Nəsimi rayonunda gecə yarısı tikinti özbaşınalığı sakinlər bezdirib - Qanun nə deyir? - VİDEO

Gündəm / Sosial
Bu gün, 14:29 17

Bakının Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində (Zabitlər parkının arxasında) yaşayan sakinlər gecə saatlarında aparılan tikinti işlərindən əziyyət çəkirlər. Bizimesr.info-ya daxil olan şikayətə görə, gecə saat 04:30 radələrində çoxmərtəbli yaşayış binasında ağır texnikanın iştirakı ilə intensiv tikinti işləri aparılır və ətrafda güclü səs-küy var.

Sakinlər haqlı olaraq bildirirlər ki, qanunla müəyyən edilmiş səssizlik rejiminin belə kobud şəkildə pozulması aidiyyəti qurumların təcili müdaxiləsini tələb edir.

Gecə saatlarında tikinti aparılması hansı qanunla tənzimlənir?

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, yaşayış ərazilərində gecə saatlarında səs-küy salınması və tikinti işlərinin aparılması sət qadağalarla tənzimlənir. Qanunvericiliyə görə, saat 23:00-dan 07:00-dək yaşayış məntəqələrində, mənzillərdə və yaşayış binalarının yaxınlığında əhalinin dincəlməsinə və istirahətinə mane olan səs-küy salmaq qadağandır.

İnzibati Xətalar Məcəlləsinin 514-cü maddəsinə əsasən, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması, o cümlədən müəyyən olunmuş vaxtdan sonra səs-küylü işlərin görülməsi inzibati məsuliyyət yaradır və cərimə ilə nəticələnir.

Tikinti normativlərinə əsasən, yaşayış massivlərinə yaxın ərazidə tikinti aparılarkən təyin olunmuş desibel (səs) həddi aşılmamalıdır. Gecə saatlarında ağır texnikanın (betonqarışdıranlar, kranlar, ekskavatorlar və s.) işlədilməsi bu normanı birbaşa pozur.

Ümumiyyətlə, gecə saatlarında aparılan tikinti nəyin göstəricisidir?

Mütəxəssislərin və hüquqşünasların fikrincə, yaşayış binalarının yaxınlığında tikintinin məhz gecə yarısı (saat 04:30-da) aparılması bir neçə ciddi şübhə və qanunsuzluq göstəricisidir:

Qeyd olunur ki, çox vaxt icazə sənədləri qaydasında olmayan, tikinti normativlərinə cavab verməyən və ya icazəsiz mərtəbə artırılması həyata keçirən şirkətlər gündüz saatlarında aidiyyəti qurumların (Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) müfəttişlərinə və sakinlərin etirazlarına tuş gəlməmək üçün işləri gecə saatlarında gizli görməyə çalışırlar. Və ya bu tikintini aparan şəxslərə "gecə işləyin" kimi tapşırıqlar verilir.

Şəhər mərkəzində gündüz saatlarında ağır tonnajlı yük avtomobillərinin hərəkətinə məhdudiyyət olmasından sui-istifadə edərək, icazəsiz tikinti işlərini "fakt qarşısında qoymaq" məqsədilə sürətlə gecə həyata keçirirlər.

Sakinlər Nəsimi Rayon İcra Hakimiyyətindən, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən və Daxili İşlər Nazirliyindən Mərdanov qardaşları küçəsindəki bu özbaşınalığa müdaxilə olunması, tikintinin hüquqi sənədlərinin yoxlanılması və sakinlərin istirahət hüququnu pozan cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi tələb olunur.

Mövzunu diqqətdə saxlayacağıq.

VİDEO LİNKDƏ: https://www.bizimesr.info/az/post/nesimi-rayonunda-gece-yarisi-tikinti-ozbasinaligi-sakinler-bezdirib---qanun-ne-deyir---video-23940
Bizimesr.info