Ağdamda tarixi irs təhlükə altında! - GİLEY

Gündəm / Sosial
Bu gün, 09:55 11

“Balatəpə”nin ətəyində illərdir restoran fəaliyyət göstərir, aidiyyəti qurumlar hara baxır?
Tarixi abidələr xalqın yaddaşı, keçmişdən gələcəyə ötürülən mənəvi sərvətidir. Onların qorunması yalnız qanunvericiliyin tələbi deyil, həm də dövlətin və cəmiyyətin üzərinə düşən tarixi məsuliyyətdir. Lakin Ağdam rayonunun Əfətli kəndində yerləşən qədim arxeoloji abidələrdən biri “Balatəpə” kurqanı ilə bağlı ortaya çıxan vəziyyət bu məsuliyyətin nə dərəcədə yerinə yetirildiyi barədə ciddi suallar doğurur.
Ağdam-Ağcabədi avtomobil yolunun Əfətli kəndi ərazisindən keçən hissəsində yerləşən “Balatəpə”nin ətəyində torpaq qazıntısı aparıldığı, burada restoran inşa edildiyi və həmin obyektin artıq uzun illərdir fəaliyyət göstərdiyi bildirilir. Verilən məlumatlara əsasən, söhbət adi kommersiya fəaliyyətindən deyil, dövlət mühafizəsində olan arxeoloji abidənin yaxınlığında uzun müddətdir davam edən fəaliyyətdən və bunun tarixi irsə mümkün təsirlərindən gedir.
Azərbaycan Respublikasında dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin rəsmi siyahısına nəzər saldıqda Əfətli kəndinin arxeoloji baxımdan əhəmiyyətli məkan olduğu aydın görünür. Belə ki, kənd ərazisində iki mühüm arxeoloji abidə – Şümürlütəpə və Balatəpə kurqanları qeydə alınıb.
Bu kurqanlar Qarabağ ərazisində qədim insanların məskunlaşması, dəfn adətləri və maddi mədəniyyəti haqqında məlumat daşıyan mühüm tarixi irs nümunələridir. Başqa sözlə, Əfətli kəndində söhbət sadəcə torpaq sahələrindən və yüksəkliklərdən deyil, minilliklər əvvəlki həyatın izlərini qoruyub saxlayan arxeoloji irsdən gedir.
Belə bir ərazidə tarixi abidənin ətəyində restoranın illərdir fəaliyyət göstərməsi, ərazidə əvvəllər torpaq qazıntısı aparılması barədə məlumatlar, təbii olaraq, ciddi narahatlıq doğurur.
Dövlət qeydiyyatında olan arxeoloji abidənin yaxınlığında restoran hansı əsasla inşa edilib? Ərazinin mühafizə zonası müəyyən edilibmi? Obyektin tikintisi və sonrakı fəaliyyəti üçün müvafiq razılıq və icazələr alınıbmı? Torpaq qazıntısı zamanı arxeoloji irsə mümkün təsirlər araşdırılıbmı?
Azərbaycan Respublikasının “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunu tarixi və mədəni irsin qorunmasını hüquqi öhdəlik kimi müəyyən edir. Abidələrin mühafizə zonalarında onların qorunmasına təhlükə yarada biləcək fəaliyyətə qanunvericiliyin tələblərinə uyğun nəzarət edilməlidir.
Əgər “Balatəpə”nin ətəyində aparılmış qazıntı və restoranın inşası qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilibsə, bu, müvafiq hüquqi qiymətini almalıdır. Abidəyə zərər vurulubsa, məsuliyyət məsələsi də araşdırılmalıdır.
Burada diqqət ilk növbədə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yönəlir.
Bu qurumun əsas vəzifələrindən biri dövlət mühafizəsində olan tarix və mədəniyyət abidələrinin qorunmasını təmin etməkdir.
Dövlət qeydiyyatında olan abidənin ətəyində illərdir restoran fəaliyyət göstərirsə, aidiyyəti qurumun bundan xəbəri varmı? Əraziyə sonuncu dəfə nə vaxt monitorinq keçirilib? Restoranın yerləşdiyi sahənin abidənin mühafizə zonasına daxil olub-olmaması yoxlanılıbmı? Bu obyektlə bağlı indiyədək hər hansı araşdırma aparılıbmı?
Yoxsa tarixi abidələrə nəzarət yalnız sənədlərdə və hesabatlarda mövcuddur?
Mədəniyyət Nazirliyinin rəhbərliyi də bu suallara aydınlıq gətirməlidir. Tarixi irsin qorunması haqqında danışmaqla kifayətlənmək olmaz. Əsas məsuliyyət məhz belə hallarda özünü göstərməlidir.
Məsələ ilə bağlı Ağdam Rayon İcra Hakimiyyətinin də mövqeyi maraqlıdır. Restoranın yerləşdiyi torpaq sahəsinin hüquqi statusu, obyektin hansı əsasla inşa edilməsi və tikintiyə dair icazələrin olub-olmaması ictimaiyyətə açıqlanmalıdır.
Restoran kimə məxsusdur? Torpaq sahəsi hansı hüquqi əsasla ayrılıb və ya istifadəyə verilib? Obyektin inşasına və fəaliyyətinə hansı qurum tərəfindən icazə verilib? Abidənin mövcudluğu nəzərə alınıbmı?
Əgər restoran qanuni əsaslarla inşa edilib və fəaliyyət göstərirsə, bunun müvafiq sənədləri açıqlansın. Əgər qanun pozuntusu varsa, niyə indiyədək qarşısı alınmayıb?
Bu suallar cavabsız qalmamalıdır.
Ən narahatedici məqam odur ki, tarixi abidələrə münasibətdə bəzən təhlükə yalnız zərər artıq baş verdikdən sonra gündəmə gəlir. Halbuki mühafizənin əsas məqsədi dağıntıdan sonra tədbir görmək deyil, dağıntının qarşısını əvvəlcədən almaqdır.
Bu səbəbdən “Balatəpə”nin ərazisində təcili monitorinq keçirilməli, restoranın yerləşdiyi sahənin abidəyə və onun mühafizə zonasına təsiri qiymətləndirilməli, obyektin tikintisinə və fəaliyyətinə dair sənədlər yoxlanılmalıdır. Qanun pozuntusu müəyyən edilərsə, müvafiq hüquqi tədbirlər görülməlidir.
Söhbət kimisə sübutsuz şəkildə cinayətdə ittiham etməkdən getmir. Söhbət dövlətin qorumağa götürdüyü tarixi sərvətin taleyindən və bu sərvətin qorunmasına cavabdeh olan şəxslərin məsuliyyətindən gedir.
Tarixi abidənin ətəyində restoranın illərlə fəaliyyət göstərməsi özlüyündə ciddi araşdırma tələb edən məsələdir. Əgər bu fəaliyyət abidənin mühafizə tələblərinə ziddirsə, kommersiya maraqları tarixi irsin qorunmasından üstün tutula bilməz. Bu gün qorunmayan tarixi irsi sabah heç bir hesabatla geri qaytarmaq mümkün olmayacaq.
Ağdam-Ağcabədi avtomobil yolunun kənarında yerləşən bu tarixi irs nümunəsi hər gün insanların gözü qarşısındadır. Görəsən, həmin yoldan keçənlərdən fərqli olaraq, onun qorunmasına cavabdeh olan qurumlar bu vəziyyəti görmürlərmi? Restoran illərdir fəaliyyət göstərirsə, bütün bu müddət ərzində mühafizə və nəzarət mexanizmləri necə işləyib?
İndi əsas sualın cavabı aidiyyəti qurumların cavabındadı. İctimaiyyət konkret araşdırma və əməli tədbir gözləyir. Tariximizə sahib çıxmaq üçün sabahı gözləmək olmaz!
Rəhim/FRAKSİYA.az