Xaçmazda fermerləri KİM(LƏR) ÇƏTİN DURUMA SALIR?.. - NARAZILIQ VAR!

Gündəm / Sosial
Bu gün, 16:14 23

Xaçmaz rayonunun Qaracəlli kəndindən olan fermer Seymur Abu Hamza aldığı şaftalı tinglərinin bir qisminin vəd edilən sorta uyğun olmadığını iddia edir.

Gununsesi.info xəbər verir ki, fermerin sözlərinə görə, o, təsərrüfatı üçün ümumilikdə 2100 ədəd şaftalı tingi alıb.

Tinglərin alınmasına və sonrakı üç il ərzində onların becərilməsinə ciddi maliyyə vəsaiti, əmək və vaxt sərf edib.

Lakin fermer bildirir ki, ağaclar məhsula düşdükdən və satış mərhələsinə çatdıqdan sonra təxminən 1400 ağacın əvvəlcədən vəd edilən sort olmadığı məlum olub.

Məsələ ilə bağlı fermerin təqdim etməyə hazır olduğu WhatsApp yazışmaları və səs yazılarının da olduğu bildirilir.

Fermer qeyd edir ki, zərurət yaranacağı təqdirdə həmin materialları araşdırılması üçün aidiyyəti dövlət qurumlarına təqdim etməyə hazırdır.

Fermerin sözlərinə görə, məsələdə Agro Plant MMC, eləcə də Gürkan Baş və Anar Hüseynlinin adları keçir.

Seymur Abu Hamzanın əsas narahatlığı isə problemin yalnız onun təsərrüfatı ilə məhdudlaşmaması və gələcəkdə digər fermerlərin də analoji vəziyyətlə üzləşə bilməsidir.

Fermer hesab edir ki, tinglər fermerlərə satılmazdan əvvəl onların sort xüsusiyyətləri, mənşəyi, sertifikatları, müvafiq sənədləri və keyfiyyəti ciddi şəkildə yoxlanılmalıdır.

O həmçinin bildirir ki, Qaracəlli kəndində təxminən 20 hektar ərazidə, eləcə də Quba rayonunda yeni meyvə tinglərinin yetişdirildiyi barədə məlumat var. Fermer həmin tinglərin istehsalı, sortu, mənşəyi, sertifikatlaşdırılması və satışına dair məsələlərin aidiyyəti qurumlar tərəfindən araşdırılmasını xahiş edir.

Fermerin fikrincə, bu kimi məsələlər vaxtında araşdırılmalı, tinglərin keyfiyyətinə və sort uyğunluğuna nəzarət gücləndirilməlidir. Onun sözlərinə görə, məqsəd təkcə özünün üzləşdiyi problemin həlli deyil, digər fermerlərin də illərlə əmək və vəsait sərf etdikdən sonra analoji problemlə qarşılaşmasının qarşısını almaqdır.

Seymur Abu Hamza Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və digər aidiyyəti qurumlara müraciət edərək məsələnin araşdırılmasını, tinglərin mənşəyi və sort xüsusiyyətlərinin yoxlanılmasını, həmçinin ting bazarında nəzarət mexanizmlərinin gücləndirilməsini xahiş edir.

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı adı çəkilən şirkət və şəxslərin mövqeyini öyrənmək üçün onlara müraciət edilə bilər.

Qarşı tərəfin açıqlaması daxil olduğu halda, xəbər yenilənəcək.