“Bolt”un zayı çıxıb... - NƏ ETMƏLİ?
Gündəm / Dünya
Bu gün, 10:15
14
Son illərdə Azərbaycanda taksi fəaliyyətinin tənzimlənməsi, sürücülərin sertifikatlaşdırılması və imtahanlardan keçirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunub. Bu dəyişikliklərin əsas məqsədlərindən biri taksi xidmətinin keyfiyyətini yüksəltmək, sərnişinlərin təhlükəsizliyini təmin etmək və sürücülərin peşəkarlıq səviyyəsini artırmaqdır.
Lakin taksi xidmətlərindən istifadə edən vətəndaşların sosial şəbəkələrdə paylaşdığı narazılıqlar göstərir ki, bütün problemlər hələ də aradan qalxmayıb. Blogger Mehin Oktaylı da “Bolt” şirkətinin sürücülərindən narazılığını ifadə edib. O, sosial şəbəkədə paylaşdığı videoda bəzi sürücülərin davranışını, eləcə də avtomobillərin vəziyyətini sərt şəkildə tənqid edib.
“Sürücülərinizin yarısı çox bərbaddır. Maşınlarınız bərbaddır. “Biznes” çağırırsan, içi sınıq-salxaq maşın gəlir. Sürücülərinizin yarısının əlindən telefon düşmür, yola baxmırlar. Qəribə mahnılar qoyub, “avtoşluq” edirlər. Siz bu sürücüləri işə götürəndə onları nə üzrə test edirsiniz, necə işə alırsınız? Bir çoxu insanların həyatını riskə atırlar. “Komfort” və ya “Biznes” çağırırsan ki, rahat yol gedəsən. Amma sürücülərinizin əlindən necə rahat yol gedim?! Yolboyu içim əsir, əlimi sıxıram”, – deyə blogger bildirib.
Bu fikirlər taksi sürücülərinin işə qəbul prosesi, onların imtahandan keçirilməsi və sertifikatlaşdırılmasının real nəticələrinin nə qədər effektiv olması ilə bağlı suallar yaradır. Çünki son illərdə taksi fəaliyyəti ilə məşğul olmaq istəyən sürücülər üçün müəyyən tələblər tətbiq olunur və onların sertifikatlaşdırılması nəzərdə tutulur.
Bu halda isə sual yaranır: əgər sürücülər imtahandan keçirilirsə, niyə bəzi sərnişinlər hələ də sürücülərin davranışından, avtomobillərin texniki və xarici vəziyyətindən, eləcə də yol hərəkəti qaydalarına münasibətindən narazıdır? Bəs sertifikatlaşdırma və imtahanlar sürücülərin yalnız peşəkar sürücülük bacarıqlarını yoxlamaqla kifayətlənir, yoxsa onların sərnişinlə davranışı, etik qaydalara münasibəti və təhlükəsiz sürücülük vərdişləri də nəzərə alınır?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a danışıb. Ekspert qeyd edib ki, sertifikatlaşdırma və imtahanların əsas məqsədi sürücülərin yalnız sürücülük bacarıqlarını deyil, həm də taksi sahəsində peşəkar fəaliyyət göstərməsini, etik qaydalara əməl etməsini və mövcud qanunvericiliyin tələblərinə uyğun davranmasını təmin etməkdir: “Əvvəlki dövrlərlə müqayisədə taksi fəaliyyətində sürücülərin davranışını daha müsbət qiymətləndirə bilərik. Məlumdur ki, əvvəlki illərdə sürücü-müştəri münasibətləri daha problemli idi. Ancaq hazırda da bəzi hallarda sizin qeyd etdiyiniz kimi, narazılıq doğuran vəziyyətlərə rast gəlinir.
Belə halların aradan qaldırılması üçün həm müvafiq dövlət qurumları, həm də taksi şirkətləri tərəfindən müştərilərin şikayət və müraciətlərinin qəbul edilməsi mexanizmləri yaradılıb. Müştəri sürücünün davranışından narazıdırsa, ilk növbədə istifadə etdiyi taksi şirkətinin operatoruna müraciət edə, eyni zamanda, taksi fəaliyyətini tənzimləyən dövlət qurumuna şikayət göndərə bilər. Qanunu pozan, müəyyən edilmiş qaydalara əməl etməyən sürücülərin müəyyənləşdirilməsi və taksi fəaliyyətindən kənarlaşdırılması prosesi də məhz müştəri məmnuniyyəti və daxil olan şikayətlər nəzərə alınmaqla həyata keçirilir".
