"Burda qiymətlər həddindən artıq yüksəkdir" - XİDMƏTSƏ... SIFIR!

Gündəm / Sosial
Bu gün, 12:11 14

"Deluxe Park Qusar! Çox böyük məyusluq. Ailəvi istirahət üçün qətiyyən tövsiyə etmirəm!.." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında Kamran Şabanov adlı istifadəçi yazaraq gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Biz ailəlikcə — mən, həyat yoldaşım, yeni doğulmuş körpəmiz və 6 yaşlı qızımızla Qusar rayonuna istirahətə getmişdik. Məqsədimiz ailəlikcə bir neçə sakit və xoş gün keçirmək idi.
7 il əvvəl Yeni il vaxtı məhz bu yerdə istirahət etmişdim və o zaman çox yaxşı təəssüratla ayrılmışdım. Elə buna görə də bu dəfə ailəvi istirahət üçün Park Qusarı (indiki Deluxe Park Qusar) seçdik.
Gəlməmişdən əvvəl otellə əlaqə saxlayıb xüsusilə bildirdik ki, yeni doğulmuş körpə ilə gəlirik. Bizə 3 nəfərlik kottec və ya 2 nəfərlik + əlavə çarpayılı variant lazım olduğunu əvvəlcədən danışdıq. Hər şey razılaşdırıldı və bir günlük ödəniş məbləğində — 170 AZN ilkin ödəniş etdik. Onların tariflərinə görə həftəiçi qiymət 170 AZN, həftəsonu isə 230 AZN idi.
Gəldikdə isə qalan məbləğin hamısını ödədim.
Bizə verilən kottec ərazinin ən yuxarı hissəsində yerləşirdi. Maşınla olduğumuz üçün bu, bizim üçün ən böyük problem olmadı. Amma maşınsız, xüsusilə uşaq arabası ilə ərazidə hərəkət etmək kifayət qədər çətin olardı.
Kottecə qalxmaq üçün çox uzun və hündür pilləkənlərdən keçmək, daha sonra isə dik taxta pilləkənlə qalxmaq lazım idi. Üstəlik, bəzi pillələr ümumiyyətlə sınıq vəziyyətdə idi. Yeni doğulmuş körpə ilə gələn ailə üçün bu, heç də rahat və təhlükəsiz deyil.
Amma bunlar içəridə bizi gözləyənlərin yanında xırda məsələ imiş.
Kottecdə işıq çox zəif idi. Hamam otağı çirkli vəziyyətdə idi: unitazda sarı ləkələr, çirkli lavabo, ləkəli güzgü. Yataq dəsti səliqəli şəkildə yığılmışdı, amma əvvəlki qonaqlardan qalan saçlarla dolu idi. Yastıqlarda pomada və tonal krem ləkələri var idi. Ümumiyyətlə, hər yerdə toz hiss olunurdu.
Dərhal zəng edib problemi bildirdim.
Bizə 4 nəfərlik daha böyük kottec təklif etdilər. Amma orada da təmizliklə bağlı vəziyyət yaxşı deyildi. Üstəlik, yataq otağı ikinci mərtəbədə yerləşirdi və içəridə pilləkən var idi. Yeni doğulmuş körpə ilə bizim üçün bu variant da uyğun deyildi.
Təklifdən imtina etdim və ilk kottecin təmizlənməsini xahiş etdim. Dedilər ki, kotteci təmizləyəcəklər və sabah bizə uyğun başqa variant təklif edəcəklər.
Biz də razılaşdıq və gözləmək üçün restorana getdik.
Restoran da ayrıca məyusluq oldu — qiymətlər baha, yeməklər isə dad baxımından çox zəif idi.
Saat təxminən 22:00-da kottecə qayıtdıq. Yataq dəstini dəyişmişdilər. Ləkələr artıq yox idi, amma saçlar hələ də var idi. Yastıqları da yalnız dəyişmişdilər.
Hamam otağı isə demək olar ki, əvvəlki vəziyyətdə qalmışdı.
Yenidən işçiləri çağırdım və onlar mənim yanımda xüsusi təmizləyici vasitə ilə hamamı təmizləməyə başladılar. Daha sonra güclü kimyəvi qoxuya görə otağı havalandırmaq lazım gəldi.
Nəhayət, saat 23:00 radələrində qərara gəldik ki, qalırıq və yatmağa gedirik.
Səhəri gün bizə yenə içərisində pilləkən olan eyni variantı təklif etdilər.
Bu zaman başa düşdüm ki, bizim əsas problemimizə — yeni doğulmuş körpə ilə rahat və təhlükəsiz yerləşmə məsələsinə ciddi yanaşılmayıb.
Uzun yoldan sonra istirahət etmək əvəzinə ilk gündən təmizlik, kottec, pilləkənlər, otaq dəyişmək və personal ilə problemləri həll etməklə məşğul olduq.
Əhvalımız artıq ilk gündən tamamilə korlanmışdı.
Buna baxmayaraq, istirahətimizi tamamilə məhv etməmək üçün çatışmazlıqlara göz yummağa və qalan günləri sakit keçirməyə çalışdıq.
Alınmadı.
Səhər yeməyi çox çeşidli görünür, amma keyfiyyət çox aşağıdır. Sosislər yaxşı bişməmişdi, yumurtalardan xoşagəlməz qoxu gəlirdi. Şokolad, qatılaşdırılmış süd, bal və digər məhsulların keyfiyyəti də çox aşağı idi.
Bütün bunların fonunda qiymətlər isə sanki 4-5 ulduzlu otel səviyyəsindədir.
Daha bir xoşagəlməz məsələ isə erkən çıxış zamanı pulun hesablanması oldu.
Əvvəlcə 6 gün qalmağı planlaşdırmışdıq. Lakin problemlərə görə bazar günü səhər çıxmaq qərarına gəldik. Onların hesablamasına görə bazar ertəsi və bazar günü həftəiçi günlər hesab olunur və bizə 230 AZN yox, 170 AZN tarifindən geri ödəniş edildi.
Bu məsələdə də mübahisə etmədik.
Daha sonra şəhərə gedib başqa otel tapdıq və başa düşdük ki, burada daha bir gün qalmaq istəmirik. Geri qayıdıb artıq üçüncü gün — şənbə günü tamamilə çıxmaq qərarına gəldik.
Burada isə vəziyyət daha da maraqlı oldu. 
Şənbə artıq açıq şəkildə həftəsonudur. Buna görə həmin gün üçün 230 AZN tarifinin tətbiq olunacağını gözləyirdik.
Amma yenə bizə 170 AZN qaytarıldı.
İzah isə belə oldu ki, bizə bir həftəsonu günü hesablanıb və həmin həftəsonu günü cümə günü imiş.
Açığı, bu hesablamanın məntiqini hələ də başa düşə bilmədik. 
Amma həmin anda artıq mənim üçün əsas məsələ pul deyildi. Sadəcə mümkün qədər tez oradan çıxmaq istəyirdim.
Nəticədə planlaşdırdığımız 6 günlük istirahətin əvəzinə cəmi 2 gün qaldıq.
Daha sonra Qusar şəhərinin mərkəzində başqa bir otelə köçdük. Eyni qiymətə və tamamilə başqa səviyyədə xidmət aldıq və orada özümüzü çox rahat hiss etdik.
Ən çox təəssüf etdiyim məqam odur ki, mən bu yeri məhz 7 il əvvəlki yaxşı xatirələrimə görə seçmişdim. Təəssüf ki, indiki vəziyyət həmin xatirələrlə heç uyğun gəlmədi.
Yekun olaraq: çirkli otaqlar, təhlükəli və baxımsız pilləkənlər, keyfiyyətsiz və dadsız yeməklər, zəif xidmət, qonaqların iradlarına lazımi münasibətin göstərilməməsi və erkən çıxış zamanı anlaşılmaz pul hesablaması.
Bütün bunların qarşılığında isə qiymətlər kifayət qədər yüksəkdir.
Biz yeni doğulmuş körpə və 6 yaşlı uşağımızla sakit, rahat ailəvi istirahət üçün gəlmişdik. Nəticədə isə ilk gündən stress, məyusluq və korlanmış istirahətlə qarşılaşdıq.
Şəxsən mən Deluxe Park Qusarı ailəvi istirahət üçün QƏTİYYƏN TÖVSİYƏ ETMİRƏM!.."