Arxalı olmasa “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MMC iki ilə 250 milyonluq tender uda bilərdimi
Gündəm / Dünya
Bu gün, 11:38
14
“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən 05 may 2026-cı il tarixində Zəngilan rayonu, Zəngilan kənd yaşayış məntəqəsində fərdi yaşayış evləri, çoxmənzilli binalar və mühəndis kommunikasiya sistemlərinin tikinti-quraşdırma işlərinin satın alınması üçün keçirilən açıq tenderdə “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuş və həmin şirkətlə 72.676.870,15 AZN (yetmiş iki milyon altı yüz yetmiş altı min səkkiz yüz yetmiş manat, 15 qəpik) məbləğində müvafiq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Məlumat satınalmaların portalında 01.10.2026-cı ildə dərc edilib.
Qeyd edək ki, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Zəngilan rayonu, Zəngilan kənd yaşayış məntəqəsində qeyri-yaşayış binalarının tikinti-quraşdırma işlərinin satın alınması üzrə 27.02.2026-cı ildə başlanmış açıq tenderdə də “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MMC-ni qalib seçib. Tərəflər arasında 9.057.060,71 manat dəyərində müqavilə 15.09.2026-cı ildə bağlanılıb.
Ümumiyyətlə isə, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 23.04.2024-cü ildən 19.09.2025-ci ilə qədər “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MMC ilə ümumi dəyəri 172 435 175 manat olan 4 satınalma müqaviləsi bağlayıb.
Bundan 114.499.593,2 manat dəyərində müqavilə KESZ Group Azerbaijan MMC və 19 Saylı Tikinti Təmir İdarəsi MMC konsorsiumu ilə bağlanııb. Qeyd edək ki, “KESZ GROUP AZERBAİJAN” MMC-nin hüquqi ünvanı CƏBRAYIL RAYONU, CƏBRAYIL şəhəridir. Nizamnamə kapitalı 50000 manat olan MMC-nin qanuni təmsilçisi Macarıstan vətəndaşı IZSO OTTO -dur.
Göründüyü kimi “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi son iki ildə “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MMC ilə ümumi dəyəri 250 milyon manatdan çox müqavilələr bağlayıb.
Bəs dövlət qurumunun qalib seçdiyi “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı nə kimi məlumatlar var? Bəs MMC bu dövlət sifarişlərini həyata keçirmək iqtidarındadırmı?
MMC-nin yaxınlarda yaradılan 19tti.az portalında yerləşdirilən məlumatlarda bildirilir ki, şirkətimizin əsas fəaliyyət sahəsi olaraq yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi və təmiri, qazanxanaların və nasosxanaların tikintisi və avadanlıqlarla təchizatı, binaların elektrik xətlərinin, təsərrüfat-məişət kanalizasiya şəbəkəsinin, sahədaxili və sahəxarici su xətlərinin çəkilməsi, abadlıq-yaşıllaşdırma işlərinin görülməsi və digər bütün növ tikinti quraşdırma işlərini qeyd edə bilərik.
“19 saylı Tikinti Təmir İdarəsi” MMC yüksək peşəkarlığa malik işçi kollektivinə, mühəndis-texniki heyətə və böyük maddi-texniki bazaya malik olmaqla yanaşı, eyni zamanda inşaat və memarlıq sahəsində baş verən bütün yenilikləri yaxından izləyərək tikinti prosesində özünəməxsus metod və texnologiyalardan istifadə edir.
Rəsmi mənbələrdə, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” (VÖEN:4700367351) Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.04.2011-ci ildə 3 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 890 000 manat olan MMC-nin hüquqi ünvanının QUSAR RAYONU, QUSAR Ş, KARL MARKS, ev 67, (MMC-nin faktiki hüquqi ünvanı Bakı şəhəri. Ələsgər Qayıbov küç 17-də yerləşir)qanuni təmsilçisinin isə Aslanov Loğman Fərəc oğlu olduğu göstərilir. Hüquqi şəxslərin reyestrinə daxil edilmiş məlumatlarda Qarayev Ramil İsmayıl oğlu, Məmmədoğlu Ramil Ramiz oğlu, İsmayılov Elçin Mail oğlu da müxtəlif vaxtlarda MMC-nin qanuni təmsilçiləri olub.
Qeyd edək ki, MMC-nin bir şübhəli tərəfi qeydiyyatda olduğu hüquqi ünvanla bağlıdır. Dövlət Vergi Xidmətinin məlumatlarında MMC-nin hüquqi ünvanı QUSAR RAYONU, QUSAR Ş, KARL MARKS, ev 67 göstərilir. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Qusar rayonu, Qusar şəhəri Karl Marks (hazırda Rövşən Nurullayev) küçəsi 67 ünvanında MMC-nin müxtəlif vaxtlarda qanuni təmsilçiləri olmuş Qarayev Ramil İsmayıl oğlu, Məmmədoğlu Ramil Ramiz oğlu, İsmayılov Elçin Mail oğlu və Aslanov Loğman Fərəc oğlunun heç biri burada seçicilərin siyahısında yoxdur və ümumiyyətlə olmayıb.
Göründüyü kimi “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi sadəcə Qusar şəhərində dövlət qeydiyyatına alınmış, lakin Qusar şəhərinə heç bir bağlılığı olmayan şəxslərin başçılıq etdiyi şirkətlə işbirliyi qurub. Ucqar bir rayonda qeydiyyata alınmasına baxmayaraq sözügedən şirkətin arxasında daha güclü şəxslər dayanmasa belə iri həcmli layihələrdə iştirakı mümkün olmaz.
Qeyd edək ki, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Xidmətin Müşahidə Şurası tərəfindən təyin edilmiş Növrəs Qəhrəman oğlu Cəfərovdur.
Aktualinfo.net
