"Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - GİLEY
Gündəm / Aktual
Bu gün, 11:21
15
Şərurda üzərində İlham Əliyevin şəkli olan ənənəvi məktəbli kitabçalarının qəbul edilmədiyi bildirilir. Onların əvəzinə üzərində rayon məktəblərinin şəkilləri olan yeni gündəliklər təklif edilir. Valideynlərin sözlərinə görə, yeni gündəliklər əvvəlkilərdən ikiqat baha satılır.
Valideynlər bildirirlər ki, rayondakı “Kitab evi”ndə məktəblər üçün ayrıca gündəliklər hazırlanıb və şagirdlərə yalnız həmin gündəliklərdən istifadə etməli olduqları deyilib. Onlar Şərur şəhər 2 nömrəli tam orta məktəb üçün hazırlanmış gündəliyin şəklini “Gündəlik Naxçıvan”a təqdim ediblər.
Üç övladı həmin məktəbdə təhsil alan V.N. deyir ki, tətil vaxtı aldığı ənənəvi gündəliklər məktəb tərəfindən qəbul edilmədiyindən əlavə xərc çəkməyə məcbur olub:
“Gündəliklər rayondakı kitab evində hazırlanır və buna başçının qohumları nəzarət edir. Bizə deyirlər ki, yalnız məktəbin özü üçün hazırlanan bu gündəliyi almalıyıq. Başqa gündəlik keçərli sayılmır. Əvvəl istifadə etdiyimiz gündəlik 1 manat 50 qəpik idi, indi isə bunu 3 manata satırlar. Başqa gündəlik alanlara deyilib ki, qaytarsınlar. Yeni gündəliyin məcburi olduğunu bildirirlər.
Mən üç uşağımın gündəliyinə 4 manat 50 qəpik vermişdim. Bu pul heçə sayılır. İndi əlavə 9 manat verib onların dediyi gündəlikləri almalıyam.”
Adının açıqlanmasını istəməyən digər valideyn də yeni qaydadan narazıdır:
“Nəyə görə kiminsə cibini doldurmaq üçün gündəliyi məcburi şəkildə ikiqat qiymətə almalıyıq? Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər. Başqa gündəlik alanlara isə onu qaytarmaq tapşırılır. Bizə deyilənə görə, bu satışın arxasında rayon rəhbərliyinə yaxın şəxslər dayanır. Öz kommersiya maraqlarına görə bizi əlavə xərcə salırlar. Gündəlik monopoliyası yaradıblar. Düşünmürlər ki, camaat kasıbdır.”
