Masallıda “Torpaq Terroru”: Eynulla və Soltan Cütlüyünün Qanunsuzluqlarına Kim Arxa Durur? VİDEO
Gündəm / Aktual
Bu gün, 10:50
8
Əvvəlki yazılarımızda Masallı rayon Əmlak Komitəsinin iki əməkdaşı – Soltan və Eynulla adlı məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə edərək törretdikləri qanunsuzluqlar barədə faktları ictimaiyyətin diqqətinə çatdırmışdıq.
Hər kəsə bəllidir ki, Masallı rayon Əmlak Komitəsi birbaşa Cəlilabad Regional Əmlak Komitəsinə tabedir. Lakin bu vaxta qədər mətbuatda gedən rəsmi ittihamlara və vətəndaş şikayətlərinə nə Cəlilabad Regional İdarəsindən, nə də Bakıdakı Baş İdarədən heç bir reaksiya verilməyib.
Bu lal sükut nəyin göstəricisidir?
Bu durum yalnız bir həqiqəti ortaya qoyur: Eynulla və Soltan cütlüyünün qeyri-qanunlu yollarla satdığı torpaqlardan əldə olunan vəsaitlərə həm Masallı rayon Əmlak Komitəsinin rəhbərliyi, həm də Cəlilabad Regional Əmlak Komitəsi şərikdir!
Bunun başqa bir adı və ya ağlabatan izahı yoxdur. Əgər ortada bir "gözügölgəlilik", gizli bir maraq olmasaydı, adları korrupsiyada və qanunsuz torpaq alverində hallanan bu iki məmur barəsində çoxdan ciddi intizam tədbirləri görülərdi.
Baş idarənin və regional rəhbərliyin bu korluq və karlığı, faktiki olaraq cinayətə şərik olmaq deməkdir.
Məsələnin digər acınacaqlı tərəfi isə rayondakı ali dövlət nümayəndəliyinin mövqeyidir.
Çarəsiz qalan və torpaqları əllərindən alınan vəsəndaşlar bu qanunsuzluqlarla bağlı Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz müəllimə müraciət ediblər. İcra başçısının cavabı isə dövlət məmuruna yaraşmayan bir bəhanədən ibarət olub: "Biz o işə baxmırıq."
Çox gözəl, Araz müəllim! Bu işə siz baxmırsınız, bəs onda kim baxmalıdır?
Masallı rayonunda müəyyən parkların salınması, abadlıq işlərinin görülməsi təqdirəlayiq ola bilər, lakin hörmətli icra başçısı unudur ki, o, Cənab Prezidentin yerli icraedici nümayəndəsidir!
Rayon rəhbəri olaraq hər bir Masallı sakininin probleminə, şikayətinə və qarşılaşdığı haqsızlığa birinci dərəcəli məsuliyyət daşıyan şəxs məhz sizsiniz.
"Biz baxmırıq" deməklə arxasını vətəndaşa çevirmək, çarəsiz insanları dövlət idarələrinin qapılarında daha da böyük ümidsizliyə və çarəsizliyə sürükləməkdir.
Buradan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin və aidiyyatı komitələrin rəhbərliyinə açıq sual ünvanlayırıq: Vətəndaşları bu cür çıxılmaz vəziyyətə salan, dövlətin qanunlarını heçə sayan Eynulla və Soltan adında işçilərinizin bu özbaşınalıqlarına daha nə qədər göz yumacaqsınız?
Bu iki şəxs fəaliyyət göstərdikləri rayonda sanki bir "torpaq terroru" əsdirirlər. Suriyada İŞİD, Türkiyədə PKK hansı dağıdıcı fəaliyyətlə məşğuldursa, cənub bölgəsində – Masallıda da Eynulla və Soltan cütlüyü eyni sosial dağıdıcılığı həyata keçirir.
Unutmaq olmaz ki, terror təkcə silah çəkməklə, qan tökməklə olmur. Ən böyük terror – sadə insanların öz dövlətinə, ədalət tərəfdarı olan Dövlət Başçısına olan inamını, güvənini daxildən sarsıtmaqdır!
Vətəndaşda dövlətə qarşı narazılıq yaradan bu böyük xəyanətin və "torpaq terrorunun" ən birinci səbəbkarları isə:
Masallı rayon Əmlak Komitəsi,
Cəlilabad Rayon Regional Əmlak Komitəsi,
Və bu rüsvayçılığa səssiz qalaraq hələ də rəsmi tədbir görməyən Baş İdarədir!
Mətbuat olaraq bu mövzunu diqqətdə saxlayacaq və aidiyyatı hüquq-mühafizə orqanlarının Masallıdakı bu qanunsuzluq yuvasına nə vaxt hüquqi qiymət verəcəyini izləyəcəyik.
Sima Babayeva
TEREF
VİDEO LİNKDƏ: https://teref.net/manset/417108-masallida-torpaq-terroru.html