq şəkildə qurulmalıdır. Biletlərin qiymətlərinə baxmaq kifayətdir. Görək onlar həqiqətən təyyarə biletlərindən ucuzdurmu?"

Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar biletlərinə tələbat kəskin artıb. Bir çox sərnişinlər bilet satışa çıxarıldığı ilk günlərdə belə istədikləri tarixlərə yer tapa bilmədiklərini bildirirlər.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarının mövqeyini dərc etməyə hazırıq.

VİDEO LİNKDƏ; https://www.bizimesr.com/az/post/azerbaycanlilar-tbilisi-vagzalinda-qalib---qatar-biletleri-tapilmir-ady-cavab-vermir-22300